Üç günlük narahatlıq

18-09-2015, 11:34
0
Üç günlük narahatlıq

Gəlin hər şeyi qara rəngdə görməyək, müsbət işlərdən də danışaq, yazaq.

Məsələn, birini mən elə özüm yazım: təsəvvür edin, üç gündür ki, dərslər başlayıb, amma hələ də pul yığmayıblar!

Bəli, inanmaq çətindir. Amma faktdır. Mən də çaş-baş qalmışam, özümə gələ bilmirəm. Hər gün pul əlimdə gözləyirəm uşaq gəlsin, desin, atacan, muştuluğumu ver, 2 manatdan tabaşirpulu, 3 manatdan süpürgəpulu, 5 manatdan pərdəpulu, 10 manatdan sinif rəhbərinin oğlunun qayınatasının ad gününə təbrikpulu yığırlar.

Amma çifayda… üç gündür bu arzum puç çıxır, məlum olur, heç bir pulyığma-zad yoxdur. Arada fikirləşirəm, bəlkə bu gördüyüm yuxudur, özümü çimdikləyirəm, görürəm yox əşşi, yuxu-zad deyil, sonra düşünürəm, bəlkə mən artıq Azərbaycanda yaşamıram, evdəki su kranını açıram, görürəm, dörd gündür gəlməyən su hələ də gəlmir, başa düşürəm, yox e, elə Azərbaycanda yaşayıram.

Qərəz, məəttəl qalmalı işdir. Ümid edirəm, bu intizarıma tezliklə son qoyular, uşaq məktəbdən qayıdıb filanpulu yığıldığı barədə muştuluqlayar, mən də dərin, rahat nəfəs alaram. Biz belə şeylərə öyrəşməmişik. Gərək bizi məktəbdə pul yığmamaqla sınağa çəkməsinlər. Pul yığımı təhsil sistemimizin yağıdır, qaymağıdır, onsuz çox maraqsızdır.

Hələ onu demirəm ki, bu, dövlətçiliyimizi də dərindən sarsıda bilər. Axı uşaqlar gələcəyimizdir, onlara rüşvəti hər gün dadızdırmaq lazımdır ki, layiqli kadrlar kimi yetişsinlər, gələcəkdə ölkəmizdə büdcəni basıb-yeyənlər sarıdan korluq yaranmasın.

Mən məktəbdə pul yığılmayan gün dəhşətli dərəcədə narahat oluram ki, biz hara gedirik, axırımız necə olacaq. Təsəvvür edin, uşaqlar rüşvəti yadırğasalar, biz sabahın kəmaləddinlərini, ziyalarını, kərəm həsənovlarını, hacıbalalarını hardan tapacağıq? Gedib xaricdən oliqarx-məmur, QAI-şnik, nəqliyyat qoçusu, canım sizə desin, hakim, prokuror idxal edəsi deyilik ki?!

Inanıram ki, qoruq müdiri olmuş təhsil nazirimiz bu sətirləri oxuyar, mənim də üç gündür davam edən narahatlığıma, nigarançılığıma son qoyular. Fondpulusuz məktəb barsız ağac kimidir. Süpürgəpulusuz məktəbin susuz hovuzdan fərqi yoxdur. Pərdəpulusuz məktəbin duzsuz xörəkdən nə fərqi var? Ona görə də Mikayıl müəllim vəziyyətə əl qoymalıdır. Məsələn, sabah Zaqatala aeroportunun açılışının 7-ci ildönümüdür. Bu münasibətlə 4 manatdan pilotpulu yığmaq olmazmı?

Birigün “Əsrin müqaviləsi”nin imzalanmasının 21-ci ildönümü münasibəti ilə nöyütpulu yığmağı təklif edirəm. Bununla neft ucuzlaşdıqdan sonra itirdiyimiz pulların yerini doldurmağın nəyi pisdir? Belədə uşaqların vətənpərvərlik ruhu, dövlətçilik sevgisi də da güclənər, dövlətin onlara yox, onların dövlətə xidmət üçün yarandıqlarını indidən öyrənərlər.

Ta birigün – 21 sentyabrda alman filosofu Artur Şopenhaurun doğum günü münasibəti ilə fəlsəfəpulu, 22 sentyabrda Bolqarıstanın müstəqitllik günü münasibəti ilə bolqarpulu, 23 sentyabrda Xulio Iqlesiasın təvəllüd günü münasibəti ilə manıspulu yığmaq olar.

Bir sözlə, hər gün məktəbdə pul yığmaq üçün səbəblər çoxdur, yetər ki, təhsil başbilənlərimiz bu haqda düşünsünlər, fəal olsunlar.

Azərbaycanın gələcəkdə istedadlı, peşəkar rüşvətxor kadrlar sarıdan qıtlıq çəkməsini istəmiriksə, bu barədə ciddi düşünmək lazımdır. Necə yəni üç gündür uşaqlardan pul yığmırsınız? Nədir sizin qəsdiniz? Istəyirsiniz sabah asfalt çəkib, sonra asfaltı söküb kanalizasiya xətti çəkib, sonra yenə asfalt çəkən məmurlarımız qəhətə çıxsınlar, biz də bütün dünyaya biabır olaq?!

Üç gün pul yığmamaq nə deməkdir axı! Özünüzü ələ alın, dövlətçiliyimizin altını qazmayın, düz-əməlli rüşvət dərsi keçin bu uşaqlara.

Sabah gedib heç kim xaricdən bu ölkəyə Abid Şərifov, Ziya Məmmədov gətirəsi deyil. Ayıbdı, ayılın, özünüzə gəlin!

Elnur Astanbəyli 

скачать dle 12.1