Cənablar, kimi aldadırsız?

26-02-2015, 19:38
0
Cənablar, kimi aldadırsız?

 

Təhlükə yaxınlaşarkən insan qəlbində həmişə iki şey eyni qüvvətlə səslənir.Onlardan biri çox ağıllı olaraq deyir ki, insan gərək təhlükənin əsl mahiyyətini düşünsün, ölçüb-biçsin və ondan canını qurtarmaq üçün bir yol axtarsın. O birisi isə əvvəlkindən daha "ağıllı" olaraq deyir ki, təhlükə haqqında düşünmək həddindən artıq ağır və çox canüzücü bir şeydir. Həm də hər şeyi qabaqcadan görmək və işin ümumi gedişindən xilas olmaq insanın öz ixtiyarında deyil. Buna görə də, təhlükə gəlib çıxanadək ondan üz çevirmək, ürəkaçan şeylər haqqında düşünmək daha yaxşıdır. Hə, indi nə deyirsiniz, biz də hal-hazırkı vəziyyəti belə dəyərləndirək? Uzaq görən siyasət sahibinin ikinci yolu seçdiyini düşünək və qəbul edək? O məhşur çıxışından heç bir ay keçməmişdi ki, hadisələr dediklərinin və verdiyi vədlərin tam əksinə cərəyan etdi. Bəs biz bu iqtisadi böhranı hiss etməyəcəkdik? Bəs neftin qiymətinin aşağı düşməsi manatın dəyərinə təsir göstərməyəcəkdi? Nə oldu? Yoxsa sizin uzaq görən siyasətiniz elə bircə ay imiş? Prezidentin çıxışından 3 həftə sonra, yəni dolların məzənnəsinin kəskin şəkildə artmasına 6 gün qalmış, Mərkəzi bankın sədri çıxıb deyir ki, heç bir devalvasiyadan söhbət gedə bilməz. Aparıcı sualı təkrar edir ki, bəlkə müsahibi səhvin düzəldə. O isə əsəbləşərək cavab verir ki, mən bu suala artıq cavab vermişəm! Əslində mən onu qınamıram. Prezidenti elə olan yerdə, Mərkəzi  bankın sədrindən nə gözləmək olar. Bizlərdə yaxşı deyim var  "ağası gülüm olanın, başına külüm olar". Amma bəs xalq? Axı bu cinayətdir. Sən çıx televiziyada çıxış et, xalqın başının altına yastıq qoy, sonra da bir gecənin içində xalqın cibinə gir. Biz bilirdik. Əvvəldən bu oyunları bilirdik. Amma nə fayda. Bizim sizdəki kimi  dollarımız yoxdur. Nə mən, nə də mənim kimi düşünən sadə insanlar  iqtisadiyyatçı deyil. Amma kor da deyilik. Biz yaxşı bilirik ki, birdən-birə bu artım, o hər gün manat ölməsin deyə xərclədiyiniz milyardların nəticəsidir. Ən maraqlısı da odur ki, tv-lərdə saxta reportaj hazırlayırlar ki, xalq qiymət artımlarından narazı deyil. Nəinki narazı deyil, hətta çox razıdır. Cənablar, cənablar! Kimi aldadırsınız? Axı bu başqa məsələlərə bənzəmir ki, arxada kimisə şərləyib, üzdə özünüzü başqa cürə qələmə verəsiniz. Hər ailə, ən azından gündə bir dəfə mağazaya getməli olur. İndi yaşlısından tutmuş, körpə uşağına kimi, hər kəs siyasətdən və ən əsası, prezidentin yarıtmaz siyasətindən danışır. Bilirsiniz, diktatorlar qoşulduğu arabanı dağ aşağı sürüyən ata bənzəyir. O, özü də bilmir ki, o arabanı çəkir, yoxsa araba onu itələyir. O bu hərəkətin nə ilə nəticələnəcəyini fikirləşməyə vaxt tapmadan var qüvvəsi ilə qaçır. Amma inanın mənə ki, o mənzil başına çatmamış, o arabanın çarxları altında qalıb öləcək. Ən yaxşı halda isə, əziləcək.
Orxan Valehli
скачать dle 12.1