Epimenidesin və bizim yalanımız

12-12-2015, 16:02
0
Epimenidesin və bizim yalanımız

 

Azərbaycan paradokslar ölkəsidir. Burda heç nə yolunda və qanunauyğun olaraq getmir. Biz də artıq buna alışmışıq. Elə alışmışıq ki, sanki belə də olmalıdır. Doğru ilə yalanın, düz ilə əyrinin cizgisi çoxdan itib bu ölkədə. Elə paradokslar da bu cizginin itdiyi yerdən çıxır. Tarixə bəlli olan ilk paradoksun müəllifi “bütün yunanlar yalançıdır” deyən yunan Epimenidesdir. Onun yunan ola-ola belə fikir söyləməsi səbəbindən, zəmanəsinin insanları arasında böyük ziddiyyət sayıldığına görə, adı tarixə düşüb. Mən Epimenides kimi bütünlükdə millətimizin yalançı olduğunu deyə bilmərəm. Amma onların bu paradoksların içində böyük yalanlara, absurdlara və saxtakarlıqlara öyrəncəli yaşadığına mat qaldığımı açıqlaya bilərəm. Insanların necə şərləndiyinə, qaralandığına, “xuliqan”, “terrorçu”, “vətən xaini” adı ilə damğalanıb həbsxanalara doldurulduğuna və çoxluğun buna seyrçi qaldığına… Fərqli fikirlərin, azad düşüncələrin, yeni ideyaların necəprimitiv, ibtidai, qaragüruh hücumuna məruz qaldığına… Yalanın doğruya, doğrunun oğruya, haramın halala qarışıb mahiyyətini itirdiyinə… Gerçəkdən heyrət edir insan, nə uydurma ssenarilər, nə yalan oyunlar gördük bu ölkədə…

Əslində, Epimenidesin quru adı var. Tarix bizdəki kimi paradoksların analoqunu belə görməyib. Səsimizi çıxarıb, “xoşunuza gəlməyən insanları barı ”vətən xaini” damğası ilə ittiham etməyin” deyincə, bizi də onlara qatıb, erməni dəyirmanına su tökməkdə ittiham edirlər. Adımızı “ünsür” qoyub üstümüzə nifrinlər yağdırırlar. Sonra da… Hüquq müdafiəçisi Leyla Yunusu həbs edəndə üzərinə elə maddələr qoydular ki, ayağımızın altından yer qaçdı. Indi nə oldu belə? Birdən-birəaçıqlamasız-filansız bütün xəyanət ittihamları silinib bəraət hökmü qüvvəyə mindi. Gün hardan doğdu, anlamadıq getdi. Leyla xanıma qarşı irəli sürülən bu ittihamların əsassız olduğunu və onunla haqq-hesabın şəxsi qərəz müstəvisindəolduğunu bilirdik hamımız. O zaman bu qədər ağılsızlıq və dayazlıq etməyə dəyərdimi? Bu qədər asandırmı, yalanı yalana qoşub insanı birdən-birə “xain” elan etmək, qaragüruh sürüsünü üstünə salıb daşa basmaq, üstünə çirkab atmaq, həyatını qaraltmaq? Nə qədər belə insan şərlənib həbslərə atılır günümüzdə? Nə qədər insanın üzünə ağılalmaz ittihamlar oxunur, çiyninə cinayət yükü yıxılır, ömrünün enerjili illəri həbsxana köşələrində əridilir? Bu adamlar artıq ölkəni “razborka” üsulu ilə idarə edirlər. Bəli, beynəlxalq təzyiqlər qarşısında duruş gətirmək asan deyildi. Leyla Yunusu azad etmək məcburiyyəti yaranmışdı. Amma bunun yaratdığı psixoloji travma ilə barışmaq asan olmadı görünür ki. Əvəzindəcəmiyyət üçün faydalı və hakimiyyət üçün daha təhlükəli birini onun yerinə göndərmək lazım gəlirdi. Çox düşünmədilər, deyəsən. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının üzərində dayandılar. Yenə gülünc ittihamlar, rüsvayçı “dəlillər”, qondarma maddələr masaya çıxdı. Iki günün içində onu da Kürdəxanıya yola saldılar. Bununla 10 oldu partiya məhbuslarının sayı…

Indi hər kəs bilir ki, ölkədə gedən ictimai-siyasi proseslərin mərkəzində olub, təqib və təzyiqlərdən kənarda qalmaq mümkün deyil. Hər kəs bunu anlayır və dərk edir, şübhəsiz. Amma anlayaraq qəbul edənlər bu ölkənin əsl vətəndaşları vəqəhrəmanlarıdır. Tarixi, ölkəni, cəmiyyəti də onlar dəyişəcək. Bütün paradokslara, absurdlara, analoqsuzluqlara baxmayaraq dəyişəcəklər. Buna şübhəniz olmasın…

Səadət Cahangir

скачать dle 12.1