Vətənpərvərlik manipulyasiyası…

16-08-2021, 19:27
1 406
Vətənpərvərlik manipulyasiyası…

Qənimət Zahid


Faşizmə yuvarlanmaqda olan cəmiyyətlər üçün əla reseptdir. Hərb ritorikası, geosiyasi ziddiyətlər, bu ziddiyətlərin çözümü və ya ilgəklərin daha da dolaşdırılması…
Faşizmə yuvarlanmaqda olan cəmiyyətlər bu sahələrdə at oynada bilir. Hərb, hərb ərəfəsi və hərb sonrası nüanslardan məlumat olmur, burda fantaziya işlətmək lazım gəlir. Kim daha çox pozitivdirsə bir o qədər daha çox vətənpərvərdir.
«Xarici siyasət doğrudur» təbliğat tezisi burdan doğur.
Çünki, bilgi yoxdur, səthi bilgilərlə dərin mövzulara dalmaq yalnız vətənpərvərlik deyil, həm də məsuliyyət göstəricisidir. Yəni, üzmək bilməyən adamın dənizə baxanda ona dalmağı gəlir, amma üzmək də bilmədinsə elə xəyallara dala bilərsən…
Geopolitika əlacsız cəmiyyətlər üçün faşizmin romantikasıdır. Adamları oraya doğru itələyirlər və hamı fərqinə varmadan, daha doğrusu müzakirələrin təhlükəsizliyi və rahatlığı naminə həvəslə oraya yuvarlanır.
Bu geopolitik suallarda «bizim mövqeyimiz doğrudur» hökmündən daha şirin nə ola bilər ki?! Üstəlik, «bizim», yəni hamının. Ayrı- seçkilik etmədən hamının. Oğrunun da, doğrunun da, cinayətkarın da, məsumların da… Birlik! Dünya bizim üstümüzə gəlir, amma görürsüzmü, biz bu basqılara öz birliyimizlə necə cavab veririk?!
Vətənpərvərlik adamlardan keçir. Adamlara aid olan duyğudur. Xəritənin də, dağların da, daşların da vecinə deyil. Və o yerdə ki, söhbət həmin bu adamların taleyindən gedir… Bunlar təfərrüatdır. Bunlara əhəmiyyət verməyin. Bu problemlər bütün ölkələrdə var.
Məhv edilən, bəxti düyünlənən, taleyi qara yazılan, faşizmin təqdim etdiyi o qüdrətli vətəndə insan həyatından məhrum edilən… adamları boş verin. Bunları danışmayın. Vətənpərvərcəsinə səslənmir ! Düşmən dəyirmanına…
Taleyi ilməsi qaçmış corab kimi yamaq ehtiyacı ilə pərişan görükən insanların Vətənpərvərlik hekayətləri coğrafiyanın fərəhli və rəngarəng naxışları altında gizlənir.
Quş uçuşundan baxın vətənə. O zaman vətənpərvərlik duyğularınız daha kəskin olacaq.
Vətənə adamların arasından baxmayın…
Vətənpərvər olun.
İnsanlığı və insanpərvərliyi boş verin. Bu problemlər dünyanın hər yerində var.
Geosiyasətdən danışın. Vətənpərvərlik duyğuları orda təcəlla edir.
Geosiyasi ziddiyətlərin arasından baş çıxara bilirsizsə, demək ölkəmizin sabahı üçün əlinizdə hazır reseptlər var. Baş çıxara bilmirsizsə də, eybi yoxdur, başınızı qarışdırın, mütləq bir nəticə əldə edəcəksiz.
Prezident təkdir, yazıq neyləsin. Ona vaxt lazımdır. Siz ölüb qurtarana qədər.
Vətənpərvər olun.

скачать dle 12.1