Erməninin sığındığı ölkə

18-09-2015, 10:33
0
Erməninin sığındığı ölkə

 

Son günlərin əsas müzakirə mövzularından biri də erməni müxalifətçi Vaan Emilyeviç Martirosyana Azərbaycanda siyasi sığınacaq verilməsi oldu. Məlumata görə bu şəxs  “Ermənistan Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəridir. Azərbaycanın Matirosyana qucaq açması əksəriyyət tərəfindən qəzəblə qarşılandı, sosial şəbəklələrdə aqressiv reaksiyalar verildi. Amma bir qrup insanlar da oldu ki, baş verənlərə siyasi baxımdan qiymət verilməsinin tərəfdarı kimi çıxış etdi, bu addımın Azərbaycanın imici üçün müsbət hal olduğunu əsaslandırmağa çalışdı.

Təbii ki, əgər Azərbaycan demokratik, hüquqi bir dövlət olsaydı, bu ölkədə vətəndaşlara yüksək qayğı göstərilsəydi, dünyada Azərbaycanın müsbət imici formalaşsaydı, Matirosyana qucaq açılmasının təbliğatını aparmaq olardı. Yəni, bütün dünyaya göstərərdik ki, Azərbaycanda insanpərvərlik hökm sürür, hətta düşmənin də hüququna hörmət edilir, biz sülhün tərəfdarıyıq, haqqı tapdanan erməniyə də qucaq açmağa hazırıq və.s

Amma real vəziyyət elədir ki, yüzlərlə Matirosyana siyasi sığınacaq versək də, bu bizə xal qazandırmayacaq. Çünki, mövcud hakimiyyətin siyasəti yalnız dövlətin imicinin zədələnməsinə xidmət edib və ölkədəki mənzərə aydın görünür

Ölkənin tanınmış ictimai-siyasi xadimlərinə “ermənipərəst” damağası vurub həbsə atırlarsa, ölkə vətəndaşı müxtəlif yollarla Avropadan sığınacaq almaq istəyirsə, 2 milyondan artıq vətəndaş Rusiyanın çöllərində “sığınacaq” almağa məcbur qalıbsa, Matirosyanla necə imic düzəltmək olar?

Ona görə də erməni müxalifətçiyə sığınacaq verilməsini qəzəblə qarşılayanları başa düşmək lazımdı. Bu ölkədə şəhid ailəsi uçuq komaya sığınır, Qarabağ qazisi sığınacağı olmadığı üçün  intihar edir, Qarabağ əlili saxta ittihamla həbs olunur, 13500 şəhid ailəsi sığorta pulunu ala bilmir və günün birində erməniyə sığınacaq verilir.

Digər tərəfdən təqiblərdən, təzyiqlərdən, həbs təhlükəsindən qorunmaq üçün Avropaya mühacirət etmiş insanlar var. Bu adamlar doğulduqları ölkəyə sığına bilmir. Öz vətəndaşına sığınacaq verməyən hökumət, erməni müxalifətçiyə sığınacaq verməklə hansı siyasi divident qazana bilər?

Məsələ burasındadır ki, hökumət  Matirosyanın Azərbaycana sığınmasını ölkənin inkişafı ilə əlaqələndirir. Hansıki, Azərbaycandan Avropaya mühacirət edənlərin sayı  10 minlərlə ölçülür və bu tendensiya güclənməkdədir.   Bəs, bunu nə ilə izah etmək olar? Axı, bu adamlar da Azərbyacanda dolana bilmədikləri üçün, təhsilsizlikdən, hüquqsuzluqdan əziyyət çəkdiklərinə görə ölkədən qaçırlar. Bugünə qədər Ermənistandan Azərbaycana pənah gətirənlər barmaqla sayılacaq qədərdi. Deməli, Avropanın  Azərbyacana qarşı arqumentləri daha güclü və əsaslıdır.

Öz ölkəndə müxalifətçiləri yaxınları ilə şantaj elə, cibinə narkotika at,  müxalifətçinin  qohumlarına “imtina ərizəsi” yazdır, sonra da erməni müxalifətçiyə sığınacaq verib “biz tolerantıq” təbliğatı apar.

Demək istəyirəm ki, problem kiməsə sığınıcaq verilməsi deyil, bu sığınacağı kimin verməsidir.  Yəni, erməninin sığındığı ölkə, 100 minlərlə vətəndaşın sığınacaq tapmadığı ölkədir. Bu ölkənin vətəndaşı dərdini deməyə ünvan tapmadığı üçün, körpüyə çıxıb intihar edir. Bu ölkədə 12 yaşlı məktəbli bir çantaya görə həyatına qıyır. Bu ölkədə insanlar dərd sığınacağına çevrilib.

Dövlətin imicini düşünən hakimiyyət hansısa erməninin müraciətini gözləməz. Dövlətin imicini yüksəltmək üçün şəffaf seçki keçirmək, neft gəlirlərini ədalətli bölmək, siyasi məhbusları azad etmək, inhisarlara son qoymaq, talançılıqdan əl çəkmək lazımdı. Yoxsa, Azərbaycana sığınmış erməniyə sığınmaqla gerçəyi dəyişdirmək mümkün deyil.

İlham Hüseyn

скачать dle 12.1