A gədə, bu qədər də barıt qoyarlar?!

15-09-2015, 12:47
0
A gədə, bu qədər də barıt qoyarlar?!

 

Avropa Parlamenti Azərbaycana, daha doğrusu, iqtidara qarşı qəbul etdiyi məlum qətnamədən sonra yaman tənqidə məruz qalıb. Bir vaxtlar “addım-addım demokratiyaya yaxınlaşırsınız” deyib başlarına sığal çəkdikləri adamlar bu gün onlara diş qıcayır.

Axı bu Avropada da az yoxdu, kürünü ye, adamı əl üstə saxla, sonra da de ki, saxtakarsan, despotsan. Keçən gün də bizim əliaçıq iqtidarın ağzı söyüşə açıq deputataları bu “ermənipərəst qüvvələri” əməllicə yıxıb-sürüdü. Bir o deməkləri qaldı ki, sizə yedirdiyimiz kürü gözünüzdən gəlsin…

Çox söz dedilər, amma iş ondadır ki, açıq demədilər, “savadlı və səviyyəli” deputatlarımız Ezop dili ilə danışdılar. Yəni, onların dediklərini anlamaq, mahiyyətinə varmaq lazımdır. Məsələn, mən acizanə şəkildə etiraf edirəm ki, ancaq bir neçəsinin dediklərini açmağa yetdi savadım.

Az qala, bütün avropalı deputatlarla yaxşıca yeyib-içmiş, bu üzdən süfrə qaydalarını, çəngəl-bıçağı işlətməyi bilən mədəni, hətta öz dilində tərcümədən danışırmış qədər “savadlı” olan deputatımız Səməd Seyidov bu dəfə də “problem” sözündəki “o” hərfini qabardıb ingilis dilində təmiz danışdığını nümayiş etdirdi. Bəyan etdi ki, bu qurum korrupsiyaya bulaşıb vəoranı tərk etmək lazımdır.

Indi bu adamı necə qınayaq? Düz deyir, çünki avropalı deputatlara verilən kürülərdən xəbərdar adamlardan biri məhz özüdür. Vaxtilə kürü yedirdikləri deputatlar indi durub bu qədər mal-mülk sahibi olanlara dirsək göstərəndə necə cavab verməli idilər?!

Işgüzarlığı ilə illərdir deputat olan Səyavuş Novruzov kimi birinin qalib elan olunduğu seçkiyə necə “saxta” deyə bilərlər?! Buna necə cəsarət ediblər, ağıl almır.

Ya da deyəsən, Allah bu avropalıların ağlını başından alıb, elə zənn ediblər ki, xoruz olmasa, səhər açılmayacaq. Alın, bu da sizə cavab. Səyavuş Novruzov da onlara izah elədi ki, ey cahillər, xoruz banlamayanda da səhər açılır. Bunun da açması odur ki, ATƏT seçkini müşahidə etsə də saxtakarlıq edəcəyik, etməsə də. Kimin nə ixtiyarı var desin ki, Azərbaycanda seçki keçirilmir? Keçirilir, amma saxtasından…

Adamın başının üstündə Allah var, Səyavuş Novruzov hər zamankı kimi bu dəfə də“səmimi” danışdı, Güney azərbaycanlılar demiş, düppədüz-müstəqim dedi ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Var da… Iqtidar soyur, xalq söyür. Sonra iqtidar vurur, xalq susur. Bundan möhkəm ittifaq ola bilərmi?!

Burada bir balaca açmaya ehtiyacı olan məsələ var. Avropa gündə bir yazı qoyur ortaya ki, kimin 59 milyonluq yaxtası var, ay nə bilim, bu yaxtaya hər dəfə 220 min dollarlıq yanacaq tökülməlidir. Elə bilirlər, bunu desələr, Azərbaycan xalqı qəzəblənəcək ki, ay adam, mən yeməyə çörək tapmıram, sən 59 milyonu yaxtaya verirsən. Səyavuş Novruzov da avropalılara çatdırmaq istəyir ki, boşuna araşdırıb yazmayın, xalq qəzəblənməyəcək, çünki möhkəm ittifaqımız var. Hökumət soyacaq, onlar da “daha mənim olmayacaq ki…” deyib susacaq.

