Azərbaycan: balaca türmə, böyük türmə

24-08-2016, 18:04
0
Azərbaycan: balaca türmə, böyük türmə

Xaliq Bahadır

[email protected]

I

Bizdə iki çeşid türmə var: balaca türmə, böyük türmə. Balaca türmə hansıdır? Polisin şərləyib tutduğu, prokurorun, hakimin TƏPMƏ-TƏPIKLƏMƏ qanunçuluqla göndərdiyi yer balaca türmədir. Böyük türmə bütün qanunların ayaqlar altına atıldığı, pula satıldığı bu gün əlimizdə vur-tut 80 min kv. km-i qalan Azərbaycandır. Normal yaşayış dalınca başqa ölkələrə axın üzündən yaşayanlarının düzgün sayı 5-6 milyon olan bu ölkəni çoxsaylı, tükənməz doğal resurslarıyla dünyanın cənnət ölkəsinə çevirmək olardı, ancaq, faktiki olaraq Azərbaycan bu gün cəhənnəmin özüdür. Bunu ən çox Azərbaycandan qırağa çıxanda bilmək olur. Ən çox Azərbaycandan qırağa çıxanda bizim xalqımızın, ölkəmizin, dövlətimizin necə faciə, necə fəlakət, necə bir yolsuzluq içində olduğunu dərindən-dərinə anlaya bilirsən. Biz bir belə doğal resurs içində xalq, ölkə, dövlət olaraq bütünlüklə batıb gedirik. Düzgün-düşüncəli yönətimin (idarəçiliyin) olmaması üzündən batıb gedirik…

Qırmızı körpünü keçəndən – Azərbaycanı addayandan sonra bütünlüklə başqa ölkə, başqa dünya başlayır – Demokratiya ölkəsi, Demokratiya dünyası! Bura Gürcüstandır. Gənc lider Mixail Saakaşvilinin 2003-dən Demokratiya yoluna çıxardığı Gürcüstan. Saakaşvili hakimiyətdən də, ölkədən də çoxdan gedib, ancaq, onun qurduğu Demokratiya düzəni qalır, irəliləyir, getdikcə daha da bərkinir. Saakaşvili Gürcüstan Konstitusiyasına uyğun olaraq iki dönəm hakimiyətdə oldu. Bu iki dönəm ona Gürcüstanı dönməz Demokratiya yoluna – başqa cür desək, dönməz Xoşbəxtlik yoluna çıxarmağa bəs etdi. Bu gün Gürcüstan dövləti rüşvətdən, korrupsiyadan uzaq bir dövlətdir. Ölkənin çoxsaylı uğurları – dirçəlişi, irəliləyişi, yüksəlişi birbaşa bu faktla bağlıdır. Bu dirçəlişin, irəliləyişin, yüksəlişin çox saya bir resepti var. O resepti Saakaşvili rus jurnalistə bildirmişdi. Gürcüstan kimi rüşvət-korrupsiya bataqlığına batmış bir ölkəni o bataqlıqdan necə çıxardığını soruşan rusiyalı jurnalistə Saakaşbili UĞUR reseptini açıqlamışdı: “Özüm rüvət almadım”. Çox adamın deyil, bir adamın – başda duranın, indilikdə prezidentin rüşvət-korrupsiya faktorundan yüksəkdə durması bir xalqın, bir ölkənin, bir dövlətin başlıca, üstəlik, dönməz UĞUR faktına çevrilə bilir!

“Azərbaycan düzəlməz” deyə, başını daşa-divara döyənlər Gürcüstan görküsünə – Gürcüstan praktikasına baxıb bilməlidirlər: Azərbaycanı düzəltmək üçün böyük çoxluq deyil, bircə DÜZGÜN adam gərəkdir! Kim Azərbaycanda bir nədi, minlərlə düzgün adam olduğunu danırsa, burada iki faktorun rolu ola bilər: 1)adam bu xalqı tanımır; 2)adam özü düzgünlükdən uzaqdır. Mən gerçəkçi bir analitik olaraq xalqımızı ideallaşdırmaqdan çox uzağam, ancaq bu xalqın içində çoxlu sağlam toxumlar olduğunu da gözəl bilirəm. Sağlam toxumun bəlirlənməsi üçün sağlam ortam gərəkdir. Ölkə üçün sağlam ortamı sağlam prezidentlər yaradır – Saakaşvilinin Gürcüstanda TƏKBAŞINA etdiyi kimi! Haralardansa beyinlərə yeridilən “prezident təkdir” düşüncəsi ölkədəki qanunsuzluqlara-özbaşınalıqlara don geyindirməklə xalqı aldatmaq üçündür. Birincisi, prezidenti xalq seçibsə, o niyə tək olur? Ikincisi, prezidentin komandası olur: sağlam komanda sağlam prezident deməkdir; eləcə də korrupsioner komanda korrupsioner prezident deməkdir – bunun ayrı üzü, ayrı anlamı yoxdur.

Sağlam prezident Demokratiya yoluna, Demokratik düşüncə yoluna çıxarmaqla Xalqın sayını artırır. Sağlam olmayan, korrusiya düşüncəsinə yenilmiş prezident xalqı diktatura yoluna yönəltməklə polisin sayını artırır. Birinci düzgünlüyündən Xalqa arxalanır, ikinci əyriliyindən polisə bağlanır, polisi dövlətin başlıca gücünə çevirməyə çalışır. Bu üzdən də belə dövlətə demokratik dövlət deyilmir, polis dövləti deyilir. Çağdaş dünyanın ən pis, ən yaramaz dövləti polis dövlətidir!

 

скачать dle 12.1