Ay ləyaqətli millətim sən yaşamırsan sən sürünürsən...

5-07-2014, 14:50
0
Ay ləyaqətli millətim sən yaşamırsan sən sürünürsən...

Ay  şərafətli,  mərifətli,  ləyaqətli  millət!  Sən  yaşamırsan!.. Sən  sürünürsən,  sən  yuxulusan, mürgüləyirsən, sən  yatmısan   fil  qulağında!  Yaşamağın,  sudan  quru  çıxmağın  çəmini- təhərini  bilmirsən...   Tutmusan  ləyaqətin,   şərəfin,  mənəviyyatın ,filanın – beşməkanın   quyruğunnan  ki,  iş  bilmişəm.  Ay  başıbatmış  millət, bunlar hamısı  fuflodu, vozdux  şeylərdi !  Bəli, mən  arını  yeyib,  namsunuu  çölə   tullamışlardanam – noolsun?  Soruşuram  axı, noolsun?!  Bəli, mənim  arvadım  gəzəyəndi,  ipiqırığdı,  şorgözdü, ayağısürüşkəndi   və  sair və  ilaxır,– bunun  kimə   nə  dəxli?..  Gəzir, lap belə əcəb eləyir  gəzir!..  Gəzməyin  nəyi  pisdi  kı,  ay  tupoybaşkalar?..  Qoy  gəzsin  də,   əsas  odur ki,  fırrana-fırrana  axırı  gəlib   öz  xarabasına  çıxır, -vsyo!   Axı  həyat  adama  bir  dəfə, cəmi  bircə  dəfə  verilir,  bunu  qanırsız  heç, ay  danqabaş  yığınağı?..  Qızıma  da  polnıy  volya  vermişəm,  demişəm  ki,  doçenka,  nə  badə  kayfınnan-zadınnan  qalasan  ha!  Ha- ha!..   Get, anan  gəzən  ağacları  budaq-budaq...   yox, lap  belə,  yarpaq-yarpaq  gəz, - papan ölməyib  ki!  Sonra  gec  olacaq, yetişmiş, kukla  kimi  qızssan ,  kimnən, kimlərnən  istəyirsən  keyf  elə, özünçün.  Qaldı  oğluma...  xoflu  xainlər oğul  balamı  görəndə  paxıllıqdan  alışıb  yanıllar!..  Canım-ciyərim oğlum!  Bığ  yeri  təzəcə  tərləmiş, xoruz  yerişli  oğlum!  Gələcəyim, davamçım, varisim- vərəsəm,  əsl  Kançitaya  oxşayan  oğlum!!!  İndi  bəzi  ağzıgöyçəklər  oğul  balamın  öz  “ferrari”siylə  dörd-beş nəfəri  vurub   xosunbay  eləməsini  şişirdib  şou  düzəldillər. Guya ki,  içkili  olub,  narkoş-markoş   vəziyyətində olub, huşu  başında    olmayıb...   Lap  belə,  deyilən  kimidi,  hə, noolsun?!  Olub-olmayıb, lap belə  əcəb  eləyib,  olub-olmayıb! Lap  belə  əlinin içinnən  gəlib,  içinin  içinnən  gəlib, içində bir noxud  var- noxudun  içinnən  gəlib!   Vurub  üç- dörd  nəfər, lap olsun  beş-altı  nəfər,   avara-uvara   adam  öldürüb...  noolsun?!  Adam  öldü,  it öldü – böyük  fərqi  var  bəyəm ?!  İindi  mən  boyda  kişi   bunnan  ötürü   durub  uşağıma  “gözün  üstə  qaşın  var”  deməliyəm?  Cavandı, dəliqannıdı, hallıdı,-  bu  yaşında  da  avtoşluq  eləmiyib  bə nə  vaxt  eləyəcək?..   Əlqərəz,  gözü  götürməyənnlərin  gözü  çıxsın, necə ki, çıxır  da!    Tifilə  cəmi - cümlətanı  bir  milyon  manata  maşın  alıb  bağışlamışam,  paraşa  buraxırlar ki,  maşının  qiyməti  beş  milyondu.   Vallahi-billahi bu  millət ...  millət  ha!  Ha-ha!  -məhv olmalıdı.  