Qışı başa vururam yavaş-yavaş...

15-10-2012, 13:47
0
Qışı başa vururam yavaş-yavaş...

Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar...

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim. Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir...

Əvvəli ötən saylarımızda

Burada adamların gözlənilmədən ölməsinə hamı vərdiş edib. Xoşbəxtlikdən, buraya ciddi xəstəliklə gələnlər az olur. Yoxsa, bu qədər meyiti yerləşdirmək üçün yer də tapılmaz. Həyətin o başında tikilən yeni morqda eyni vaxtda beş altı meyiti zorla məskunlaşdırmaq olar. Bura Bayıl türməsi deyil ki, 15 nəfərlik kameraya 30 nəfəri doldurasan. Meyit rahat uzadılmalıdır və onların arasında, təlimata uyğun olaraq, müəyyən məsafə olmalıdır. Meyit canlı deyil. Həbsxana isə cansız predmetlərin nizamında ciddi qaydaların tətbiq edildiyi yerdir. Canlılarla istədiyin cür rəftar edə bilərsən, onlar reabilitasiya olunurlar. Adam kərtənkələdən zəif varlıq deyil ki... Biologiyanın məşhur bir qaydası var: regenerasiya qaydası. Kərtənkələnin qırılmış quyruğu tez bir zamanda yerinə bitir. Bax, bu qəbildən olan hadisələrə regenerasiya qaydası deyilir. Dustaq da elədir: döyərsən, sür-sümüyünü qırarsan, qarnını-bağırsağını kəsib doğrayarsan, sağalar, yerinə gələr. Amma predmetlərlə ehtiyatlı olacaqsınız! Dövlət əmlakına zərər vurmaq olmaz!

Meyitin nə dərəcədə dövlət əmlakı olduğunu deyə bilmərəm, amma əgər statistika dövlətə məxsusdursa, meyit də dövlətə məxsusdur. Məsələn, “sentral”ın yeni morqu dustaqların gəzintisi üçün nəzərdə tutulan böyük bir sahənin bir qırağında tikilib. Burada həm də keçi saxlayırlar və keçilərin daldalanması üçün balaca bir dam da tikilib. Doğrudur, keçilərin morqla işi yoxdur, onlar buradakı kollara aqrotexniki xidmət göstərirlər. Amma dustaqlar da bu keçilərə münasibətdə ehtiyatlı olmağa məcburdular: müdiriyyətə məxsusdur! Böyrümüzdə bizi vecinə almadan kolun qanadlarını çeynəyən keçi, deyəsən, Süleymanın əsəblərinə toxunur. Bu lənətə gəlmiş heyvan morqun enli pərcələrindən içəridə uzadılmış bizə bənzər hərəkətsiz məxluqları o qədər görüb ki, bizim də həmin sıradan biriləri olduğumuzu zənn edir. Amma buradakılar hərəkətsiz deyil. Süleyman əlini atıb onun qulağından yapışır və dartır. Keçi nalə çəkir. “Bax, belə, yaramaz heyvan! Yoxsa, sən bu qədər dustağın hamısını meyit hesab edərək onların yanında atılıb-düşə bilməzsən, axı!” - deyirəm. Dustaqlardan qopan gülüş keçinin naləsini batırır. Biz meyit deyilik, cansız əşya deyilik, bizim hamımız dipdiri insanlarıq...

***

Burada keçirdiyim zaman 3 aya yaxınlaşır. Qışı başa vururam yavaş-yavaş. Bu müddətdə çoxlu işlər görə bildim və ən başlıcası, Quran oxumağı öyrəndim. Onu üçüncü dəfə oxumaqdayam. Get-gedə təcrübəmin artdığının fərqindəyəm. Indi gözlərim ərəb hərflərinin plastikasına daha rahat uyuşur. Hətta çox vaxt qiraəti pıçıltı səviyyəsindən yuxarı qaldırıram və Azər israrla bildirir ki, gözəl alınır: “Sən öyrəndin. Mən bacarmadım. Ağrılar imkan vermədi mənə. Amma şükür ki, heç olmasa, indiki kimi oxuya bilirəm...”

