SÜKUTUN 59-CU GÜNÜ

18-06-2012, 16:33
0
SÜKUTUN 59-CU GÜNÜ



"Məhəbbət - Xəncərmi? Yoxsa atəşmi?
Daha bundan artıq nə demək olar!
Gözə tanış olan ovuclar kimi,
Doğma bir övladın əziz adıtək,
Məhəbbət insanı kəsər, ağrıdar"

             Marina Tsvetayeva


"Həyatın qəribə anları varmış. Təzada bax. İndi hər an mən üzülürəm ki, niyə mənimlə bir yerdə deyilsən. Əminəm ki, sən düşünürsən ki, nə yaxşı ki, bir yerdə deyilik". 
Yəqin ki, professor Rafiq Əliyevin "40 il oldu" yazısındakı bu misralar olmasaydı, indi qələmə aldığım yazı sonsuza kimi yazılmamış qalacadı. Lakin hörmətli professorun sevgi və kədər qarışıq daxili dünyasının məhsulu olan məlum yazını oxuduqdan sonra içimdəki duyğuları ortaya qoymağı qərara aldım.
Əslində bu yazını yazmağıma səbəb olan amillərdən biri də hörmətli professora təxminən iki ay bundan öncə verdiyim bir söz oldu. Belə ki, yuxarıda qeyd etdiyim kimi, Rafiq Əliyevin sevimli həyat yoldaşı Aidə xanımın vəfatının ili ərəfəsində ölkə mətbuatında dəyərli ziyalının "40 il oldu" sərlövhəli bir yazısı çap olundu. Başdan-başa sevgi dolu, uşaqcasına məsumiyyət və saflıqla qələmə alınan məqalədə yazı müəllifinin həyat yoldaşından ayrı keçən son bir ili olduqca təsirli bir dillə əks olunmuş, sadə, səmimi və bir o qədər də nisgilli bir şəkildə təsvir edilmişdi. O zaman, yəni sözügedən yazı hələ ölkə mətbuatında çap olunmamışdan öncə həmin yazını elektron ünvanıma göndərən Rafiq müəllim məndən həmin yazıya nəzər salmağı və gərəkirsə bir jurnalist olaraq "əl gəzdirə" biləcəyimi söyləmişdi. Əslində bu, hörmətli professorun həmişəki sadəlik və təvazökarlığının göstəricisi idi və mən dəqiq bilirdim ki, o yazının hansısa cümləsini deyil, hərfini belə dəyişməyim həmin yazıya yalnız xələl gətirə bilərdi. Odur ki, dünyanın ən ağrılı sevgi etirafı, ən böyük nisgil və həsrətindən biri sayılacaq həmin yazını oxuduqdan sonra R.Əliyevə bu yazı ilə bağlı təəssüratlarımı qələmə almaq istədiyimi bildirdim. Lakin hörmətli professorun razılığını alandan sonra anladım ki, bu, o qədər də sadə bir iş olmayacaq. Fəqət düz 59 gündən sonra da olsa verdiyim vədə əməl etməyi, hörmətli professor və onun sevgi dünyası ilə bağlı düşüncələrimi sətirlərdə əks etdirməyə çalışdım. İnanmaq istərdim ki, dəyərli professor onun böyük eşqinə həsr etdiyim bu yazıdakı bütün çatışmazlıqları üzürlü sayacaq və bu nöqsanları mənə bağışlayacaqdır. 

İtki və təsəlli


Nədənsə, sevdiyini itirən insana təsəlli verməyi hər zaman artıq hesab etmişəm. Ona görə yox ki, bəzən elə anlar olur ki, hətta təsəlli üçün belə heç nə tapıb demək olmur. Ona görə ki, hətta ümid və inamla köklənən ən ovsunlayıcı təsəlli belə həmin itkinin yaratdığı boşluğu zərrə qədər də olsun doldurmur. Zənnimcə, istənilən böyük, bərpası mümkün olmayan itkinin yerini yalnız ağrı doldura bilər və ona görə də bu cür itki ilə üzləşən insana təsəlli verməkdənsə, o itki qarşısında ehtiramla susmaq, qarşı tərəfin kədər və iztirabına lal bir sükutla həmdəm olmaq daha doğrudur. Baxmayaraq ki, bəzən itki o qədər böyük və sarsıdıcı olur ki, insan hətta ən səfeh təsəllini belə qeyri-iradi olaraq ona qarşı qoymağa, ruhi və cismani boşluğun yerini uzaq və reallaşması mümkün olmayan xəyallarla doldurmağa ehtiyac duyur. Lakin bütün hallarda itki itki olaraq qalır və heç bir təsəlli bu itkinin acısına məlhəm ola bilmir. Bu qəbildən olan itkini insana unutduracaq yeganə qüvvə qismində yalnız ölüm çıxış edir. Yalnız ölüm bizim bütün iztirabımıza son qoymaqla bizi həm özümüz, həm də başqaları qarşısında duyduğumuz məsuliyyət hissindən azad edir. Ancaq nə qədər ki, ölüm gəlməyib, nə qədər ki, qəlbin son döyüntüsü başa çatmayıb, ağlın son işartısı sönməyib, itki insanla birgə yaşamaqda davam edir. Bu baxımdan itkinizin günəş və səma altındakı son gününüzə qədər sizinlə birgə yaşayacağına əminəm professor. Lakin yenə də bir gerçəyi sizə xatırlatmağı lazım bilirəm. Siz daha etibarlı çıxdığınız professor, siz hətta ilahi təqdir qarşısında belə öz sevdiyinizi gözü yaşlı qoyub getmədiniz. Əgər yaşadığı itkidən dolayı iztirab çəkən bir insana təsəlli vermək şərtdirsə, bunu özünüzə ən böyük təsəlli hesab edə bilərsiniz professor. Bir də unutmayın ki, zamanı yetişincə öz həyat yoldaşınıza yenidən qovuşacaqsınız və o zaman yaşadığınız bütün acıları tək bircə təbəssümlə necə unutduğunuza özünüz də heyrət edəcəksiniz.  Bu gün isə sizin üçün nə qədər çətin olduğunu təxmin edə bilirəm. Onu da bilirəm ki, bütün bu təxminlər yaşadığınız ağrının yalnız cüzi bir qismini əks etdirməkdədir və onu tam olaraq duya biləcək yeganə insan yenə də sizsiniz.

