Qəribə əhvalatlar.

1-12-2021, 12:11
3 757
Qəribə əhvalatlar.

 

Ölkəmizdə məhkəmə orqanları ilə bağlı zaman-zaman qəribə əhvalatlara rast gəlinib. Bəzən şəxsi əlaqələr, korrupsiya  kimi amillər Femidanı fahişə ilahəsinə çevirir.

Bu cür qəribəliklərdən də biri bu yaxınlarda Hacıqabul rayonunda yaşayan bir gəncin başına gəlib. Bu tarixçənin özəlliyini isə özünüz ayırd edəcəksiniz.

Hacıqabulda yaşayan Zülfüqarov Nurlan Ağamirzə oğlu həbs edilərək  Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən 1 il 6 ay azadlıqdan məhrum olub. 

Buna baxmayaraq, dövlət ittihamçısı Appelyasiya Məhkəməsinə protest verib və işə yenidən baxılıb. Sədrlik edən hakim Abid Abdinbəyovun hökmü ilə  iş qanuni qüvvəsini alıb.

Nurlanın cəza müddəti bitib və o azadlığa qovuşub. Artıq məhkəmələri görə-görə gələn gənc yenidən ittihamçının protestinə tuş gəlib.

Belə ki, dövlət ittihamçısı Bakı Appelyasiya Məhkəməsinin  qərarına yenidən baxılması üçün Ali Məhkəməyə protest verib. Ali Məhkəmə isə öz növbəsində işə yenidən baxılması üçün işi Appelyasiya  Məhkəməsinə göndərib.  Bu məhkəmədə isə hakim Mirzəli Abbasovun sədrliyi ilə qismən istintaq aparılıb, cinayəti törədənlər danışdırılıb və cinayət işinə maddi sübut kimi təqdim edilən diskə baxılıb. Sözügedən informasiya daşıyıcısında  Nurlanın ilk istintaq zamanı videokameranın müşayiəti ilə verdiyi ifadələr yer alıb. Dövlət ittihamçısının bütün cəhdlərinə, çoxsaylı protestlərinə  baxmayaraq,  qərarla iş növbəti dəfə qüvvəsində qalıb.

Bu qərar da dövlət ittihamçısını razı salmayıb və o, Bakı Appelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə protest verib.  Ali Məhkəmənin qərarı ilə işə yenidən baxılması üçün Appelyasiya Məhkəməsinə göndərilib. Amma budəfəki qərar hər kəsi təəccübləndirməyə bilməzdi. Məhkəmə baxışı həyata keçirilib və tərəflər dindirilmədən, heç bir sübut, şahidlər olmadan, özündən əvvəlki 3 hakimin qərarının tamamilə yanlış olduğunu iddia edən hakim Faiq Qasımov Nurlan Zülfüqarovu nə az, nə çox, düz 6 illik azadlıqdan məhrum edib. Beləliklə, dəfələrlə günahsız olduğu sübuta yetirilən və hətta 1,5 il azadlıq dadını çıxaran gənc naməlum səbəblərin qurbanına çevrildi.

Bəli, bu tarixçənin qəribəliyi də məhz bundadır. Məhkəmə sisteminin paradoksallığı insanı dilemma içərisində qoyur. Deməli, biz nəinki savadsız həkimlərdən, həm də hakimlərdən ehtiyatlanmalıyıq. Həkimlər bizim vücudumuza zərər yetirə bildikləri halda, hakimlər mənəviyyatımıza, haqq səsimizə təcavüz edə bilərlər.

Fərq ondadır ki, həkimin yanlışlığı torpağın altında, hakimin səhvi isə dəmir barmaqlıqlar arxasında qalır.

Dövlət iki şeyə sarsıdır. Cinayətkarın azadlıqda qalması və günahsızın həbsdə olması.

Fərhadlı Fərhad

скачать dle 12.1