ZiyafəƏsgərovun “onlar bizə paxıllıq edir” fikrinə kim gülsə, ermənidir. Düz deyir, edirlər də… Daha paxıllıq etmək necə olar? 22 ildir ölkəni soy, tala, sonra da dur de ki, “mən demokratam”. Bunu kim, hansı ölkənin lideri bacarıb? Hansı Avropa ölkəsində elə bir lider, başçı var ki, ölkənin əhalisi acından öldüyü halda, “biz çox inkişaf etmişik, bir az yavaşlamalıyıq” deyir? Harada belə uzaqgörən siyasətçilər var?

Deyildi, xəbərdarlıq edildi, amma kimdi sözə baxan…

Inkişaf etdik, yavaşalmadıq, gördünüzmü başımıza gələni?! Bütün dünyanın paxılları birləşib üstümüzə gəlir.

Niyə qəribçiliyə salırsız, ZiyafəƏsgərov da bunu deyib də

Indi ölkədəki paxıllar da qalxıb yüz söz deyəcəklər ki, bəs ZiyafəƏsgərovun leksikonu düz deyil, siyasi yox, məət leksikonudur, nə bilim nələr… Nə olsun ki, “paxıllıq edir” ifadəsi siyasi leksikona yaraşmır. Axı adam harda, kimə deyib ki, siyasətçidir?

Paxıl olmayın, qoyun adamlar rahat-rahat danışıb kimliklərini qoysunlar ortaya.

Indi də Qüdrət Həsənquliyevin “milli satqın” sözünə qarşılıq olaraq deyəcəklər ki, sən özün satqınsan. Ax, nə qədər cahilik, heç anlamırıq deyiləni. Ay vətəndaşlar, bir az sakit olun, bəs bu deputat elə özü deyib də bunu, daha niyə siz üstünə gedirsiniz. Deməyib ki, ölkədə milli satqınlar var, hakimiyyət, mal-mülk əldə etmək üçün hətta qanını belə satmağa hazırdılar. Görünən kəndə niyə bələdçilik edirsiniz, deputat elə özü həm kənddir, həm bələdçi.

Keçən gün deputatların YAP və əlaltıları üçün tarixi əhəmiyyət daşıyan iclasında başqa bir məqam da ortaya çıxdı. Məni qınamayın, deyəsən, bir-birinin paxıllığını çəkmək yaman dəbə düşüb. Avropa Parlamentini ermənilərə işləməkdə günahlandıranlara orada oturan deputat dostları demədi ki, ay adam, sus, özünü biabır eləmə, yalan danışma, “ermənilərədayaq olduğunu” dediyiniz qurum az əvvəl Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı qətnamə qəbul edib.

Nə isə, olan oldu. Amma kim nə deyirsə desin, deputatlarımız belə qərarlı olmaqda haqlıdılar. Necə qərarlı olmasınlar? Bu ölkənin bütün varidatı, qanunundan tutmuş, məhkəməsinə qədər hər şey əllərində, jurnalist öldürməkdən tutmuş, müxalifətçiləri “narkoman” deyib cəzalandırmağa qədər hər şey də nəzarətlərində. Adamlar səltənət qurublar. Indi deyirsiniz ki, bu boyda səltənəti hansısa quru maaşa işləyən bir yığın avropalı deputatın kaprizinə qurban versinlər?!

ZiyafəƏsgərov demiş, kimdir axı onlar, kim? Bizim əzəmətli, həşəmətli, mənəvi çəhətdən zəngin, elitar, amma hərdən ağzına yiyə dura bilməyib, jurnalistə “Alabala”dan tutmuş, “rədd ol”a qədər çox söz deyən məmurlarımızın yanında…

Özlərini nə zənn edirlər bunlar? Bir bunların havasına, lovğalığına baxın, bizim seçkiləri müşahidə etməkdən imtina ediblər. Hə, nə olsun?! Indi bunlar müşahidə etməyəcək, bu danışan deputatlar, ya da orada olanlar seçilməyəcək?

Və bu deputatlar, YAP iqtidarı keçən gün Avropanı xəyalən partladırdı. Nə edə bilərik, qoy partlatsınlar. Amma vallah, adam əndişələnməkdən özünü saxlaya bilmir, təbii ki, bunlar üçün yox, ölkəsindən ötrü. Cəhənnəmə gedən özü ilə yoldaş axtarar, bunlar da sürükləndikləri zülmətə ölkəni də yuvarlandırırlar. Buna görə də istər-istəməz düşünürsən ki, yəni doğrudanmı bunların arasında bir nəfər ağıllı yoxdur durub desin ki…

A gədə, bu qədər də barıt qoyarlar?!

Zümrüd Yağmur

скачать dle 12.1