BİR ƏSRDƏN İKİCƏ İL ƏSKİK...

9-11-2015, 21:57
0
BİR ƏSRDƏN İKİCƏ İL ƏSKİK...
Bəzən məndən soruşurlar ki, niyə tez-tez sovetlər dövrü haqqında yazıram?  Cavab verirəm ki, anlamaq istəyirəm. Bəli, sadəcə, haralardan gəldiyimizi və haralara çatdığımızı anlamaq istəyirəm...
Həm də biz sovetlərlə vidalaşa bilmədik. Ona görə ki, əski sovet nomenklaturası hələ də siyasi elita içində həlledici mövqelərə malikdir. Yox, mən adamlar haqqında 90-ci illərin əvvəlindəki kimi “Gecə kommunist kimi yatıb səhər demokrat kimi oyananlar!” yazmaq fikrindən uzağam... 
Onlara qarşı elə bir simpatiyam olmasa da keçmişlərinə görə qınamaq niyyətində də olmamışam və həmişə düşünmüşəm ki, insanlara şans vermək lazımdır... 
Amma gəl ki, məsələnin qəliz tərəfi də elə budur. Bəli, onlara şans verildi, özü də böyük şans verildi, amma onlar dəyişmək istəmədi, üstəlik, bizim yüz ildən sonrakı şansımızı da alt-üst elədilər, tamam başqa şey qurdular...
Ona görə də kommunist inqilabı haqqında, 98 il bundan əvvəl baş vermiş oktyabr inqilabı haqqında yazmaqdan çəkinmirəm – qoy, bizim siyasi elitamız özünün kommunist keçmişi ilə vidalaşsın və mən də bir daha keçmişə apelyasiya etməyim, özümün sovet “xatirələr”imdən vaz keçim. Həm də mən keçmişi, sovet dövrünü təqdir və tərif edən yazılar yazmaqdan tam uzağam. Sadəcə, bu gün müşahidə etdiklərimdə sovet keçmişinin izlərini  görürəm və bundan bərk qeyzlənirəm...
Baxın. Oktyabr inqilabı nə etdi? İlk totalitar dövlətin əsasını qoydu. Təkpartiyalı siyasi sistem yaratdı. İndi bizdə nə var? Təbii ki, dövlətimiz hələ totalitar dövlət deyil. Amma mən bundan bərk məmnun da deyiləm – bircə elə o çatmırdı ki, bizimkilər 21-ci əsrdə durub totalitar dövlət yaratsınlar! 
Bəli, bizim siyasi sistem təkpartiyalı avtoritar sistemdir. Bu sistem çərçivəsində guya ki, iqtisadi azadlıqlar təmin olunmalı, bizim işgüzar təbəqə qorunmalıdı... 
Fəqət, heç təmin olunurmu iqtisadi azadlıqlar? Və yaxud da ki, işgüzar təbəqənin məmurların yersiz müdaxiləsindən, təqiblərindən və təzyiqlərindən immuniteti varmı? 
Elə məsələ də bundadır ki, yoxdur. Ona görə də bunun adına sərt avtoritar sistem deyirlər və bununla da sanki bizə təskinlik verirlər ki, guya biz totalitar rejimdə yaşamırıq... 
Keçək başqa məsələyə... Tez-tez “idarəçilik fəlsəfəsi” ifadəsini işlədirəm. 
Amma bu gün ürəyimdən “idarəçilik mentaliteti” ifadəsini işlətmək keçir. Bu idarəçilik guya ki, seçki modelinə əsaslanır. Amma seçki varmı? Demək olar ki, yoxdur. Bəs bu haradan qaynaqlanır? 
Mənə elə gəlir ki, yenə də əski sovet quruluşundan. 70 il insanları seçkiyə çağırdılar və bülletənə tək bir adamın adını yazdılar. Məlum deyildi ki, insanlar kimi seçir, kimin arasından seçir? İndilərdə bülletenə daha bir adamın adını yazmırlar. Amma mahiyyət yenə də qalır –  sən kimə istəyirsən səs verə bilərsən, fəqət, qutudan hakim partiyanın istədiyinin adı çıxacaq...
Bəli, reallıq budur... Bu reallıqlara görə də sovet keçmişini unuda bilmirəm. Ona görə unuda bilmirəm ki, yenini görmək bizə qismət olmadı və biz əslində bu gün də elə öz keçmişimizi, özü də daha da asiyalı qiyafədə yaşamaqdayıq...
Və yaxud da başqa məsələni götürün. Yalanın kütləviləşməsini deyirəm və sizin də diqqətinizi bu detala yönəltmək istəyirəm. Yalan danışmaq indi də ar deyil, hamı yalan danışır, olmayan şeyləri deyir və bundan zərrə qədər də əzab çəkmir- hamı belə hesab edir ki, elə belə də olmalıdır...
Bəs bunun kökləri hara gedir? Təbii ki, sovet keçmişinə. Ona görə də bir daha ərz edirəm ki, biz 98 ildir ki, eyni taleyi, sovet taleyini yaşayırıq. Bəzən adama hətta elə gəlir ki, 80-90-cı illərdə baş verənlər də ona görə oldu ki, sovet nomenklaturası mal-mülk sahibi olmaq fikrinə düşdü! Oldular da! Əgər bütün bu illərin nəticəsi keçmiş kommunistlərin varlanması olacaqdısa bu illəri yaşamağa və bu qədər də əziyyət çəkməyə dəyərdimi?.. 
Məsələnin qəliz tərəfi isə budur ki, “Oktyabr inqilabının vətənində -Rusiyada belə deyil!” də deyə bilmirik, çünki oralarda da belədir... 
Elə bu səbəbdən bu gün yaşadıqlarımızın milli mentalitetdən qaynaqlanması fikrilə qətiyyən razı deyiləm. Bütün bunlar əslində sovet mentalitetinin təzahürdür. Ona görə də çox yerdə hər şey eyni cür görünür və eyni təəssürat oyadır. Tək Baltik ölkələri istisnadır. Amma onlar elə sovetlərin vaxtında da istisna idilər...
Eşitdiyimə görə Rusiyada oktyabr bayramını milli birlik və milli bütünləşmə günü kimi qeyd edirlər. Amma ən ağrılısı odur ki, sovet nomenklaturası heç bir vaxt öz millətilə birgələşmək, bütünləşmək yolunu tutmadı, həmişə özünü ayırdı, həmişə özünü ayrı təsəvvür etdi...
Ona görə də bu tarixi – 7 noyabrı yaxşı yadda saxlayın. O, hələ bizi çox təqib edəcək... 
O hələ xeyli müddət bizi tərk etməyəcək. Ona görə ki, kölgələr günortalar yox olur, günortaya isə hələ çox qalıb...
скачать dle 12.1