Nə hiss etdiyinizi bilirəm!

Mən yaşadığınız itkidən dolayı nə hiss etdiyinizi, qəlbinizin və beyninizin dərinliyində nələr düşündüyünüzü bilirəm. Mən yaxşı bilirəm ki, bundan sonra nə birgə gəzdiyiniz yerlərə edəcəyiniz səfərlər, nə xoş, sevincli xatirələrinizin olduğu məkanları təkrar ziyarətiniz sizə ağrıdan, nisgil və qüssədən başqa heç nə qazandırmayacaq. Siz birgə anlarınızın keçdiyi hər məkanda öz tənhalığınız daha dərindən, öz yaranızın böyüklüyü və əbədiliyini daha içdən hiss edəcəksiniz. Xoşbəxt günlərinizi xatırladan hər şey, təbiətin bütün gözəllikləri sizin üçün öz mənasını itirəcək və siz əzab hissi ilə anlayacasınız ki, bütün o gözəlliklər, sevgi və sevinc dolu bütün o anlar həmişəlik keçmişdə qalıb. Günəşin hər doğuşu, ləpələrin hər titrəyişi, küləyin hər pıçıltısı sizə qarşı heç kimin duymadığı bir ittihama çevriləcək. İçinizdə hətta özünüzə belə etiraf etməyə qorxduğunuz qəribə bir günahkarlıq hissi baş qaldıracaq. Sevdiyi insanı torpaq altında buraxan, onu ölümün qollarına təslim edən bir insanın yaşamaqdan dolayı duyduğu günahkarlıq hissi. Bu hiss bütün həyatınız boyu sizi təqib edəcək və nəticədə sizdə həyata qarşı bir laqeydlik formalaşdıracaqdır. Həyatının ən böyük sevincini itirən, öncə cənnət bəxş edilən və daha sonra bu cənnətdən məhrum edilən hər bir insanın həyat və yaşama qarşı duyduğu laqeydlik hissi. 
Bəli, mən nələr hiss etdiyinizi bilirəm. Hər kəs yatan gecələrdə sevdiyiniz insanın səsi, gülüşü, qoxusu hopan divarlarla xəyalən necə danışdığınızı, səhəri olmayan axşam təsiri bağışlayan uzun-uzadı gecələrdə keçmişi təkrar-təkrar, ən xırda detallarına qədər minlərlə kəs necə vərəqlədiyinizi bilirəm. Mən yaxşı bilirəm ki, içinizdə həyat yoldaşınızla bağlı elə müəqddəs xatirələr var ki, onu öz doğma övladlarınızla belə bölməyə xəsislik edirsiniz. Sizə elə gəlir ki, yalnız ikinizə məxsus bu xatirələri kimliyindən asılı olmayaraq üçüncü bir şəxslə bölmək həmin xatirələrin saflığına, müqəddəsliyinə xələl gətirə bilər. Odur ki, bu xatirələr üçün ən etibarlı ünvan həmin xatirələrə illər uzunu ev sahibliyi edən yenə eyni ürək olmalıdır. Bir ildir ki, yaralarından axan qanı daxilinə süzülən, sağalması imkansız olan böyük insan - Rafiq Əliyev ürəyi.

Ölümə gülümsəyin professor...

