Oğurlanmış körpünün axtarışında

25-02-2023, 12:40
8 143
Oğurlanmış körpünün axtarışında

“Keçmə namərd körpüsündən, qoy aparsın sel səni,

yatma tülkü kölgəsində, qoy yesin aslan səni"

(ata sözü)

Başda istintaq idarəsinin rəisi, general Mövlam Şıxəliyev olmaqla bir qrup keçmiş MTN zabitinin apelyasiya məhkəməsi davam edir. Onlar hər gün hakimə üz tutub günahsız olduqlarını söyləyir. Dövlət qarşısında xidmətlərini sayırlar. Deyirlər jurnalist Elmar Hüseynovun qətlinin üstünü açmışıq.

Bu nəsə yeni bir şeydir. Çünki bizə məlum olanı həmin iş üzrə istintaq dondurulub, tutulan-zad yoxdur.

Deyirlər İran Bakıda dövlət başçısına sui-qəsd hazırlayırdı, qarşısını almışıq. Bunu da uca millətə ilk dəfə açıqlayırlar. Fikirləşirsən, vaxtında bunları tutsaydılar millət nə qədər yeni şey öyrənərdi...

MTN-də şöbə rəisi olmuş Vüsal Ələkbərov Mirzə Fətəli Axundov irsinə üz tutub. Deyib məni Yusif Sərrac eləməyin. “Aldanmış kəvakib”dən misal çəkir. Ancaq mesaj kimə ünvanlanıb, sözün mənası nədir, hətta tükü tükdən ayıran hakim belə mövzunu tutmadı, iki dəfə təkrarən soruşdu ki, bu nə deməkdir, Ələkbərov isə izah etmədi, yalnız daha israrla “Bilənlər bilir” söylədi. Guya Ezopdur, təmsil yazır...

Başqası “məni danışdırmasınlar” söyləyir. Üçüncüsü hüquq-mühafizə orqanlarına və ... Bəylər Əyyubova əfv üçün müraciət edir. Sanki bu əski MTN zabitlərində nəsə əsrarlı əhvalatlar vardır, danışsalar qan düşəcəkdir. Halbuki ortada hansısa sirr yoxdur. Hamı bilir əhvalat necə olubdur. Əhvalat isə dünya qədər qədimdir: istifadə edilmişlər və atılmışlar. Bu cür sistemlərin xarakteri budur. Hoppanıb düşməyin mənası yoxdur. Vaxtilə başqalarına dərin quyular qazanda ora özlərinin düşəcəyini anlamırdılarmı? İndi klassika oxuyan çıxıblar...

Mövlam Şıxəliyevin dövlət rəhbərliyinə öz təmizliyi haqda müraciətində bir cümlə isə mənim diqqətimi xüsusi çəkdi. Yazır: “Sifarişlə, təzyiqlər əsasında, sosial şəbəkələrdə qaragüruhçu hay-küylərdən qorxaraq hökm verən hakimlər vardır”.

Guya hakimlər sosial şəbəkələrdən qorxub buna cəza kəsiblər. Bişmiş toyuğun gülməyi gəlir. Bizim hakimlərin sosial şəbəkə nə vecinədir? Onlar yalnız bir instansiya tanıyırlar, yalnız bir mənbədən gələn sifarişləri qəbul edirlər. O instansiyanın adı ədalətdir, qanundur! (Düzünü deyin, siz nə fikirləşmişdiniz?)

İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov isə həbsxanadan çıxmaq üçün sizcə hansı arqument gətirib? Buyurun, siz də oxuyun, həzz alın: “Qapalı şəraitdə saxlananda panikaya düşürəm, sağlamlığıma pis təsir edir”.

Doğrudan da, çox ciddi faktordur. Buna əsaslanaraq bütün dustaqları azad eləsək yaxşı olmazmı? Axı aşağı-yuxarı hamı qapalı şəraitdə saxlanmağı sevmir. Təklif edirəm CPM-ə yeni maddələr əlavə olunsun, məhkumların azadlıq sevgisi, təbiətə vurğunluğu, dənizkənarı bulvarı xoşlaması, səhərlər xaşa getməsi, yayda mütləq Xızı dağlarında, alp çəmənliklərində dombalaq aşmaq və kəpənək tutmaq istəyi yüngülləşdirici hal kimi nəzərə alınsın. Təkliflərim yazı qəzetdə dərc olunan gündən qüvvəyə minir. Nazirlər Kabineti isə təkliflərdən irəli gələn məsələləri həll etmək üçün 3 aylığına qapalı kabinetə toplaşsın.

Zarafatsız, bizim işlərimiz sözün əsl mənasında anekdota oxşayır. Yazını da elə anekdotla bitirirəm. Təzəlikcə polis hansısa rayonda körpünün oğurlanması haqda xəbər yaymışdı. Düzdür, körpü deyəndə yekə çıxırdı, əslində arxın üstündən atılmış dəmirlər imiş, ancaq bu əhvalat mənə qədim sovet anekdotunu xatırlatdı. Deyir, bir gün SSRİ-dən şəhərin müdiri ABŞ-a qonaq gedir, orda mer buna qonaqlıq verir, məclisin pulunu hardan əldə etdiyi haqda isə belə izahat verir: “Körpü tikmişik, ordan qənaət elədik”. Sonra neçə aşırmalı, böyük körpünü göstərir. Vaxt ötür, bu dəfə amerikalı mer SSRİ-yə qonaq gəlir. Katib yaxşı məclis düzəldir. Süfrədə kürü, quş südü, can dərmanı, barmaq basmağa yer yox... Amerikalının gözü kəlləsinə çıxır, məclisin hesabını soruşanda katib onu pəncərə önünə çağırıb yaxından axan çayı göstərir, deyir: “Ordakı körpünü görürsən?” Amerikalı deyir yox, axı orda körpü yoxdur. Katib deyir: “Bax o körpünün pullarıdır, yeyirik”. 

Gələcəyə keçmək üçün körpünü vaxtında tikmək və qorumaq lazımdır. Bu, MTN zabitlərinin ədalət axtarışlarına da aiddir.

скачать dle 12.1