Əlinin papağını Vəlinin başına qoymaq

6-01-2020, 14:45
17
Əlinin papağını Vəlinin başına qoymaq
Azərbaycanda yaxşı bir deyim var. Əlinin papağını Vəlinin başına qoymaq, Vəlinin papağını Əlinin başına. Bu deyimi dərin mənası olmayan dəyişikliklər haqqında, həllini tapa bilmədiyin problemlərin müvəqqəti olaraq həll vaxtının uzaqlaşdırılması üçün görülən yalançı həllər haqqında və digər oxşar hallarda işlədirik.
Son günlər İlham Əliyevin etdikləri mənə yuxarıda qeyd etdiyim deyimi xatırladır. Mən bu yazımda olunan kadr dəyişiklikləri haqqında yazmayacağam. Çünkü Əliyev rejimində məmurlar böyük mexanizmin xırda çarxlarıdırlar, adların dəyişməsi heç nəyi dəyişmir. Sadəcə onu deyim ki, ümumi xətti dəyişmədən, bəsit demokratik qaydalara riayət etmədən, repressiv və rüşvətxor sistemi saxlayaraq reformalar adıyla hakimiyət orqanlarında dəyişikliklər edərək, naftalin iyi gələn məmurları işdən azad edərək xalqın gözündə yenilikçi prezident kimi görünmək istəyi var Əliyevin könlündə. Hələ də utanmadan, çəkinmədən kamera qarşısında məmur özbaşınalığından və rüşvətxorluğundan danışmağa özündə üz tapır. Nədənsə öz ailə üzvlərinin ölkədən çıxardığı neft pulları hesabına xaricdə malik olduğu daşınmaz əmlaklar və digər kapitalı unudur amma bu çıxışlarında. İkiüzlülük ancaq bu qədər ola bilər.
Ölkə mərkəzində dinc mitinqə toplaşan cavan, yaşlı, qadın, kişi baxmadan zor tətbiq edərək, min cür vəhşiliklə dağıtmağa əmr verdiyi o adamların üzünə baxaraq eyni sözləri deməyə cəsarəti çatar görəsən hörmətli prezidentin? Siyasi sloqanları bir tərəfə buraxaq, qadına yönəlik şiddətə qarşı öz səslərini ucaldan cavan qızlara, qadınlara tıtbiq olunan şiddət və vəhşilikləri necə başa salmaq olar? Bunların hamısından xəbərdar olan və o şəraiti yaradan siyasi sistemin başında olan İlham Əliyev hansı üzlə reformator donu geyinmək istəyir? Nə qədər ki Əliyev rejimini yerindən tərpədib sistemi tam dəyişməyə nail olmayacağıq, hələ çox belə suallar verəcəyik öz-özümüzə.
P.S. Bu arada, yuxarıda qeyd etmədim. Prezident həm də son qərarları ilə cavan nəsil kadrları irəli çəkir. Bunun bariz nümunəsi kimi, AMEA prezidenti vəzifəsinə 85 yaşlı Akif Əlizadənin yerinə 81 yaşlı cavan kadr Ramiz Mehdiyevin təyin olunmasını göstərmək olar.
Zərifə Acalovaскачать dle 12.1