Aidə xanımın vəfatından sonra R.Əliyevlə bir neçə dəfə görüşmüş, hörmətli professorun müxtəlif məsələlərlə bağlı mülahizələrini hədsiz maraq və zövqlə dinləmişəm. Bütün bu görüşlər ərzində R.Əliyevin bütün hərəkətlərinə - məmnunluqla gülümsəməsindən tutmuş insanın gözünə zillənsə də, bilavasitə qəlbinə nüfuz edən mehriban və şəfqətli baxışlarına kimi hər bir davranışını diqqətlə izləmişəm. Və hər zaman düşünmüşəm ki, bunca yara alan bir insan içindəki bu qədər iztirab və kədərlə necə gülümsəyə bilir? Ümumiyyətlə, bir insanın param-parça olan, yarıya bölünən bir ruhla başqasını dinləməyə, onunla fikir mübadiləsi aparmağa necə səbri çatır axı?
Lakin çox keçmədən anladım ki, bu, sevdiyini itirən, onu xatirələrin və röyaların boşluğunda axtaran bir insanın təbəssümü deyil. Bu, öz elmi, zəkası, mənəviyyatı ilə bütün bəşəriyyətə bir örnək təşkil edən böyük bir alimin, kamil bir şəxsiyyətin - alim R.Əliyevin təbəssümüdür. Lakin bu təbəssümdə sevən R.Əliyevin payı yoxdur. Bəlkə də alim R.Əliyevin təbəssümünün bir səbəbi də sevən R.Əliyevin qəlbindəki ağrını, ruhundakı iztirabı gizlətməkdir. Bəlkə də R.Əliyev bu sevginin indi ona bəxş etdiyi ağrını belə kimsə ilə bölüşməyi lazım bilmir və düşünür ki, bu müqəddəs ağrı Aidə xanıma məxsus bütün hisslər kimi yalnız öz qəlbində boy atıb böyüməlidir. Bəlkə də hər şey tamam başqa cürdür, kim bilir...
Ümumiyyətlə, sevdiyini itirən hər kəs qanadlarından birini itirən quşa bənzəyir. O, nə qədər mətin, nə qədər güclü, nə qədər iradəli olsa belə, bir daha əvvəlki zirvəyə yüksələ bilmir. Vaxtilə üzərində qanad çaldığı, ətrafındakı hər şeyə bu zirvədən baxdığı yüksəklik onun üçün həmişəlik əlçatmaz, ünyetmaz olur. Bir vaxtlar güc və səadətin zirvəyə yüksəltdiyi tale onu əbədilik bu zirvəyə həsrət qoyur. Bundan sonra o zirvə yaralı insan qəlbində keçmiş səadətin lal, dilsiz şahidi, xoş xatirələrin uzaq yadigarı kimi yer alır. Geridə qalan xoşbəxtliyin hər xatirəsi insana ötən illərin fərəhini təkrar-təkrar xatırladır. Lakin bu xatırlama insana sevinc gətirmir, əksinə onu daxilən əzib məhv edir. Lakin bununla belə sizi hələ də qarşıda sevincli bir anın gözlədiyini söyləyə bilərəm professor. Elə bir sevinci ki, siz onu ömrünüzün son dəqiqələrində, bu dünya - onun bütün pislik və gözəllikləri ilə həmişəlik vidalaşan zaman duyacaqsınız. Bütöv bir ömrə bərabər sayılacaq o sevinc sizi ölümlə eyni vaxtda salamlasa da, həmişəlik siiznlə qalacaq. 
Deyirlər ki, insan ölənə yaxın Allah onu haqq dərgahına aprmaq üçün həmin adamın artıq haqq dünyasında olan ən çox sevdiyi insanları göndərir. Can verməkdə olan şəxsin gözünə görünən bu insanlar onu doğma, mehriban təbəssümlə özlərinə tərəf səsləyir. Ölüm yatağında olan insan ölümün üzərinə doğma simaların, həsrətini çəkdiyi gözlərin çağırışı ilə yürüyür. Bu, bəlkə də bütün insan ömründə insanın ölümdən qorxmadığı, ona meydan oxuduğu yeganə andır. Bu baxımdan, əmin ola bilərsiniz ki, zamanı yetişəndə Tanrı sizi göylərin əbədi maviliyinə aparmaq üşün ən sevdiyiniz insanları göndərəcək və heç şübhəsiz ki, bu insanlar arasında Aidə xanım da olacaqdır. Əminəm ki, başqa bir dünyanın sərhəddindən sizə baxan o gözlərdə həsrətini çəkdiyiniz mənəvi rahatlığı tapacaqsınız. Və o gözlər sizi son kəs mətin olmağa, ona qovuşmaq, onunla həmişəlik bir yerdə olmaq üçün son kəs cəsarət göstərməyə çağıracaq və sizə səssizcə deyəcəkdir: "Sadəcə bir addım və bundan sonra həmişəlik mənimsən!".
Odur ki, Tanrı qərarı hasil olduqda ölümə qorxmadan, cəsarətlə gülümsəyə bilərsiniz professor. Çünki bu dünya ilə vidalaşanda əsla tək olmayacaqsınız. O zaman sizin yanınızda ən çox sevdiyiniz bir insan olacaq və o insan sizin əlinizdən tutaraq səmanın dərinliklərinə doğru qanadlanacaqdır. Bu dünyada yarıda nöqtələnən bir səadəti tamam başqa bir dünyada sonsuza qədər davam etdirmək üçün.

 

Seymur Əliyev

скачать dle 12.1