Qarabağ probleminin həlli nə vaxta qaldı?

2-02-2016, 17:13
0
Qarabağ probleminin həlli nə vaxta qaldı?
Qonşu Rusiyanın xarici işlər naziri S.Lavrovun bu yaxınlardakı açıqlamasından belə məlum oldu ki, onun nə özünün, nə də ki, ölkəsinin Qarabağ probleminin həlli ilə bağlı hər hansı planı yoxdur və digər həmsədrlər kimi Rusiya da, sadəcə, bu gün tərəflər arasında diplomatik vasitəçilik etməklə məşğuldur...
 
Bizim üçün bu, fövqəladə bir xəbər olmadı. Hətta Litvanın sabiq liderlərindən biri olan V.Landsberqis də Qarabağın işğalının arxasında Rusiyanın dayandığını və bu işğala daim dəstək olduğunu deyirsə, Rusiyadan nəsə ummağa dəyərmi? 
Bu açıqlamadan azacıq sonra toplantıların birində Azərbaycan prezidenti də Minsk Qrupunun həmsədrlərini xeyli tənqid etdi. Xatırladaq ki, Azərbaycan rəsmiləri əvvəllər də həmsədr ölkələr barəsində tənqidi fikirlər səsləndirirdilər. Amma bu il müəyyən gözləntilər vardı...
Düzdür, hələ də müəyyən etmək olmur ki, onlar haradan və necə qaynaqlanırdı? Bütün bunlar jurnalistlərin təxəyyülünün məhsulu idi, yoxsa ortalıqda həqiqətən də bir təşəbbüs vardı? 
Bir daha deyirik ki, bir il ölkənin xarici siyasətini onun xarici işlər nazirindən daha yaxşı bilən tapılmaz. Cənab S.Lavrov özü isə dedi ki, ortalıqda nə “Lavrov planı” deyilən bir şey olub, nə də ki, buna bənzər bir şey baş verib... 
Təbii ki, biz təkcə Rusiyadan nəsə ummuruq. Digər həmsədr ölkələr də var və bu ölkələr də öz fəaliyyətlərilə bağlı elə də nəzərə çarpmırlar...  
Və bütün bunlar bir daha göstərdi ki, həmsədrlər həqiqətən də özlərini diplomatik turistlər kimi aparırlar - seyrək şəkildə bölgəyə səfərlər edir, bir -iki görüş keçirir və bununla da işlərini bitmiş hesab edirlər... 
Bəli, Qarabağ problemi beləcə uzanmaqda davam edir. Avropa Şurasında planlaşdırılan təşəbbüs də baş tutmadı. Yox, mən “ikili standartlar”dan nəsə deməyəcəyəm... 
Məlum məsələdir, ya din amili ucbatından, ya da dünyada daha çox önəm kəsb etməyə başlayan insan haqları və azlıqların haqları ucbatından bu məsələ tamam düyünə düşüb...
Hələ bir neçə il bundan əvvəlin söhbətidir. Dünyadakı qlobal tendensiyaları araşdıran bir müəllif “ərazi bütövlüyü” prinsipində israr edənləri “iki ölçülü  coğrafi təfəkkür” sahibləri adlandırmışdı...
Təbii ki, onun baxışlarını bölüşmək fikrimiz yoxdur. “Ərazi bütövlüyü prinsipi” beynəlxalq hüququn əsas sütunlarından biri kimi qalır. Amma indi çox mütəhərrik vəziyyət yaranıb, dünya siyasətində nəyin prioritet olması bir qədər mübahisəli məsələdir. Bir məsələ aydındır ki, bu prinsip sakral məzmun təşkil etsəydi bu qədər yeni dövlətlər yaranmazdı...
Mən həmişə düşünmüşəm ki, Qarabağ probleminin həlli Rusiya imperiyasının durumundan asılıdır, bu imperiya çöksə Qarabağ da həllini tapacaq...
Amma axır vaxtlar buna da şübhə etməyə başlamışam. Ona görə ki, Fransa və ABŞ Ermənistanı heç də Rusiyadan az müdafiə etmir... 
Biz uşaqlarımızı bu ölkələrə oxumağa göndərməyə qorxduğumuz halda ermənilər nəinki öz tələbələrini oralara göndərir və hətta özləri köçüb oralarda məskunlaşırlar. Ona görə də həm Fransada, həm də ABŞ-da erməni təsiri azalmır, əksinə artır...
Düşünürəm ki, hətta Rusiya imperiyası çöksə belə, yenə də Qarabağ problemi özünün ədalətli həllini çətinliklə tapacaq - buna ABŞ və Fransa mane olacaq...
Amma bu labirintdən bir çıxış olmalıdır. Çıxış da bu olmalıdır ki, biz güclü və təsirli olmağı bacarmalıyıq. 
İndi hakimiyyət bir məsələnin üstünə düşüb - o, Azərbaycanı multikultural ölkə kimi tanıtdırmağa cəhd edir. Təbii ki, bu, müstəsna əhəmiyyətli məsələdi - əgər Azərbaycanda müxtəlif dinlər, millətlər və bir də mədəniyyətlər yanaşı mövcud ola bilirsə, deməli ermənilərin də bu ölkədə yaşaması mümkündür...
Amma tək bununla kifayətlənmək olmaz. Bəlkə AŞ PA-da bizim istədiyimiz məsələlər həm də ona görə alınmır ki, orada Qarabağ məsələsilə bahəm tutaq ki, Azərbaycanda siyasi məhbuslar məsələsi də müzakirə mövzusu ola bilir... 
Bu isə Azərbaycanın demokratik potensialına şübhə yaradır, onun mövcud ola bilməsinə inamı sarsıdır...
Dəfələrlə yazmışıq ki, tolerantlıq və multikulturalizm təkcə etnik, dini və mədəni fərqlərə dözümlülüyü nəzərdə tutmur, daha geniş məzmun kəsb edir. İnsanlar təkcə necə ibadət etdiklərinə, dərilərinin rənginə görə fərqli olmurlar, onların fərqli siyasi baxışları və ictimai mövqeləri də olur...
скачать dle 12.1