Onun ağrıları həqiqətən də dözülməz idi. Içalatı tamam sıradan çıxmışdı və xərcəng get-gedə onun ciyərlərinə, ürəyinə doğru irəliləyirdi. Bugünlərdə onu şəhərə, tomoqrafiyaya aparan həkim mənə dedi ki, xərcəng Azərin sidik kisəsinə və ciyərlərinə eyni zamanda çatacaq. Bu, daha dəhşətli perspektiv vəd edirdi. Onun bütün daxili orqanları eyni zamanda sıradan çıxacaq və bu şəkildə öləcəkdi. O, əyilib-düzələ bilmədiyi üçün çarpayıda oturur, yastığı qucağına alaraq namaz qılırdı. Hesab edirdi ki, bu ən ağır zamanlarda Allah onun əzablarını yüngülləşdirər. Mənim buraya gəlib çıxmağımı da Allahın lütfü kimi qəbul edirdi...

Burada çəliyimi də dəyişdim - biləsuvarlı bir dustaqla. O, indi “Biləsuvarlı bir dustaq”, cəmi bir il əvvəl Qədir Musayev adlı siyasi məhbus idi. Biləsuvarda cəmiyyəti ən müxtəlif ictimai-siyasi kampaniyalara səfərbər etməklə ad çıxarmışdı, sonra da 2003-cü ildə seçki zamanı saxta protokollara qol çəkmədiyinə görə şərləyib tutdular. Amma siyasi məhbus olaraq ictimai diqqət mərkəzində qaldı. Bu dəfə nəyə görə və nə zaman tutulduğundan isə kimsənin xəbəri yox idi və mən də onu burada görəndə şaşırdım.

“Təəccüb etmə, - dedi. - Bu dəfə özümün axmaqlığımdan tutulmuşam. Əvvəl bir yerdə həbsdə olduğum yaxın tanışlarımdan biri mənə zənbil verib onu ”zon"da olan qardaşına çatdırmağımı istədi. Özü təcili rayona getməli olduğu üçün vaxtının dar olduğunu dedi. Mən də zənbili götürüb apardım. Sonra məlum oldu ki, guya və yaxud həmin zənbildə narkotik maddə varmış. Ona görə də buradayam. Özümü müdafiə üçün də bir söz tapmadım. O boyda “srok” yatmış adam olaraq belə səhv etməyi özümə bağışlaya bilmirəm..."

Qədirin əlində yaxşı bir çəlik vardı, onu da mənim çəliyimlə dəyişdi: “Bu, daha yaxşıdır, bunu götür!”, - dedi, mən də məmnuniyyətlə qəbul etdim.

Burada olduğum müddətdə dişlərimin əncamını da çəkdim. Yarısını protez elətdirdim. O biri yarısını isə (alt çənəmi) bu tezliklə etməyim çətin olardı. Həkim də “tələsmə, - dedi. - Bir neçə aydan sonra yenidən gələrsən, aşağını da dəyişərik”. Elə bil, təkər-filan dəyişirdi. Amma protez diş təbii dişdən min dəfə yaxşıdır, həm də bir neçə səbəbə görə. Birincisi, istədiyin vaxt çıxarıb yuyub-təmizləyə bilərsən. Ikinsici, adamın ağzında sədəf kimi, eyni ölçüdə dayanır və kənardan baxanların da, yəqin ki, daha çox xoşuna gəlir. Üçüncüsü, ağrımır, çəkdirmək, tıxac qoydurmaq kimi bir problemin olmur.

Daha məni buraya bağlayan nəyinsə olduğunu güman etmirdim. Geriyə, öz “zon”uma qayıtmağın zamanı idi. Qarşılamağa hazırlaşdığımız Novruz bayramını orada “tutmaq” şərtilə yazın sərin havalarını da orada keçirib yayın cırhacırında buraya qayıda bilsəm, “əsl ağ adamlar kimi yaşayıram”, deyə bilərdim.

 

Anastasiya Soldousova 

 

скачать dle 12.1