Rejimin “brend əlcəkləri”

20-08-2015, 18:57
0
Rejimin “brend əlcəkləri”

 

 
Mən uzun-uzadı yazıb sizi yormaq istəməzdim. Amma məsləhət görürəm ki, vaxtınız olanda, əlcək barədə məlumat əldə edin. Tarixini, necə yaranmasını və ilk dəfə kimin icad etdiyini bilmək çox vacibdir. Sizə də maraqlı deyilmi, əvvəllər bizim düşdüyümüz durumda olanlar olub, ya yox? Maraqlı deyilmi, bizim hakimiyyətə lazım olacaq qədər kimə əlcək lazım olub ki, onu icad eləmək zərurəti yaranıb. Çünki bu gün "əlcək" ən çox mövcud rejimə lazımdır. Ondan çox gözəl istifadə edir elə… Bəli, o rejim çıxıb xalq qarşısında özü görə bilmədiyi işləri, əlinə bu əlcəkləri taxaraq görür. Bu "əlcək" lərin qiymətsiz olmağına baxmayın, işlərini tam plan üzrə düzgün yerinə yetirirlər. Bir də ki, elə özümüzdən götürək, evdə iş görərkən əlimiz bulaşmasın deyə, əlimizə taxdığımız əlcəklərin materialı bizi maraqlandırırmı? Əsla yox. İşimizi görəndən sonra, onsuz da atacağıq.
 
Doğrudur, biz "birdəfəlik" əlcəklərdən istifadə edirik, amma hakimiyyət "brend" əlcəklərdən istifadə edir. "Brend" lər bir şeyi unudurlar ki, onlar bu işə girişdikdən sonra, onların "brend"liklərindən əsər qalmayacaq. Elə bir duruma gəlmişik ki, AXCP və onun sədrini təhqir etməyənlərin yüksək post tutmasına təəccüblə baxırıq və haqqımız da var. Hakimiyyətə satılıb vəzifə tutan bir adam göstərin ki, o, Əli Kərimlini təhqir etməmiş olsun.
 
Ad çəkməyə ehtiyac da yox. Hamı bilir söhbət kimlərdən gedir. Daha doğrusu, kimlərdən yox, nələrdən. Axı , onlar canlı deyil, onlar əşyadır. Sübutum da var. "Əlcək" nə zamandan bəri canlı sayılıb? Xülasə, bu "əlcək" dil açıb danışırmış ki, " möhürü Əli Kərimlidən alacağıq". Kimlərlə bir olub alacaqlar, onunla işim olmaz. Ancaq bircə kəlimə demək istəyirəm ki, "Axırıncı aşırım" filmində deyildiyi kimi, AXCP bir möhür, bir ştamp deyil, onun əqidəsi, əqidəsinə bağlı olan yüz minlərlə tərəfdarı var!
 
Sonda sizə bir balaca qeydim var. Əvvəllər özümə çay süzürdüm, qıraqdan bu səsi eşidən nənəm deyirdi ki, "a bala, çayı qoy qızınsın, soyuqdur ". Məəttəl qalırdım ki, hardan bilir ki, çay soyuqdur? İndi bu təəccübüm aradan qalxıb. Belə adamları bir-iki ay öncədən tanıyıram. Səsləri başqa cür çıxmağa başlayır onda. Məni çox da qınamayın ki, "niyə bir-iki ay əvvəl, gərək lap çox əvvəldən biləsən! ". Heç “uzaqgörən” prezidentimiz, siyasətdə bir aydan uzağı görə bilmir, mən necə görüm, ay qadanız alım? Əvvəldən bilsək, heç bu “əlcəkləri” yaxın buraxmarıq ki…
Orxan Valehli
скачать dle 12.1