NİDA –çılara hökm oxundu.

8-05-2014, 11:43
0
NİDA –çılara hökm oxundu.

NİDA –çılara hökm oxundu. Və bu ədalətsiz hökm sabahımızın çarmıxa çəkilməsi yönündə taleyimizə vurulan paslı bir mismar  oldu.

Bunu nəinki absurd, heç sürrealist qərar da saymaq olmaz. Çünki  sürrealizm  əsasən,  yuxunun reallığı kimi izah olunursa, baş verənlər eyni ilə, reallığın yuxusunu xatırladır.

Bir neçə gün əvvəl məhkəmədə  son söz əvəzi NİDA – çı gənclərin çıxışını unutmayaq. KİV səhifələrində bu möhtəşəm monoloq hakimiyyətə vurulan tərs  şillə kimi təqdim olundu. Əlbəttə, bu sayaq dəyərləndirmədə böyük həqiqət  payı vardı. Amma eyni zamanda, etiraf etməliyik ki, bu ŞİLLƏ elə hamımızın ünvanına yönəlmişdi: yəni qanunları, ədalət və insaniyyəti göz görə-görə tapdalayıb-əzən hakimiyyətin əməllərinə susan hər kəsə vurulmuşdu...

Bu ŞİLLƏ heç bir cinayət  işlətməmiş, istək və arzuları yalnız və yalnız öz məmləkətini, cəmiyyətini azad və demokratik görməkdən ibarət olan gəncləri dəmir barmaqlılar arasına salan avtoritar rejimə qarşı etiraz səsini qaldırmayan və kifayət qədər dirəniş göstərməyən hər birimizə dəyməliydi. Dəydi də!

Sizi bilmirəm, amma mən həmin o çıxışı oxuyan andaca... yanağım od tutub yanmağa başladı. Elə bil, gözəgörünməz bir əl qəfildən sərrast bir ŞİLLƏ çəkmişdi üzümə!..

Yerinə düşdüyü üçün, dəfələrlə dediyim fikri təkrar edim: sual işarəsi də yəqin ki, nə vaxtsa NİDA olub. Sonradan, hansı metamorfoza nəticəsindəsə, yəni nə hadisə baş veribsə, o, qatlanıb-büzülməyə, təzim edib-yalmanmağa, əyilməyə, bükülməyə məcbur olub, nəticədə - SUALA çevrilib. NİDA-çı gəncləri şərləyib qanunsuz həbs edənlər, saxta və məkrli istintaq hərəkətləri aparıb, ağır ittihamlar irəli sürənlər, ədalətsizlik  və vicdansızlıq nümunəsi  göstərib, onlara ağır və  sərt cəzalar tətbiq  edənlər - əsl SUALlardılar. Ancaq düşünürəm ki, bu SUALlar heç  əvvəlcədən də nida-zad olmayıblar,- onların kökündə, mayasında, zatında  böyük, çox böyük  SUAL olub!  Əks təqdirdə, bu boyda riyakarlıq, bu qədər Allahsızlıq və bunca  amansızlıq  nümayiş etdirib, YALANA ayaq düzəltməzdilər!

20 gün ərzində gənc NİDA – çı dostlar keçirdikləri aclıq aksiyası ilə 20 illik “doydum” deməyən təpəgöz bir hakimiyyətə toxluq  dərsi  keçdilər.  Toxluq,cəsarət və səmimiyyət  dərsi! Onlar çəkinmədən, qorxmadan və heç  belə  “uf” da demədən, hakimiyyətin repressiv və şər-şəbədə maşınının müqabilinə  ŞƏRƏFLİ  və qibtə ediləcək  AMAL  çıxartdılar.  Bu, əsl “master-klass” idi ! 

Məhz elə buna görə də, bu gün biz, onları qorumağa borcluyuq. Çünki onlar

NİDAnın LƏYAQƏT hissinə söykəndiyini və heç  vəclə əyilməyəcəyini sübut etdilər!

Nəzərov  Elşən  

скачать dle 12.1