Neftli qaloş

16-06-2019, 21:44
12 470
Neftli qaloş

Sosial şəbəkələrdə qaloşla şəfa verən şəxsin görüntüləri yayılıb. Bu hadisə ciddi müzakirə mövzusuna çevrildi və adamlarda qəzəb, təəccüb, maraq yaratdı. Əksər adamlar 21-ci əsrdə Azərbaycanda belə bir “şəfa ocağı”nın olmasını utanc kimi qiymətləndirdi.
Şəxsən mən qətiyyən təəccüblənmədim və məlum görüntüyə sona qədər baxamadım. Mən daha çox buna etiraz edən adamlara qəzəbləndim. Bilirsiz niyə?
Çünki 21-ci əsrdə bu ölkədə müəllim seçki saxtakarlığı edirsə, hakim ədalətsizliyə haqq qazandırırsa, həkim xəstənin cibinə uyğun müalicə edirsə və bütün bunları təbii qarşılayırıqsa, qaloşa etiraz etməyimiz qeyri-səmimi görünür.
Bu ölkədə qaloşa tapınmaq, Allaha tapınmaqdan təhlükəsizdir. Allaha tapınanlara terrorist, vətən xaini damğası altında işgəncə verilirsə, qaloşa tapınanların olması zərurətdir.
AzTv-nin yalanlarına uyanlar, deputatların inkişaf nağılına inanlar, yaltaqlıqdan zövq alanlar, “sabitlikdir” deyib, susanlar, qaloşa tapınanlardan çoxmu irəli gediblər?
Başımıza çıxardığımız qaloşlar, başımıza sürtülən qaloşdan daha rüsvayçıdır.
Bu ölkənin insanının Azərbaycan səhiyyəsindən daha çox, qaloşa inanması təsadüfi deyil. Sol ayağın əvəzinə sağ ayağı kəsən həkimdənsə, qaloşa pənah aparmağı daha məqsədəuyğun hesab edirik.
21-ci əsrdə başımıza açılan oyunlara susduğumuza görə, başımıza sürtülən qaloşa məhkumuq. O qaloşu ayaqdan başa biz çıxartdıq.
Bir də ki, biz başımşza “analoqsuz inkişaf” sürtülən adamlarıq. O bədbəxt adamların başına təbii qaloş sürtülürdü, bizim başımız isə süni qaloşlara təslim olub.
Yəqin bilirsiz ki, qaloşu da neftdən hazırlayırlar. Biz neftin hesabına təhsilimizi, səhiyyəmizi, iqtisadiyyatımızı gücləndirməli, gələcəyə təminat almalıydıq. Neft sərvəti dünyaya səs salmaq üçün tranplin olmalı və xalqa təqdim edilməliydi. Amma 26 illik “uzaqgörən siyasət”dən sonra, neftən qismətimizə qaloş düşdü. Ayağımıza geyinməyə də imkan vermədilər, başımıza qaldırdılar.

скачать dle 12.1