İlham Əliyevi siyasətdən atan gerçəklik

10-10-2012, 03:44
0
İlham Əliyevi siyasətdən atan gerçəklik

Gələn il Azərbaycanda hakimiyyət dəyişikliyinin baş verməməsi üçün heç bir ciddi əsas yoxdur

2013 prezident seçkiləri çox gərgin olacaq. Hakimiyyət üçün də, müxalifət üçün də. Əliyevçi hakimiyyət 2013 seçkilərinə 1993-cü ildən bəri cəmiyyətə satdığı saxta şüarların demək olar ki, hamısını xərcləyərək gedir. Artıq xərcləməyə bir şey qalmayıb. Neft siyasəti iflasa uğradı. Neft üzərində xarici siyasət qurulacağı, neft faktorunun Dağlıq Qarabağ danışıqlarında təsir vasitəsi kimi istifadə ediləcəyi barədə illüziyalar özünü doğrultmadı.

Heydər Əliyevin məşhur “pencək” siyasəti nə qədər fiksiya idisə, neft əvəzinə torpaq siyasəti də eləcə puça çıxdı. Əvəzində sadə bir həqiqət ortaya çıxdı: neft Azərbaycanın korrupsiyalaşmasına və Əliyevlərin ağlagəlməz ailə sərvəti toplamasına səbəb oldu. 
Xarici siyasətdə neft pulları hesabına uğur qazanmaq cəhdləri də iflasa uğradı. Bütün Avropada və Amerikada Azərbaycan hakimiyyətinin “lobbi” axtarışları, sadəcə olaraq, rüşvətxorluğun xarici siyasətə axını kimi dəyərləndirildi və lap bu yaxınlarda AŞ PA öz reqlamentinə rüşvətlə bağlı xüsusi müddəa əlavə etdi ki, bu da müstəsna qaydada Azərbaycan nümayəndə heyətinin “kürü”lü və paralı xarici siyasətini önləməyi nəzərdə tuturdu.
Indi faktiki olaraq, belə vəziyyət yaranıb ki, Azərbaycan rəsmilərilə danışmaq, xüsusi söhbətlər aparmaq, yaxşı münasibətlərdə olmaq ayıb, ən yaxşı halda isə şübhəli sayılır.
Daxili siyasət də həmin xarici siyasətin mənbəyidir.

Əliyev ailəsi bütün bu müddətdə (1993-cü ildən üzü bəri) bütün seçkiləri saxtalaşdırmaq və inzibati güc tətbiq etmək hesabına hakimiyyəti davamlı olaraq qəsb edib. Hakimiyyət o halda bu vasitələrlə qəsb edilir ki, uduzan qüvvənin hökumətdən getməsi “olum, ya ölüm” məsələsi olur. Yeni Əliyevçi hakimiyyət Azərbaycan xalqının siyasi, iqtisadi, mənəvi hüquqlarını ayaq altına atmaqla o qədər iri cinayətlərə yol verib ki, hakimiyyəti qalib siyasi qüvvələrə təhvil verməyi dəhşətli fəlakət hesab edir.
Bu cinayətlər insanların əmlakının zorla əllərindən alınması, siyasi haqlarını tələb edənlərin hamısına qarşı total repressiyaların həyata keçirilməsi, dövlətin mahiyyətinin ən zorakı üsullarla dəyişdirilərək onun faktiki olaraq, bir mafiya strukturu ilə əvəz edilməsinə gətirib çıxarıb.

Nəticədə, Azərbaycanda böyük kütlələr və o cümlədən ayrı- ayrı güc mərkəzləri Əliyevlərdən ciddi şəkildə narazıdırlar.
Və bu narazılıq müxalifətin seçki resurslarının mərkəzində dayanır. O müxalifətin ki, Əliyevçi iqtidarın ən irticaçı zamanlarında belə, Azərbaycanda demokratiya və insan haqları uğrunda mübarizəni dayandırmamaq üçün özündə mənəvi güc və arqumentlər tapıb. Indi Azərbaycan müxalifəti o vəziyyətdədir ki, 2013-cü ildə Əliyevçiliyi Azərbaycanın siyasi səhnəsindən çıxarmaq üçün böyük imkanları var. Ötən parlament seçkilərindən dərhal sonra formalaşan müxalif koalisiya (Ictimai Palata) bir çoxlarının bədbin proqnozlarına, - ola bilsin, hətta arzularına da - baxmayaraq, get-gedə daha da möhkəmlənərək mütəşəkkil qüvvəyə çevrilməkdədir. Bu koalisiya Azərbaycanda hakimiyyətin bir daha qəsb edilməməsinə imkan verməyəcək güc xarakterini almaqdadır. Ölkənin içində ən intensiv şəkildə təşkilatlanmaqda olan blok, xaricdə də ciddi güc mərkəzi kimi qəbul edilməkdədir. Artıq çoxdan bəri aksiomaya çevrilmiş bir acı həqiqəti, “Əliyevçi hakimiyyətin qaldığı hər gün Azərbaycan üçün fəlakətdir” həqiqətini aradan qaldırmaq üçün bütün xalqı öz ətrafında səfərbər edə biləcək müxalif mərkəzin formalaşmasının tam olaraq başa çatması seçki prosesinin başlaması zamanı ilə üst-üstə düşəcək. Müxalif düşərgədəki bu optimizm, əslində, hakimiyyət çevrələrində ciddi narahatlıq doğurur. Buna görə də, seçki zamanına qədər bir çox əhəmiyyətli təxribatların təşkil ediləcəyi şübhəsizdir. Bu təxribatlar iki mühüm məqsədlə təşkil ediləcəkdir. Bunlardan biri, müxalifət sektorunda qarşılıqlı inamsızlıq və bu inamsızlığın geniş kütlələr arasında “bunlarla mümkün deyil” kimi yaramaz daşıyıcılarını populyarlaşdırmaqdan ibarət olacaqdır.

Ikinci məqsəd isə Əliyevçiliyin həm ölkədə, həm də bütün dünyada iflasını ört-basdır etməkdən ibarətdir. Heydər Əliyevin heykəllərinə qarşı bütün dünyada yıxılma kampaniyasının başlanması təsadüfi deyil. Bu çöküş ölkənin içərisində başlayan iflasın davamıdır. Hakim ailə, hətta öz müttəfiqlərini və dayaqlarını - oliqarxları, himayədarlıq etdiyi iri biznesi də qarət etməyə başlayıb.
Gələn il Azərbaycanda hakimiyyət dəyişikliyinin baş verməməsi üçün heç bir ciddi əsas yoxdur.
Ən qlobal faktor da bundan ibarətdir ki, dünya avtoritar rejimlərdən və diktatorlardan yaxasını qurtarmaqda israrlıdır.
2013 bütün mərhələlərdə və müzakirələrdə Heydərizmin gerilikçi, ziyanlı, Azərbaycanın və bütün regionun xəritəsini korlayan qeyri-siyasi və qeyri-ideoloji bir sistem kimi tam məğlubiyyətini zəruri edən ildir.

Bu ili ləyaqətlə qarşılamaq və ləyaqətlə də yola salmaq lazımdır.

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1