Şükür, güllə məndən yan keçdi!

20-06-2014, 12:47
0
Şükür, güllə məndən yan keçdi!

Qətrə-qətrə, çimdik-çimdik, damcı-damcı...  Beləcə,  simamızı, ardınca  adamlığımızı, ləyaqətimizi, abır-həyamlzı  itiririk. Elə  itirə-itirə  də  baş  alıb harasa  gedirik...

Lənət  şeytana!  Dünənəcən  burnu  qanayan  yad  bir  uşaq  görəndə özündən gedən  bizlər, bu  gün  diri-diri  insan başlarının kəsilməsinə tamaşa  edirik - özü də  maraqla, bəzənsə, ləzzətlə (?!).  İynə  ücü  boyda  günahı  olmayan  insanlara atılan camura, böhtanlara,şər-şəbədələrə, onların  təqib, təhqir,  həbs edilməsinə  biganəlik  göstəririk. Ağzımızı  kilidləyir,qulaqlarımızı bərk-bərk  tıxayır, gözümüzü  yumuruq: “Bizə dəxli  yoxdu! ” deyirik. “Off!.. Şükür, güllə  məndən  yan  keçdi!..” deyirik.  “ Nə  yaxşı  ki, tutulan, əzilən,döyülən, öldürülən  biz  deyilik!..” deyirik.

Haramı, yalanları, saxtakarlıqları, yaltaqlıqları,  dəyusluqları, ədalətsizlikləri  görə-görə susuruq!  Susuruq və  susa-susa  da  öyrəncəli  oluruq... Nəticədə, ürəyimiz  buz  bağlayır, özümüz  isə  laqeydləşir, keyləşir, həyasızlaşır, sırtıqlaşırıq -  yavaş-yavaş, damcı-damcı ,qətrə-qətrə, çimdik-çimdik, zərrə-zərrə!.. Bu  azmış  kimi,: “ Lənət  sənə, kor  şeytan!”deyirik. Öz  elədikləriimizi , yəni   öz  eyibli-suçlu   şələ-küləmizi  şeytanın  belinə  yükləyirik.  Doğrudan da,  hamımızın vəziyyəti,  necə deyərlər, ruscadı,   bəlkə  də  elə ingiliscədi!.. Nə işıq  gələn, nə də   it hürən  tərəfi  seçib ayırd  eləyə bilmirik ki,  bilmirik.  Elə  bil azmışıq- yol-yolağanı, səmti    itirmişik... Lap nağıllarda  olduğu  kimi:  sağa getsən –öləcəksən, sola  getsən - sağ  qalmayacaqsan, qabağa  getsən-  ölməyinə  ölməyəcəksən, amma  sağ  da  qalmayacaqsan! ( Bircə  qalır   arxaya  getmək... ora da  tərs  kimi  həmişə “zanit” olur).

Və  günlərin  bir  günü  ayılıb  da  güzgüyə  baxacaq  və  görəcəyik  ki,  güzgüdən  bizə  baxan... HEÇ  KİMDİR!

İlahi, bizi  HEÇ KİM  olmaq dəhşətindən  qoru!  Amin!

Nəzərov  Elşən

скачать dle 12.1