Böhran. O nə vaxt fürsətdir, nə vaxt fəlakət?

22-12-2015, 15:18
0
Böhran. O nə vaxt fürsətdir, nə vaxt fəlakət?

 

Manatı dünən ikinci dəfə “öldürdülər”, indi onun milli valyuta, yoxsa konfet kağızı olduğunu demək çətindir. Mərkəzi Bankın bir ildə ikinci dəfə, özü də bu dəfə hətta ən nikbin iqtisadçı ekspertin belə proqnozlaşdırmadığı ölçüdə devalvasiya elan etməsinin ardından sosial şəbəkələrdə daha çox mövzu ilə bağlı ironik münasibətlərə rast gəlmək olardı. Əlbəttə, əksəriyyət hansı dərin uçuruma yuvarlandığımızın fərqindəydi, amma buna baxmayaraq, məsələn, facebook-da lağlağı yüklü statusların yazılması təəccüblü deyildi. Çünki belə bir sonluq əksəriyyət üçün gözləniləndi, təəccüblü heç nə baş verməmişdi. Illərdir neft pullarını sağa-sola xərcləyib, havaya sovurub, heç bir iqtisadi infrastruktur yaratmayan bu rejimin xalqı hansı fəlakətə sürüklədiyini anlayanlar nəyə heyrətlənməli idilər? Ya da ciddi nəsə yazmağın hansı anlamı qalırdı? Məlum idi də belə olacağı! Hələ bu başlanğıcdır, görəcək günlərimiz qarşıdadır, çox keçməyəcək bu günə də rəhmət oxuyacağıq, ya da üç-beş il əvvəlin nostaljisi ilə yaşayacağıq.

Azərbaycanın taleyini neftdən asılı vəziyyətə gətirənlərə deməkdən dilimiz, yazmaqdan əlimiz qabar oldu ki, korrupsiya, büdcə oğurluğu üzərində qurulmuş idarəetmənizin axırı yoxdur, o, bu xalqa ancaq göz yaşı, işsizlik, səfalət vəd edir.

Nə qədər söyləmək, yazmaq olardı ki, öz şişirdilmiş, saxta, “pripiska” ruhlu rəsmi statistikalarınızla yaratmağa çalışdığınız “analoqsuz inkişaf” görüntüsü sabun köpüyü kimi bir şeydir, ilk fürsətdəcə dağılacaq.

Nə qədər təkrarlamaq olardı ki, “1 milyon iş yeri” kimi yalanlarla çox uzağa getmək mümkün deyil, ölkənin problemlərini xalça altına süpürərək, doğruları söyləyənləri, yazanları şərləyib haqsız həbs edərək, ölkənin ağrı-acıları, gerçəkləri dilə gətirilməsin deyə qorxu imperatorluğu, xof mühiti yaradaraq bir yerə varmaq olmaz.

Əgər indiyədək bu söylənilənlərə və yazılanlara əhəmiyyət verilmədisə, bundan sonra yazmağın və söyləməyin anlamı nədir? Yaxşısı elə məsələyə yumoristik yanaşmaqdır. Bu qədər qeyri-ciddi adamlara durub ciddi şəkildə nə anladasan, nə izah edəsən?! Nə qədər ki, biz ancaq nəticələrə üzüləcək, nəticələrə kədərlənəcək, nəticələrə qeyzlənəcəyik, nə qədər ki, səbəblərə baş vurmayacaq, səbəblər üzərində baş sındırmayacaq, başımıza gələnlərin – gətirilənlərin köklərinə enməyəcək, onların kimlərdən və nələrdən qaynaqlandığını görmək, bilmək, öyrənmək istəməyəcəyik, həyatımızda da heç nə müsbətə doğru dəyişməyəcək, gözəl, işıqlı, xoşbəxt bir gələcəyə dair arzularımız arzu, ümidlərimiz ümid, xəyallarımız xəyal olaraq qalacaq.

Axı insandan dərin bilik, xüsusi intellekt tələb olunmur ki, o, 21-ci əsrdə, təqvim 2015-ci ili göstərərkən bir ölkənin hüquq və azadlıqlarsız real inkişafa nail ola bilməyəcəyini anlasın!

Başa düşmək bəyəm o qədərmi çətindir ki, yaşadığımız çağda istədiyin qədər təbii zənginliyə, yeraltı və yerüstü var-yatıra sahib ol, əgər sən adil seçkilərdən, ədalətli məhkəmədən, özgürcə toplaşmaq imkanlarından məhrumsansa, vətəndaş nəzarəti hətta sıfırın altındadırsa, bunun bir anlamı, dəyəri qalmır, həmin təbii zənginliklər sənə həqiqi rifah, xoşbəxtlik bəxş edə bilməz.

Bu gün biz böhranın ayaq səslərini daha aydın eşidiriksə, bunda həlledici səbəb məhz ölkədə bir az əvvəl sadaladıqlarımızın yoxluğudur. Neft ucuzlaşıbmış-mış da, qlobal iqtisadi böhran varmış-mış da, bunlar artıq təfərrüatdır.

Azərbaycanın yeganə xilas yolu hüquqların və azadlıqların qorunduğu, toxunulmaz olduğu ölkəyə çevrilməkdir. Belə ölkələrdə böhran olmurmu? Olur, əlbəttə. Amma onlarda hətta böhranın özü belə, inkişafın yeni mərhələsinə yönəlmək üçün fürsətdir, daha bizdəki kimi zərbəsindən ayılmağın, özünə gəlməyin müşkül, hətta mümkünsüz göründüyü bir faciə, bir fəlakət deyil

Elnur Astanbəyli

скачать dle 12.1