Və birdən özümə də, bütün millətə də yazığım gəldi.

21-03-2016, 10:55
4 213
Və birdən özümə də, bütün millətə də yazığım gəldi.

Bu günlərin söhbəti olar. Kanalların birində “müzakirə” gedirdi. Əsəbiləşsəm də dedim ki, qoy, bir bunu dinləyim, görüm, nə deyirlər... Telekanallara nəinki müxalif, hətta müstəqil düşüncəli insanları belə buraxmırlar. Bunu deməklə yəqin ki, elə bir kəşf etmədim. 

“Müzakirə” də iştirak edənlərə baxırdım. Hamısını tanıyırdım. Bir-bir onlara baxır və ürəyimdə deyirdim, ki, bəli, bunu tanıyıram, bir vaxt müxalifətdə heç yüzüncü adam da deyildi, indisə bizə ağıl öyrədir...

Beləcə, bircə-bircə bütün “müzakirə” iştirakçılarının “xarakteristika” sını cızırdım ürəyimdə. Və birdən özümə də, bütün millətə də yazığım gəldi. Qəfil beynimdən bir fikir keçdi: bizi kimlərə tapşırmısan, İlahi?..

İnsanların “budanması” əməliyyatı ilə çoxdan tanışam. Müxalifətdə də belə tendensiya vardı. Müxtəlif qruplar çalışırdılar ki, heç kim onların “lider” indən önə keçməsin və yalnız onların “lider”i ən ağıllı, ən savadlı və ən yenilikçi adam kimi görünsün... 

Hətta bir fikir, ideya olanda da onu sənin özünə deməyə imkan vermirdilər. Deyirdilər ki, qoy, filankəs bəy desin... Yəni camaatda belə təsəvvür yaransın ki, məhləmizdə bir oğlan var, o da elə filankəs bəydir!..

Bunu həyatda görməmişdən əvvəl filmlərdə də müşahidə etmişdim. Bir filmdə gördüyüm hələ də yadımdan çıxmır. 

Hitlerin hakimiyyətə gəlişinin ilk illərini göstərirdilər - sırada ondan da uca adamlar vardı... Bir neçə ildən sonrakı kadrları göstərirdilər - artıq Hitlerdən uca adam yox idi...

Belə halları canlı həyatda görəndə məndə həmişə dəhşətli etiraz doğurdu. Düşünürdüm ki, beləcə, bütün millət “budanır”, onun potensialını özündən gizlədirlər...

Amma özümə təsəlli verirdim ki, nə yaxşı biz müxalifətik, bütün Azərbaycan deyilik. Adam təsəlli tapırdı ki, nə yaxşı ki, biz hələ hamı demək deyilik...

Qərəz, qayıdıram mətləb üstünə, bizim “siyasət və fikir ulduzları”na... Həqiqətən insan dəhşətə gəlir! Mən müsəlmanam. Amma digər dini kitabları da oxumağa çalışmışam, xüsusən də “İncil”i... Orada bir yer var. Yazırlar ki, sizdən axırıncılar birinci olacaq...

Təbii ki, mən “İncil”dən sitatı bu konteksdə heç işlətmək istəməzdim. Amma elə həqiqətən də baxıb görürsən ki, ən axırıncılar birinci olub...

Belə bir vəziyyət iki halda olur. Biri o vaxt olur ki, kütlə hakimiyyətə gəlir və kim daha bərk qışqırırsa, o da önə keçir...

Bir də avtoritar, totalitar idarəçilik zamanı belə hallar baş verir - insanları yaltaqlığa, rejimə sədaqətə görə irəli çəkməyə başlayırlar. Beləcə, axırıncılar, ən geridə qalanlar gəlib birinci olurlar, çünki onlarda heç nə olmur, yalnız bir hissdən savayı: “Mən sizə sübut edəcəm!..”...

Belələrinə təbiət görkəm, zəka vermədiyindən onlar çox acıqlı olurlar, ürəklərində hər şeyə nifrət edirlər. Və belələri önə keçəndə həqiqətən də elə bir səhralıq başlayır ki, adam onu təsvir belə edə də bilmir - heç kimə imkan vermirlər...

İndi mən də bizim böyük “siyasət təhlilçi” lərinə baxanda beynimdən yalnız bu hisslər keçirdi. Düşünürdüm ki, imkanları olsaydı belələri düşərgələr, qaz kameraları düzəldərdilər... Həmin kameralarda özlərindən ağılca və boyca uca olanları boğardılar...

Ən dəhşətlisi odur ki, biz bunları tanıyırıq, hansı “yuvanın quşu” olduqlarını bilirik. Amma gənclər və yeniyetmələr onları tanımır. Onlar elə doğrudan da bu adamlara baxanda deyirlər ki, bəli, bunlar bizim “fikir nəhəngləri”mizdir...

Bizim heç olmasa, bircə hüququmuz qalıb - ürəyimizdə onlarla razılaşmamaq və bacarsaq, onların “dürlü fikirlər”ini tirajlamamaq...

Fəqət, dərindən düşünəndə bu da bir təsəllidi. Ona görə təsəllidi ki, onlar bizdən qat-qat güclüdürlər. Bəli, telekanallar onların “fikir” lərini tirajlayır, baxanlar və bu adamları tanımayanlar deyir ki, kişilər həqiqətən də fikir nəhəngləridir....

Bizim gücümüz nəyə çatır? Bir-iki dost-tanışa deyə bilirik ki, əşi, qulaq asma, dedikləri cəfəngiyatdır...

Köməyi olurmu? Düşünmürəm, çünki bu adamlar bizim kimi insanların bir obrazını yaradıblar - uğursuzlar...

Bəli, onlar uğurlu, biz isə uğursuzuq. Onlar ağıllı, bizsə ağılsızlarıq. Nə demək olar? Taledirmi? Görünür ki, belədir... 

Birini  şəhərdə görmüşdüm. Dedim ki, təbrik edirəm, böyük politoloq olmusan. Əzildi-büzüldü, amma bir söz demədi...

Fəqət, nə faydası? Əsas odur ki, onlar öndədirlər. Onlara da elə bu lazımdır - əsas odur ki, əlləri piroqa çatsın...

 

Hüseynov Vüsal

 

скачать dle 12.1