İctimai fəal qardaşı ilə polisə aparılıb

18-11-2023, 13:04
168
İctimai fəal qardaşı ilə polisə aparılıb
İctimai fəal Cəlil Zabidovun ailə üzvləri ilə birlikdə Yardımlı rayon Polis Şöbəsinə aparıldığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib. Onların sözlərinə görə, noyabrın 17-də səhər saatlarında Yardımlı rayonunun mərkəzində polis əməkdaşları C.Zabidovu zorla avtomobilə mindirərək aparıblar: “Qardaşını da aparıblar. Cəlilin qardaşı oğlu hazırlığa gedirdi. Onu da maşına mindirib aparıblar”.
Fəalın yaxınlarının fikrincə, bu, onun sosial şəbəkələrdə məmurlarla bağlı yazdığı tənqidli fikirlərlə bağlıdır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Turan”a bildirilib ki, C.Zabidov qardaşı ilə birlikdə qanunsuz küçə ticarəti ilə əlaqədar polis şöbəsinə dəvət ediliblər: “Əməllərinə uyğun olaraq inzibati protokol tərtib edildikdən sonra buraxılacaqlar”.
İctimai fəal C.Zabidov buna qədər bir neçə dəfə həbs də edilib. Sonuncu belə olay ötən ilin yanvarında olmuşdu. Onda Zabidov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 25 sutka inzibati həbs cəzası almışdı.
Bir dönəm müəllim işləyən C.Zabidov 2020-ci ilin mayında isə Yardımlı rayon Məhkəməsində Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək 5 ay həbsə məhkum edilmişdi. Zabidov Yardımlı sakinlərindən birinə qarşı xuliqanlıqda günahlandırılmışdı. Həbsindən öncə o, sosial şəbəkələrdə və müxtəlif internet kanallarında Yardımlıda problem saydığı məsələlərdən bəhs edirdi. C.Zabidov materialları daha çox Facebook-dakı “Korrupsiyaya yox de” səhifəsində yayımlayırdı.
Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim tənqidi mövqeyi və dinc siyasi fəaliyyətinə görə təqib edilmir.скачать dle 12.1
Xəbər lenti