Antennalı dustaq

28-09-2012, 03:51
0
Antennalı dustaq

Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar...

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim. Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir...

Əvvəli ötən saylarımızda

Burada boş vaxtımın o qədər də çox olduğunu deyə bilmərəm. Bura mənimlə eyni gündə gələn 24 yaşlı bir ləzgi gəncdən tam 16 gün ərzində sürətli təcvid kursu aldım. Bu, Quranın düzgün oxunuşu üçün qrammatika kursudur. Doğrudur, kimsə təcvidi 16 gün ərzində öyrəndiyini iddia edə bilməz. Amma Samir burada yalnız 16 gün olacaqdı, buna görə də ən vacib detalları seçib öyrədirdi. Hər axşam yeni dərs keçir, hər səhər də keçdiyi dərsi yoxlamaq üçün əlavə saat müəyyən edirdi. Beləliklə, özümü onun müəllim zəhminə öyrəşdirərək bu elmdən nəsə, cüzi bir hissə də olsa, mənimsəməyə qərar verdim. Paralel olaraq da günün 4-5 saatını Quran ayələrinin praktik olaraq düzgün oxunuş vərdişlərinin mənimsənilməsinə həsr edirdim. 16-cı günün tamamında Samir getdi, amma mən öyrəndiklərimi tətbiq etməkdən əl götürmədim. Bir ayın tamamında Quranı ilk dəfə, amma höccələyə-höccələyə oxuyub başa çıxdım. Qiraəti daha da yaxşılaşdırmaq üçün ikinci dəfə başladım.
Bu məşğuliyyət məni özünə o qədər çəkmişdi ki, bəzən günün axşam olduğunun belə, fərqində olmurdum. Novruz da ibadətlə məşğul olan adam olduğundan məni qiraətdən ayırmağa həvəsli görünmürdü. Bəzən gəlib səssizcə yanımda oturar, pıçıltı ilə Quran oxumağıma tamaşa edərdi. O zaman başa düşürdüm ki, deyəsən, artıq hava qaralır və bir az ara vermək lazımdır.
Azər Quran oxumağı bacarırdı. Amma bunu çox səliqəsiz və böyük qiraət xətaları ilə edir, sözləri sadəcə, oxşadırdı. Hərçənd, bu da onun üçün bir təskinlik idi. Burada tez-tez adam ölür: Azər də Kitabı qoltuğuna vurub adamın öldüyü palataya keçir, “Yasin” oxuyub geri qayıdırdı. Növbəti dəfə o, bunu bizim palatada etdi. Amma bizim palatada kimsə ölməmişdi. Deyəsən, Xələc həbsxanasından gətirilən bir dustağın anasının ölüm xəbəri gəlmişdi. Azər o uşağı çağırıb başda otuzdurdu, çay süfrəsi təşkil etdi və “Yasin” oxumağa başladı. Mən onun “Yasin” oxuduqca necə dərindən əziyyət çəkdiyini görürdüm. Ciddi təhrifləri vardı. Üstəlik, bu surəni əzbərdən bilən adam kimi demək olar ki, heç nəyin anlaşılmadığını hiss edirdim. Buna görə də birinci “mubin”dən dərhal sonra Azərə “dur” işarəsini verdim və onun Kitabı mənə gətirib verməsini gözləmədən ardını başladım. Azər təəccüblə mənə baxdı. Əvvəlcə Kitabı gətirib verməyə cəhd etmişdi, amma sonradan bu cəhdi də saxladı və kirimişcə yerində oturub dinlədi. Bu, birinci dəfə idi ki, başqa adamların qarşısında “Yasin” oxuyurdum və həm də bu zamana qədər sonuncudur. Sadəcə, bir zərurət yarandığına görə bunu etməmək mümkün deyildi, günah idi! Azər “Yasin”i başlayandan az sonra anası ölmüş gənc oğlanın onun üzünə baxışlarından xoşum gəlməmişdi. Bu gənc gözlərini Azərə dikib, “Yasin”ə anasının ruhunu buraya gətirəcək qüvvəyə baxırmış kimi baxırdı. Heç bir anlayışı olmasa da, azacıq sonra gözlədiyi ruhun buraya gəlməyəcəyini kəsdirib əzab çəkdiyini hiss edirdim. Çox müdhiş səhnə idi. Gənc anbaan məyus olurdu. Ruhun nə olduğunu kimsə bilməz. Quran bunu “elmi lədünni”, yəni dünyəvi olanların bilməyəcəyi bir elm adlandırıb. Amma elm kimi dərk olunmayan hissiyyatla, şüurun fövqündə də qavranıla bilir. Mən xəstəxanadakı çarpayının bir küncünə sıxılıb bardaş oturan, Allah bilir, hansı yaramaz əməlinə görə həbsxanaya düşən, burada bircə an belə peşmançılıq çəkib-çəkmədiyini bilmədiyim bu gənc cinayətkarın sifətində çox tutqun bir işığın yarandığını və azacıq sonra da həmin işığın tədricən söndüyünü görürdüm. Buna görə də Azəri durdurdum və əmin idim ki, mənim avazım daha yaxşıdır. Əlbəttə, mən yaxşı səsi olan birisi deyiləm, amma Quran ayələri harmonik bir melodiyanı içərir; əgər qiraəti çox qüsurlu deyilsə, bu melodiyanın qəlibinə düşən adam onu ətrafdakılara təqdim edə biləcək.
“Yasin”in sonuna qədər kimsəyə baxmadım. Eləcə, gözümü Azərlə Elxanın çiyinləri üstündən divara zilləyib durdum. Bitirən kimi anası ölən oğlanın üzünə baxdım. O, mənim sol tərəfimdə oturmuşdu. Gözləri yaşarmışdı. Sifəti çox məsum ştrixlərlə dolmuşdu. Əlbəttə, onun anasının ruhunun burada peyda olduğunu iddia edə bilmərəm, amma iddia edə bilərəm ki, “Yasin” ayələrinin sədaları onu anası haqqında düşünməyə, anasının surətini gözləri qarşısında canlandırmağa yardım etmişdi. Çox mütəəssir idi.
Hamı daş kimi səssiz idi. Mən Qurandan bir neçə surəni əzbərləmişdim, burada isə Kitabın düzgün qiraətini öyrənməyə başlamışdım. Amma bu adamlar Quranı əzbər bilən bir adamı görürmüşlər kimi təəccüblə və ehtiramla baxırdılar...

