Qardaşlığın episentrində

9-02-2023, 20:27
1 850
Qardaşlığın episentrində

Qaziantep hava limanında İsrail və İranın hərbi təyyarələri yanaşı durmuşdular. Türkiyədə zəlzələ qurbanlarına yardıma gəlmişdilər. Başqa bir vaxt, başqa bir məkanda İsrail və İran hərbi uçaqlarının dinc yanaşı durmasını təsəvvür eləmək belə çətindir. Bunu görəndə adamın gözü dolur... Sınıq-salxaq avtomobilinə yorğan-döşək, pal-paltar yükləyib Türkiyə bayrağı altında yardım toplama məntəqəsinə gedən azəraycanlını görəndə gözümüzün dolduğu kimi...

Yunanıstan xilasediciləri Hatayda. Ermənilər də getmişlər. Dünyanın onlarla ölkəsi Türkiyə, Suriya bölgəsinə axışır. İnsanlıq budur. Mən bilmirdim, sən demə, Türkiyə-Yunanıstan arasında çoxillik bir “dəprəm razılaşması” varmış. Belə təbii fəlakət anlarında bütün düşmənçiliyi qırağa qoyub bir-birinə kömək etməyə qaçırmışlar. 

Bir müşahidəmi bölüşmək istəyirəm: müharibələri adətən hökumətlər, siyasətçilər başladır. Təbii fəlakət anlarında isə dünənki “düşmənə” yardım etməyə birinci qaçanlar sırasında sadə insanlar, vətəndaş cəmiyyəti qurumları olur.

Görəsən, insanların, xalqların necə kövrək dünyada yaşadığımızı, sonsuz Kainatda faktiki tənha olduğumuzu, bir-birimizdən başqa kimsəmizin olmadığını anlaması üçün mütləq ayağımız altından yer qaçmalıdır? Niyə torpaq tərpənməyəndə də erməni ilə türk, yəhudi ilə fars və ərəb qardaş olmasın? Yoxsa torpaq hamımıza çatmır? Bəlkə ona görə təbiət hərdən onun altını üstünə çevirib bizə göstərir? “Baxın, burada yer hamınıza çatacaq qədərdir” məntiqi ilə.

1988-ci ilin dekabrında, Ermənistanda dəhşətli zəlzələ olanda məktəbli idim, 15 yaşım vardı. Bir şeir yazmışdım, yadımda yalnız bir bəndi qalıb: “İstilik görməyib insan əlindən, Küləyə qoşulub yarpaq da qaçdı. O qədər qaçdıq ki, bir-birimizdən, Ayağımız altdan torpaq da qaçdı”. Şeirin adı da yadımdadır: “Qaçaqaç”. Hələ doğulduğum yurdun işğalına, böyük “qaçaqaç”a 5 il qalırdı... Həmin şeir işğal zamanı evimizlə birgə yanıb kül oldu.

Ancaq Türkiyə zəlzələsini soyuq ağılla analiz etməliyik. Məsələn, belə anlarda hamı “zəlzələşünas” olur, sonra onları qınayan adamlar ortaya çıxır. Bunlar fəlakət kimi təbii hallardır, həmişə olacaq. O cümlədən anlamaqda çətinlik çəkdiyi qorxunc fəlakətlə üzləşən insanın cürbəcür “öncəgörən”lərə, “zirəddinlər”ə istinadı anlaşılandır. Din elə bu cür yaranıb, aşağı-yuxarı...

Bəzən görürsən yazırlar: “Türkiyə zəlzələdən sonra 3 metr sürüşüb”. Səbəblə nəticəni, sonra ilə əvvəli qarışıq salırlar. Elə tektonik plitələrin sürüşməsi üzündən zəlzələ olub.

Niyə bəzi binalar dağılmayıb? Çünki daha keyfiyyətli tikilib? Mümkündür. Ancaq zəlzələnin qeyri-adiliyini də nəzərə almaq lazımdır. Bizdə və Türkiyədə “yapon bütpərəstliyi” var, yaponlarda “Paris xəstəliyi” olan kimi. Az qala yaponları Allahın bacısı uşaqları sayarıq, əlbəttə, burda həqiqət payı da var, ancaq “niyə eyni zəlzələ Yaponiyada olanda heç kim ölmür” deyə xəbər paylaşanlar, danışanlara pis xəbərim var: yaponlar da zəlzələdən ölür, bəzən minlərlə. Sadəcə, orada evləri daha keyfiyyətlə tikməyə, necə deyərlər, adət ediblər.

Zəlzələləri müqayisə edərkən ancaq bal ölçüsünü nəzərə almaq da bir yanlışdır. Episentrin dərinliyi, tərpənmə dalğalarının üfüqi və ya şaquli olması da önəmlidir. Türkiyədəki zəlzələdə həm episentr yerin üstünə daha yaxın olub, həm də dalğalar üfüqi yayılıb. Faktiki xilas yeri qoymayıb. O üzdən “niyə xəbərdarlıq mesajları gec gəlib” deyə hökuməti ittiham etmək olmur. Zəlzələ episentri yaşayış yerindən nə qədər uzaqda və dərinlikdə olsa, onu camaata daha tez xəbər vermək olur. Burada 1-2 dəqiqəlik müddət qazanmaqdan söhbət gedir.

Biz işin elmini öyrənməliyik. Yoxsa “filankəsin qahımının şirkətidir, yeri sataq, ev tiksin” məntiqiylə göydələn ucaltmaq olmaz. Dərhal yadıma gələnlərdən Yasamalda bir ev elə tikilə-tikilə uçmuş, 20-dən çox fəhləni altında gömmüşdü. Deyirdilər şirkət Ramiz Mehdiyevindir. Ramiz müəllim vəzifədə idi, şirkətin müdirini tutdular, türmədə öldü, vəssalam.

Hacı İbrahim salfet kağızında, təyyarədə uçanda inşaat projeləri cızdığını intervülərində fəxrlə söylərdi.

Türkiyədə 1999-cu il Gölçük zəlzələsində 18 min adam ölmüşdü. İnternetdən bu mövzuda qısa şərh: “Depremden sonra yapım hatalarından çöken binaların müteahhitlerine yaklaşık 2.100 dava açılmıştır. Bu davalardan 1.800-ü hukuki boşluklardan dolayı cezasız sonuçlanmıştır. Geriye kalan üç yüz davanın yüz on kadarında ceza verilmiş, birçoğu ertelenmiştir. Bunun dışında kalan davalar ise 16 Şubat 2007 tarihinde yedi buçuk yıl geçtikten sonra zaman aşımına uğramış ve düşmüştür”...

Bizim universitetlərin “inşaat mühəndisliyi”, “geoloq” ixtisasına qəbulda keçid balı nə qədərdir? Ən aşağılardan biridir: 200 bal. Ümumiyyətlə, mühəndisin bizdə hansı hörməti var?

Hələ “neçə uşaq könüllü geoloq olmaq istəyir, neçəsi əlacsızlıq və əsgərlik üzündən, təsadüfən bu ixtisasa düşür” sualını vermirəm. Çünki cavab ağlamalıdır, daha da ağlatmayım.

скачать dle 12.1