Beş meymun təlimi

26-01-2015, 19:40
0
Beş meymun təlimi

 

Yəqin, siz də belə düşünürsünüz. Bizim kövrək, ürəyi yumşaq və ədalətli hakim təsəvvürlərimiz köhnə türk filmlərində qaldı. Mövcud rejimin məhkəmələri isə “mozalan”ı və ssenarisi yarımçıq yazılmış teatrları xatırladır. Çoxumuzun yaşı az olsa da, “ədalətli” məhkəmələrlə bağlı böyük səriştəmiz var. Nə də olsa, bizim İntiqam Əliyev, Seymur Həzi, Asif Yusifli kimi onlarla dəyərli insanlarımızın yolu o məhkəmələrdən keçib. İstəsək də, istəməsək də, o məhkəmələrdə qonaq olmuşuq. Hər dəfə eyni mənzərəyə şahid olacağımızı bilə-bilə yenə də dəstək üçün getmişik. Hər dəfə də təəccübləndirməyi bacarıblar. “Sağ olsunlar”. 

Sözümün canı başqadır amma. Hər dəfə öz-özümüzə sual veririk ki, axı bu yalan üzərində qurulmuş ssenarilər daha yaxşı yazıla və oynanıla bilərdi. Bunlar özlərini niyə hər dəfə daha da gülünc hala salırlar. Axı burdakı şahidlərin heç nədən xəbərləri yoxdur. Nəyə görə çağırıldıqlarını heç özləri də bilmirlər. Məsələni çözmüşəm. Siz də agah olmaq istəyirsinizsə, aşağıdakı kiçik hekayəni oxuyun. 

Qəfəsə beş meymun salırlar, ortaya da bir pilləkən qoyub başına iplə banan asırlar. Hər bir meymun pilləkənləri çıxaraq, bananlara çatmaq istədikdə, bayırdan üzərinə soyuq su tökürlər. Bütün meymunlar bu cəhdlərin sonunda islanıb qalır. Bir az sonra isə bananlara tərəf hərəkət edən meymunlar, digər meymunlar tərəfindən əngəllənməyə başlanır. 

Su bağlanır, meymunlardan biri bayıra çıxarılıb, yeni meymunla əvəzlənir. Yeni gələn meymunun ilk işi bananlara çatmaq üçün pilləkənlərə dırmaşmaq olur. Amma digər dörd meymun buna izin vermir və yeni meymunu döyür. Daha sonra islanmış meymunlardan biri başqası ilə əvəzlənir. Və bu ikinci meymun da pilləkənlərə ilk atdığı addımda qapaz yeyir. Bu ikinci yeni meymunu ən şiddətli və bilərəkdən döyən ilk dəfə dəyişdirilən meymundur. İslanmış meymunlardan üçüncüsü də dəyişdirilir. Bu yeni gələn meymun da, ilk atdığı addımda cəzalandırılır.

Digər dörd meymundan yeni gələn ikisi də ən yeni meymunu niyə döydüklərini heç cür anlaya bilmir… Son olaraq, ən başda islanan meymunların dördüncüsü və beşincisi də yeniləri ilə dəyişdirilir. Başlarının üzərində bir salxım banan asılı olduğu halda, artıq heç biri pilləkənlərə yaxınlaşmır. “Niyə?” Çünki artıq burda işlər belə gəlmiş və belə getməlidir.

İndi bildinizmi, bizim sirki xatırladan məhkəmələrdə də təlimlər eyni qaydada keçilir? Bildinizmi, o obrazlar həmin sistemdə yerini almamışdan əvvəl eynən bu hekayədəkinə bənzər yolu keçməli olur? Bildinizmi, o “şahidlər” niyə insanların qarşısına çıxıb gözlərini döyürlər? Axı onlar heç tutduqları işdən xəbərdar belə deyillər. Amma bir həqiqət var. Onlar necə bir şər qüvvəyə yardım etdiklərini də bilməmiş deyillər axı. Hələ bilmək də azdır. Əsas əməldir. Xoş o insanın halına ki, burnunun ucundan uzağı düşünüb, belə hekayələrdən ibrət götürə…

Orxan Valehli

скачать dle 12.1