YAP hakimiyyətinə nifrət var.

8-09-2020, 12:33
2 721
YAP hakimiyyətinə nifrət var.

Əslində, hakimiyyətdə olmaq, dövlətə və xalqa xidmət etmək şansı qazanmaq hər adama qismət olmur. Bir anlıq düşünürəm və bu hakimiyyətə yazığım gəlir. 27 il hakimiyyətdə olasan və yalnız repressiya, korrupsiya, hüquqsuzluq, saxtakarlıqla yadda qalasan. Doğurdan da ağır dərddi, bədbəxtlikdi. Bu qədər sərvətin, bu qədər əlverişli şərtlərin, bu qədər zəhmətkeş xalqın olduğu bir ölkəyə rəhbərlik edəsən və bütün enerjini səfalət, tənəzzül, nifrət yaratmağa xərcləyəsən.

Bəli, YAP hakimiyyəti bu şansı dəyərləndirə bilmədi. Bu hakimiyyət təhsillə, iqtisadiyyatla, səhiyyəylə, mədəniyyətlə məşğul olmaq əvəzinə, həqiqəti deyənləri cəzalandırmaqla məşğul oldu. Yüzminlərə, milyonlara qane olmadılar, milyardlara can atdılar. Hətta ağlagəlməz sərvət sahibi olduqdan sonra da xalqa tərəf çevrilmədilər.Tarixin ağ səhifələrində yer tutmaq əvəzinə, ölkənin hər yanında özlərinə yer düzəltdilər.

Bu qədər ağılsızlıq, bu qədər qabiliyyətsizlik olarmı? 27 il hakimiyyətdə olub, zərrə qədər sevgi qazana bilməmək ağır dərddi. Ramiz Mehdiyevlərə, Əli Həsənovlara, digər “vurulmuş” lara diqqətlə baxın. Hamısına qarşı yekdil nifrət var. Sözdə “dövlət adamı” olub, əməldə nəfsinin, hikkəsinin, tamahının adamına çevrilənlər bədbəxtdilər. Onlar xoşbəxtliyi villanın çoxluğunda, avtomobilin bahalığında, dollar paçkasının sayında gördülər. Əslində isə nə qədər bədbəxt, miskin olduqların anlaya bilmədilər. Bir xalqa, bir dövlətə rəhbərlik etməyin məsuliyyətin, müqəddəsliyin, əhəmiyyətin dərk edə bilmədilər.

Bu xalqa və dövlətə təmənnasız xidmət edənlər isə, zindanlara salınıb, şər-böhtana tuş gəlir, ləkələnir.

Amma bu ölkənin mübariz ləyaqətli insanları sübut etdilər ki, hakimiyyətdə olmadan da xalqa xidmət etmək, dövlətin müdafiəçisi olmaq mümkündür.

Xalq isə bu şəffaf mənzərədən dəqiq nəticə çıxarmalıdır. Dövləti idarə etmək şansı xalqı dollardan, villadan, holdinqdən çox sevənlərə, dövləti vəzifəyə satmayanlara verilməlidir. Ləyaqət sınağından, mübarizə labirintindən diri çıxanlar iqtidar olmalıdır.

Xalqın xoşbəxtliyi neftin qiymətindən deyil, qiymətli adamların iş başında olmasından asılıdır. Bədbəxtliyimizin səbəbin bilməliyik ki, xoşbəxtliyimizin düsturun yaza bilək.

Zərifə Acalova

скачать dle 12.1