Onu əfv etmək olarmı?

20-01-2015, 19:44
0
Onu əfv etmək olarmı?
Yəqin hər kəsin yadındadır ki, aylar öncə, bir erməni helikopteri vurulmuşdu. Bu məsələni gündəmə gətirmək fikrim yoxdur. Heç o zaman da bu barədə yazmamışdım. Amma yazanları qınayanları da az görmədik. Bəziləri elə düşünür ki, biz yaxşı əməlləri görmürük və görməməklə kifayətlənməyib, əks reaksiya veririk. Yox cənablar, yox. Sizin yaxşı əməl saydığınız işlər, çirkin siyasətin nəticəsidir. Buna görə də, indi yazacağım yazıya başlamamışdan öncə, bildirmək istəyirəm ki, hər birimiz əfv ərizəsi yazan və yazmayan siyasi məhbusları azadlığa çıxdıqlarına görə təbrik etmişik. Hər kəs yaxşı bilir ki, kameralar önündə insanlara işgəncə verən bu rejim, görün, hər kəsin gözündən kənarda nələr edə bilər. Nisbi  olsa da, azadlıqda gəzən bir insan, zalım rejimin həbsxanasında yatan birini qınaya bilməz. indi keçək əsas məsələyə :
Yenə cənab prezidentin “humanist” addımları ilə qarşı-qarşıya dayanmışıq. Bildiyiniz kimi, bundan öncə imzalanan əfv fərmanında da, bu dəfə  də cəmi 4 nəfər siyasi məhbus azadlığa buraxıldı. Əfv olunan və olunacaqların sınıb-sınmaması ilə işim yoxdur. Hərçənd ki, sınanların sınmasında, hökumətin yaratdığı “işçi qrupunun” böyük əməyi oldu. Onlara ayrıca “Təşəkkür” düşür. Hə, indi TV-lər yenə bar-bar bağırır ki, prezidentimizin humanistliyi nəticəsində, həbs olunmuş məhbuslar azadlığa buraxılıb və yeni ili ailələri ilə bir yerdə qeyd ediblər. Prezidentin ürəyi çox kövrək olduğundan, izin verməyib ki, onların anaları bayram günlərində ağlar qalsın. Amma biri çıxıb sual vermir ki, onların analarının ağlar qalmasında səbəbkar kim idi? Ermənistanın prezidentimi? Bəs bütün dünya bu adamların şərləndiyini, fərqli düşündükləri üçün həbs olunduğlarını bəyan edəndə hardaydınız? 
Yaxşı, bunları qoyaq bir kənara, “hökumət bilən məsləhətdir” deyək. Bəs yaxşı, o yollarda əsir elədiyiniz “işçi qrupu” var ha, onların “əməyin” niyə heçə saydınız? Onlar min bir “əzabla”, məhbuslara əfv ərizəsi yazdırmışdılar.O əfv ərizəsi yazanların niyə hər biri azad olunmadı? Budurmu humanistlik? Budurmu əfv edən “böyük” ürəyiniz? Hə, izin verin, əvəzinizə özüm cavab verim: Deyin ki, “ay demokrat qardaş, biz hər önümüzə gələnə əfv ərizəsi yazdıra bilsəydik, daha nə vardı. Sən elə bilirsən, asan məsələdir?! Ola bilsin ki, bir də əfv ərizəsi yazdıra bilmədik. Bəs önümüzə gələn bayramlarda kimi əfv edib özümüzü tərifləyək?!” Yaxşı cavabdır, deyilmi? Lap ürəyinizdən xəbər verdim. Utanmayın, biraz gülümsəyin. 
 
Rəhmətlik Əbülfəz Elçibəyin belə bir sözü var idi: “Yetimin papağını başından alıb ağladırlar, sonra da qaytarıb sevindirirlər”.
 
Orxan Valehli.
скачать dle 12.1