Bahalaşmaya sevinmək

11-01-2015, 19:42
0
Bahalaşmaya sevinmək
Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, hiss edilməyəcək qədər hiss edilməkdədir. Belə ki, avtomobillərin "texniki baxış"qiyməti aşağı salınıb. Bilirəm, bu sətirləri oxuyarkən, "axı nə dəxli var" deyib, həm də pessimistlikdə günahlandırırsınız məni. Azacıq səbr nəticəsində, hər şeyi izah edəcəm. Əvvəlcə deyim ki, bir gün gəlib bir anaya deyirlər ki, Əzrail bala paylayır. Ana cavab verir ki, gedin o Əzrailə deyin ki, balama dəyməsin , balasın istəmirəm…
 
2015-ci ilə qədər, maşınların texniki baxışı, onun markasına görə dəyişirdi. Və stabil bir qiymət idi. Yəni ki, adında olduğu kimi, heç bir "texniki baxış"dan söhbət gedə bilməzdi. Hər yerdə olduğu kimi, pulunu ver və keç. İndi elə oldu ki, markasından aslı olmayaraq, bütün maşınların "texniki baxış" qiyməti eyni oldu. Təxminən 20-21 AZN. İndi bir çoxları sevinir ki,  yeni qanun kasıbın üzünə güləcək.  Yox, cənablar yox. Bu hadisə, eyni ilə "anti korrupsiya" idarəsini yaradılmasına bənzəyir. Azərbaycanda hələ elə bir qanun dəyişikliyi olmayıb ki, bu dəyişiklik xalqın xeyrinə işləsin. Təbii ki, mövcud rejim dövrində. 
 
Deməli belə : İndi insanlar sevincək halda gedib deyəcək ki, al bu 20 manatı, mənim avtomobilimi texniki baxışdan keçirt. Hə, əsl haqq-hesab burda başlayacaq. O avtomobil nə qədər yararlı olur olsun, bir "nasazlıq" tapıb çıxaracaqlar. Özü də elə bir nasazlıq ki, onu aradan qaldırmaq üçün, "texniki baxışın"əvvəlki qiymətindən 2-3 qat baha olsun. Qara gün camaat məcbur qalıb, yenə rüşvətə əl atmalıdır. Başqa çıxış yolu da yoxdur. Niyə? İndi deyərəm.
 
Bəli, mən də sizinlə razıyam ki, hər şey qanun qayda ilə olmalıdır. Hərçənd ki, o bunları maraqlandırmır. Amma biri məni başa salsın görüm, o avtomobillərin ayaq qoyduğu yerlər normaldırmı? Ümumiyyətlə,  o yolları keçmək mümkündürmü? Bakı şəhərini çıxmaq şərtilə, bütün rayonların yolları bərbad vəziyyətdədir. Yaşadığım Beyləqan rayonunu elə kökə salıblar ki, toxum səpsən bitər. 
 
Avropada yolları maşına bir stəkan su qoymaqla yoxlayırlar.Yəni ki, o su yerə tökülməsə, deməli yol istifadəyə yararlıdır. Bizdə vəziyyət elədir ki, stəkana daş qoyuruq. Əgər o daş stəkanı qırmasa, deməli yol istifadəyə yararlıdır. İndi siz deyin, məscidin içi hazırdırmı ki, çölünə əl gəzdiririk? Sizi bilmirəm, amma mən qiymət artımına sevinirəm. Vəziyyət o yerə çatıb ki, qiymətin aşağı düşməsini eşidəndə, canıma əsmə düşür. Mən pessimist birisi deyiləm. Amma bu da mənim günahım deyil ki, mövcud rejimin atdığı hər bir addımın arxasında, nəsə bir hiylə gizlənir.
Orxan Valehli
скачать dle 12.1