Şəxsən mənim  imkanım olsa  bunları  sıraya  düzüb,  bittə-bittə  tapdalayıb  əzərdim,  - tarakan kimi! Xurd-xəşil  eləyərdim. Nəyə lazımdı ,  kimə  lazımdı  bu millət? Guya , bunlar  olmasa   dünya  dağılacaq,  ölkədə iş  getmiyəcək!?..  Boş  sözdü!  Fuflodu, sabun  köpüyüdü!  Lap  yağ kimi  gedəcək!  Odey  ha,  pakistanlı, çinli, əfqanistanlı... o  qədər  ucuz,  su  qiymətinə  işçi  qüvvəsi  var ki, lap  itivə  tök!.. Nə  mitinq  eləyirlər,  nə  şikayət , nə də  haqların-hüquüların  tələb  eləyirlər!..  Həə, indi  keçək  özümə.  Mən  veçni  acam.  Acgözəm. Təpəgözəm! Döymuram...  yox, yeməyi-xörəyi  nəzərdə  tutmuram : mən  puldan-paradan  doymuram. Mən  pulun  ətrinnən, qoxusunnan , şıx-şıxınnan,hökmünnən  doya  bilmirəm. Mənim  Allahım  yüzlük  manatdı- AZN!  Mənim dinim-imanım   yüzlük  dollardı-ABŞ  dolları! Mənim  vicdanım-etiqadım  yüzlük  avrodu- daşdan  keçən   sevgili  yevro!   Paçka-paçka!  Qalaq-qalaq!  Kilo-kilo!  Oxx, qadasın  allam, başına  dolannam  pulun!.. Bu  gün mən öz  böyüyümə, yəni  sahibimə,  yiyəmə, başımın  ağasına  heyvan  kimi  sədaqətliyəm.  Lazım  gələndə  onun  ayaqqabılarının  altını  yalayıram,   lazım gəlsə,  lap  gündə   yüz  dəfə donbalaq  da aşaram... Sahibimin  sahibinin  iti, onun  sahibinin isə  küçüyüyəm.   Amma  eyni  zamanda,  mən   həm  də  hər  şeyi  götür-qoy  eləyənəm, çoban  iti  kimi sayıq, qaz  kimi ayığam.   İşdi-şayətdi,    əgər  sabah  – “kiş-kişlər” olsun, şər  deməsən  xeyir  gəlməz,- çərxi-fələk  tərsinə  dövran  eləsə, yəni   hakimiyyət-filan  dəyşməli  olsa,   heç  “uf”da  demədən  öz  yiyələrimi  baqaja  qoyaram. Baqaja  qoyaram ki, sudan  quru  çıxa  bilim.  Vot  tak! Sivişib  sudan  quru   çıxmaq  nə  vaxtdan  qəbahət  sayılır? Burada  nə pis  iş  var  ki?..  Bacarana  can  qurban!  Hələlik  isə  mən  kölənin  köləsinin  köləsiyəm. Quyruq  bulayıram, yalmanıram, ikiüzlülük, əclaflıq, alçaqlıq,  satqınlıq  eləyirəm.  Və  bir  qram  da  vicdan  əzabı  çəkmirəm.   Bilin, olmayan  şeyin  əzabıı  da  olmaz ha.  Ha-ha!.. Bəli, mən  oğraşam, dəyyusam, gözüynən  görənəm...  noolsun?  Sizdən  soruşuram:  noolsun  axı?!   İndi  kimin  duxu  çatar ki, ağız  bahəm  eləyib  mənimlə  çiling-ağac oynasın?!  Vallahi, heç  “mıqq”da  eləməyə macal  tapmaz,-  basdırram!!!  Cibinə  narkotik, evinə  avtomat,tapança,  həyətinə  S-300  raketi-çala-çala  əlli-ayaqlı  gedər!..

Ay  şərafətli, mərifətli, ləyaqətli  millət!   Xəbərin  yoxdu, sən  ölməyə  məhkumsan. Təəccüblüsü  budur  ki,   indiyə  qədər  niyə  hələ ölməmisən!.. Əlqərəz...   Siz  ölməyinizdə, mən  də  öz  keyfimdə  olum.  Bəli,  mən  sizdən  fərqli  olaraq,yaşamağın yol-yolağasını  tapmışam  və  özümçün  bala-bala  ya-şa-yı-ram!..  Ham-ham!  Ham- ham-ham!

 

 

Nəzərov  Elşən

скачать dle 12.1