İran-Rusiya-Azərbaycan alyansı mümkündürmü?

7-03-2016, 16:18
0
İran-Rusiya-Azərbaycan alyansı mümkündürmü?
Xəzər getdikcə daha çox Rusiyanın geosiyasi ambisiyalarının məkanına çevrilir. İlk dəfə Suriyaya yönələn raket hücumları Xəzərdən başladı. İndi də martın 1- dən etibarən bu ölkə Xəzərdə iri miqyaslı hərbi təlimlərə başlayıb. 
Q
ərəz, digər Xəzəryanı dövlətlər nə qədər bu dənizi qeyri – militarist zona elan etsələr də, bu qayda Rusiyaya şamil olunmur – dəniz faktiki olaraq onun şəriksiz sərəncamındadır...
Bu olaya elə də diqqət yetirməzdik. Əgər onlardan zəif şəkildə olsa da, müharibə qoxusu gəlməsəydi – bəli, Rusiya müharibə məşqlərilə məşguldur. 
Bunun başqa adı yoxdur...
Bəs digər Xəzər dövlətləri, xüsusən də Azərbaycan nə edir? İran hələ sanksiyaların götürülməsinin eyforiyasını yaşayır. İndi bu ölkənin qapılarını döyənlərin sayı artır.     
Azərbaycana gəldikdə isə, son vaxtların ən maraqlı hadisələri sırasında Rusiyanın Ermənistana silah almaq üçün 200 milyon dollar ayırmasını və bir də intensiv Azərbaycan – İran - Rusiya dialoqunu xüsusilə qeyd etmək olar...
Birincidən başlayaq. Ermənistana ayrılımış 200 milyon dollarlıq krediti əsaslandırmaq üçün Rusiya özünə elə də əziyyət vermədi. Açıq şəkildə dedilər ki, düzdür, Azərbaycan dost ölkədir və ona da silah satırıq, amma Ermənistan hərbi müttəfiqimizdir. Bununla da nöqtəni qoydular – yəni, sizinlə dostuq, amma onlarla hərbi müttəfiqik... 
Təbii, belə vəziyyət azərbaycanlılarda üzücü ovqat yaratdı. Hamı sanki eyni  şeyi deyirdi: “Biz silahı Rusiyadan dollara, Ermənistansa güzəştlə, hətta Rusiyanın verdiyi kreditlə alacaq! Doğrudanmı, bunun heç sonu görünmür?”...
Elə dərd də ondadır ki, son bilinmir. Ruslar onu da deməkdən çəkinmirlər ki, bölgədə hərbi balansı gözləmək onların bilavasitə Ermənistanla hərbi müttəfiqliyindən irəli gələn qayğılarıdır...
Təbii, Azərbaycan silah sahəsində özünün partnyorunu təzədən seçə və silahı Türkiyədən, İsraildən, hətta Ukraynadan ala bilər. Hiss olunur ki, Rusiya bunu arzulamır və silah alıcısı kimi Azərbaycanı itirmək istəmir. O halda, heç olmasa, o, Minsk Qrupunun həmsədrliyindən irəli gələn öhdəliklərini xatırlaya bilərdi...
Mühüm detallardan biri də odur ki, Ermənistana verilən silahdan əlavə Rusiyanın bu ölkədə öz hərbi birləşmələri də var. Son vaxtlar o, həmin hərbi birləşmələri gücləndirir və yeni silahlarla təmin edir...
Bunu Türkiyə ilə yaranmış vəziyyətlə izah etmək cəhdləri də var. Amma belə düşünürük ki, ruslar nə qədər militarist kateqoriyalarla düşünən xalq olsalar da hər halda, reallıq hissini tamam-kamal itirməyiblər. Hələ U.Çerçill yazırdı ki, ruslar dünyada yeganə xalqlardandırlar ki, yalnız güclə hesablaşırlar...
Xoşbəxtlikdən bu halda güc var. Türkiyəyə qarşı təhdid NATO-ya qarşı və xüsusən də ABŞ-a qarşı təhdid deməkdir, çünki aralıqdakı kiçik ziddiyyətlərə baxmayaraq Türkiyə bu dövlət üçün həm Alyans daxilində, həm də ondan kənarda əsas müəttəfiqlərdən biri kimi qalır...
Fəqət, Rusiya çox iddialıdır. Bu ölkənin təhlilçiləri birinci soyuq müharibədən sonra Rusiya ilə təhqiramiz şəkildə davranıldığını yazmaqdan yorulmurlar.
Nə demək olar? Geosiyasət geosiyasətdir. Bəli, biz də xatırlayırıq ki, hətta son vaxtlara qədər böyük güclər Rusiyaya regional güc statusu da ayırmırdılar. Rusiya siyasətçilərinə elə gəlir ki, Suriyaya hava müdaxiləsindən sonra hamı onların ölkəsilə hesablaşmağa başlayıb. Amma hətta peşəkar hərbçi olmayanlar bilir ki, arxa möhkəm olmayanda irəli cummağın mənası yoxdur. Rusiyanın arxası isə möhkəm deyil: ölkə iqtisadi cəhətdən zəifləyir və demək olar ki, çökür...
Ona görə də ən azı indiki məqamda Azərbaycan – Rusiya - İran alyansı haqqında yazılanları ciddi qəbul etmirik. Əvvəla, alyanslar kiməsə qarşı olur, nəyisə, hansısa məqsədlərisə hədəf götürürlər. 
Çox ehtiyatlı siyasət yürüdən, həm Qərblə, həm ayrılıqda İran, Türkiyə və Rusiya ilə isti münasibətlər saxlayan Azərbaycan heç bir vaxt belə geosiyasi avantüraya getməz.
Bəli, böyük kommunikasiya layihələri var. Xüsusən də Rusiya – İran -Azərbaycan dəmiryolu xətlərinin birləşməsini göstərmək olar. Bu, həqiqətən də böyük iqtisadi dividentlər vəd edir.
Neft ucuzlaşandan problemlər yaşayan və qeyri - neft sektorunu inkişaf etdirmək istəyən, ilk dəfə olaraq təbii coğrafi üstünlüklərindən yararlanmağa cəhd edən Azərbaycanın buna maraq göstərməsi tamamilə başadüşüləndir.
Amma o, Rusiya və İranla siyasi, xüsusən də hərbi - siyasi ittifaq qurmağa can atmaz...
скачать dle 12.1