"Təhsil, mütaliə pis örnək olur".

13-10-2015, 01:03
0
"Təhsil, mütaliə pis örnək olur".
"Təhsillə, mütaliə ilə məşğul olmaq pis örnəkdir". Rəis müavini


  14 saylı Cəzaçəkmə Müəssisəsində saxlandığım zaman bütün hüquqi proseslərə əməl etdim. Qanunların işləmədiyini, siyasi sifarişlərin hökm sürdüyünü isbat üçün boş vaxtım çox idi. Hələ ki, siyasi məhbus isən sənin üçün bütün yollar bağlı olur. Yalnız adminstrasiyanın qərarı lazım, sənin haqqında hər hansı qanunun tətbiqi üçün.
  Dəfələrlə Qaradağ rayon Məhkəməsinə müraciət etmiş, qanunların icazə verdiyi şərti azadlıq və ya məntəqə tipli CÇM-yə köçürülməyim haqda ərizəmin təmin edilməsini tələb etmişəm. Hər dəfəsində ərizəm təmin edilməyib, apellyasiya şikayəti vermişəm - o da eyni mərkəzdən idarə edilən qürum olduğundan təmin edilməyib. 
  Bir gün təkrar məhkəməyə müraciət etdim. 14 cü kolonun rəis müavini Natiq Hacıyev də məhkəməyə barəmdə mülahizə yazmalı idi, yazdı. Sifarişə əsasən mülahizədə məni pisləməli idi. O bunu məharətlə bacarırdı. Nə də olsa bu rejimin bir parçası idi və yalan, böhtan onun həyat tərzi idi. O sifarişi can-başla yerini yetirirdi. Aşağıda gördüyünüz şəkil həmin mülahizədən bir hissədir. Qırmızı xətt çəkdiyim cümlə isə yalan yox, biyabırçılığın göstəricidir. Rəis müavini mülahizəsində təhsilə yüksək münasibəti, mütaliəni mənfi hal kimi qiymətləndirirdi.
14 saylı CÇM rəis müavini N.Hacıyevin barəmdə yazdığı mülahizə. 16.08.2013
 
Bu cümlə ilk öncə məni yaxşı mənada təəccübləndirmişdi. Barəmdə heç olmasa bir yaxşı cümlə işlətdiyini düşünmüşdüm. Amma Natiq Hacıyev "sevincimi" ürəyimdə qoydu (bu haqda aşağıda qeydim var)....
                                                         
                                                                                            * * *

  Şəkildə gördüklərinizə, barəmdə olan "ittihamlara" biraz əlavələrim, daha doğrusu cavabım var. Hansı ki, bu cavabı elə Natiq Hacıyevin də iştirak etdiyi həmin məhkəmədə bildirmişdim.
Rəis müavini yazır ki, "məhkumun əməyə münasibəti qənaətbəxş deyil".
- Qeyd edim ki, saxlanıldığım müəssisə Əmək Müəssisəsi deyil, Cəzaçəkmə Müəsisəsidir. Burada məndən hər hansı əmək tələb edilə bilməz.
Daha sonra "müəssisənin abadlaşdırılması və məhkumların mədəni -məişət şəraitinin yaxşılaşdırılması işlərində iştirak etməyə həvəs göstərmir" deyə Hacıyev yazıb.
- Müəssisənin abadlaşdırılması, məhkumların mədəni-məişət şəraitinin yaxşılaşdırılması mənim (məhkumun) yox, müəssisə rəisinin işidir. Mən sadəcə məhkumam və kolonu abadlaşdırmaq kimi vəzifəm yoxdur.
  Mülahizədə deyilir ki, "cinayətini etiraf etmir, peşmançılıq hissi keçirmir, məhkəmə qərarı ilə razılaşmır və əsassız həbs olunduğunu bildirir".
- Bəli, belədir. Niyə razılaşmalıyam, siyasi fəaliyyətimdən dolayı sifarişli həbs edilmişəm. Nə üçün peşman olmalıyam, vətənimi, xalqımı sevdiyim üçün? Yox, düz demişəm, peşman deyiləm. Hökm oxunanda da bunu demişdim, sözümün üstündəyəm.
Sonra Natiq Hacıyev ən biyabırçı açıqlaması ilə hakim, prokuror və məni güldürə bilir. Belə ki, o qeyd edir: "məhkumun təhsilə münasibəti müsbətdir, müntəzəm olaraq müəssisənin kitabxanasında mütaliə ilə məşğul olur və mətbuatla maraqlanır".
N.Hacıyev bunu müsbət hal kimi yazıldığını düşünən hakim və prokurora tez şifahi açıqlama verir. O bildirir ki, "bu müsbət hal deyil, əksinə mənfi haldır. Məhkum bütün günü kitabxanada, axşam isə öz yataq yerində ancaq mütaliə ilə məşğul olur. Dəstə kollektiv şurası (bu ad yalnız formal xarakter daşıyır, bunu məhkumluq yaşayan hər kəs yaxşı bilir) işlərində iştirak etmir. Digər məhkumlara qarışmır və onlara yalnızlığı, kitaba qapanmağı aşılayır. Ancaq məhkum digər məhkumlara qaynayıb qarışmalı, birgə yaşayış qaydalarına əməl etməli, onlarla sıx ünsiyyətdə olmalıdır".
Bunu Ədliyyə Polkovnik-leytenantı Natiq Hacıyev deyir. Bu rəis müavininin, min nəfərə yaxın məhkumun tərbiyyəvi işlər üzrə səlahiyyətlisinin açıqlamasıdır. O adama görə bu açıqlaması normaldır. Çünki bu adam Pentensiar Xidmətindən 14 cü kolona göndərilən 360 ədəd kitabı maşınına yığıb aparıb satan adamdır. Əlbəttə məhkumun mütaliə etməsi onu narahat edəcək. Bu həm də diktatura rejiminin maraqları ilə üst-üstə düşən siyasətdir. İnsanlar oxumasın. biliyini artırmasın və.s.
 
Daha sonra Hacıyev bildirir ki, 02.05.2013 tarixində, əvvəllər dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, icazəsiz olaraq yataq yerində yatdığıma görə "xəbərdarlıq" edilmişdir.
- Xatırladım ki, Cəzaların İcrası Məcəlləsində 10 cu maddə (məhkumların əsas hüquqları) 2 ci bənd 2də buna aid maddə nəzərdə tutulub. Belə ki, məhkumun günorta saat 13:00 - 16:00 arası istirahət hüququ var. Sadəcə bu hüququmdan istifadə etmişəm və sona kimi də etdim. Ancaq bu "zon"da rəisin biznesini pozmağım kimi dəyərləndirilirdi. Çünki həmin hüquqdan istifadə edən, yəni günorta öz yataq yerində istirahət edən məhkumlardan 1 manat məbləğində rüşvət alınırdı. Yəni öz hüququnu məhkuma pul isə satırdılar. Mən isə yatır və digər məhkumlara bunun qanunla icazəli olduğunu bildirirdim. Mənim yatmağımı görən digər məhkumlarda yatırdı, o zaman isə onlardan rüşvət almaq olmurdu. çünki məni göstərib "o niyə yatır və ona söz demirsiz" deyə bilirdilər.

 PS. Türmə xatirələri bir ayrı maraqlı olub. Bu gün o günlərə baxdıqda, gündəliklərimi oxuduqda daha necə gülünc məmurların olduğunu xatırlayıram.
Rəsul Mürsəlov
скачать dle 12.1