***

Hamı səs-küylə dəhlizə axışdı. “Spetsetap” vardı. (Yəni, “xüsusi etap”. Hansısa “zon”da vəziyyəti birdən-birə ağırlaşan, ölüm təhlükəsi göz önündə fırlanan dustaq olanda xüsusi reyslə xəstəxanaya gətirirlər). Əlbəttə, bu “spetsetap” təcili yardım maşını deyil, sadə “Voronok” olur və ölüm sancıları ilə boğuşan dustağı bu kələ-kötür, danqalaq maşına tullayıb tez xəstəxanaya çatdırırlar və buna da şükür. On-on beş nəfər əməliyyat zalının qarşısında yığışmışdı. Ortada isə əldəqayırma antennanı qucaqlayıb dim-dik dayanmış bir dustaq vardı. Deyəsən, 10-cu “zon”dan idi. Qanuni oğru Masallı Mamed azadlığa çıxandan sonra buranın da zayı çıxmışdı. Gündə bir anormal xəbər gəlirdi...
Antenna ilə qucaqlaşan gəncin üst-başı qan içində idi və belə çıxırdı ki, o, bu antennanı qanı bahasına qucağında saxlayır. Həqiqətən də buna bənzər bir şey idi. 70-80 santimetr diametri olan bu əldəqayırma antennanın iki-üç məftilini qarnına soxmuşdu. Məftilləri qarnından çıxarsa, qan fışqırardı. Buna görə də onu qucaqlayıb saxlamağa məcbur idi. Birinci olaraq şəkili Süleyman müdaxilə etdi:
- Qardaşım, ha bu antenna ilə baxanda “desyatı” yaxşı görünür?
Bunu deyərkən onun özü də gülmək istədi, amma Süleyman əlinin işarəsi ilə onu saxladı:
- Etmə, kanal qarışacaq, qan su yerinə axacaq...
Sözün hərfi mənasında qanlı ola biləcək bu gülüşün qarşısını Mürsəl Əhmədov aldı. Bağırtı ilə korpusa girib antennanın qarşısında dayandı:
- Bu nədi əəəə?! 40 ildir bu sistemdə işləyirəm, hər cür adam görmüşəm, amma antennalı adam görməmişdim. Indi rahatca təqaüdə çıxa bilərəm...
Həkimlər tökülüşüb “antenna”nı əməliyyat otağına apardılar...

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1