Öz qapımızın açarı

18-09-2015, 13:11
0
Öz qapımızın açarı

 

Uzun zamandır yaza bilmirəm və bu müddət ərzində də çox hadisələr baş verib. Adam bilmir hansından başlasın. Amma bir yer tapıb başlamağa məcburuq. Bu yer də mövcud rejimin yaralı yeri olsa gərək. Bəli, söhbət məhz rejimin anti-Avropa kampaniyasından gedir. Bir zamanlar neft, qaz, uzaqgörən siyasət, Avropa deyə bar-bar bağıran hakimiyyət indi o Avropanı yıxıb sürüyür. Bu yazıq xalqa da imkan vermirlər, çıxıb desin ki, Avropa belə pis idisə, belə qara qüvvə idisə, niyə biz qara günlərin maaşlarından kəsib onların oyunlarına yedirdirdiniz? Hələ büdcədən xərclədikləriniz o yana, o, onsuz da sizin səlahiyyətinizdədir.

Torpaqlarımızın 20%-ni alıb ermənilərə verən, 80%-nə özü göz dikən və ən əsası, 20 yanvar faciəsinin banisi olan Rusiya bayrağı ilə Avropaya etiraz aksiyası keçirmək nə idi? Məqsədiniz, məramınız nədir, istədiyiniz, planladığınız nədir, ölkənin sükanını şimala doğru çevirib, ruslara təslim etməkmi? Nə havasına oynadığınızı sezmək çətin deyil. Elə, Avropa Oyunlarında Rusiyanı birinci etmək niyyətinizi də…

Ölkə başçısı hansı rayona səfər edirsə, çıxışında deyir ki, “dünya bizi məhv etməyə çalışır”. Sakinlər arasında bir ürəkli adam tapılmır ki, çıxıb desin ki, “cənab prezident, bizi niyə məhv etməyə çalışırlar? Budurmu daxili və xarici uğurlu siyasət? Təbii ki, özü də bu sualları ona verə biləcək insanların ora buraxılmayacağından əmindir. Yoxsa heç belə çıxışlar etməyə ürəyi də gəlməz.

Avropa Parlamentinin Azərbaycanda keçiriləcək parlament seçkilərini bu başdan tanımaması, AXCP və Milli Şuranın da bu seçkilərə getməməsi çox gözəldir. Təbii ki, bunlar hakimiyyətə böyük zərbədir. Amma bizim də hərəkət etmək zamanımız çatmayıbmı? Təsəvvür edin ki, bir qapıdır və bu qapı içəridən kilidli olduğu halda, onu özümüz açmaq əvəzinə, bayırdan kimlərisə köməyə çağırırıq. Köməyə gələnlər də az deyil. Amma reallıq budur ki, onlar qapını bizim əvəzimizə aça bilməzlər. Gəlin, öz qapımızı özümüz açaq və azad olaq…

Orxan Valehli

скачать dle 12.1