Rusca ana dili

24-09-2015, 10:58
0
Rusca ana dili

“Həsən ilə Mehdi söhbət edir:

– Alə, axşam gedey gezmeye?

– Hara, brat?

– Nə bilim, çıxaruğ şəhərə, bir az mırt tutarığ.

– Ala, dibilsən? Camaatnan nə işimiz var? Bir də axşam hazırlıqlarım var. Allah haqqı, evdə məni nadayet eləyiblər. Oxu, oxu… Lap adamı təkərə salırlar eyy…”

Bilənlər bilir, bilməyənlərin də agahı olsun ki, bu dialoq 8-ci sinfin “Ana dili” dərsliyindəndir. Eyni səhifədə bu dialoqun dilin qaydalarına, mədəni normalara uyğun variantı da verilib. Dərslik müəllifləri iddia edirlər ki, bunda məqsəd şagirdlərə seçim imkanı verməkdir. Guya onlar bununla hansı variantın doğru olduğunu müəyyənləşdirməli, eyni zamanda, “dilimizin gözəlliyini qorumaq vərdişlərinə” yiyələnməlidirlər.

Açığı, fondpulu, süpürgəpulu, pərdəpulu, təmirpulu adı ilə uşaqlarımıza faktiki olaraq rüşvətin sirlərinin öyrədən bir  təhsil sisteminin dərsliklərindən normal nəsə gözləyəcək  qədər sadəlövh deyiləm. Bu dərsliklərin də, onların Allah qoymasa, tədris edildiyi məktəblərin də mahiyyəti, məqsədi ilk səhifəsindəki ulu öndər şəkillərindən bəllidir: şəxsiyyətə pərəstişin təbliği. Yeni yaltaqlıq kadrlarının hazırlığı.

Sadəcə, mənə əndrabadi gələn dərslik həmmüəlliflərindən birinin məlum dialoqla bağlı yaranan hay-küydən sonra keçirilən mətbuat konfransında söylədiyi sözlər oldu. Sitat: “Dərslik hazırlananda qabaqcıl ölkələrin metodikası öyrənilib: ”Rusiyada 6-cı sinif “Ana dili” dərsliyində “Obşaqa”, “Tusovka”, “Juk”, “Taçka” kimi ifadələr öyrədilir. Bəs biz niyə Azərbaycanda bundan qaçmalıyıq?!.. Biz dilimizin saflığını qorumaq üçün bunu etmişik”.

Siz Allah, bunların qabaqcıl ölkəsinə baxın: Rusiya! Ayıbdır, vallah. Daha bu qədər də yox!

Belə çıxır, artıq Azərbaycan Putinin nəinki anti-demokratik idarəetmə ənənələrinin, metodlarının tətbiq olunduğu ölkəyə çevrilib, hətta bizdə artıq dərslikləri də üzü Kremlə durub yazırlar. Bir azdan dərsliklərə Qızıl Ordunu Bakıya çağıran şeir parçaları daxil etsələr, heç kim təəccüblənməsin. Artıq hər şeyi gözləmək olar.

Yeri gəlmişkən, bilirsiniz  ki, son vaxtlar rejimin qondarma ittihamlarla, şərləyərək həbs etdiyi siyasi məhbusların məhkəmə-məzhəkələrində yeni metod tətbiq olunur. Məhkəmə-məzhəkə salonu əvvəlcədən hakimiyyətin öyrədilmiş, “5 manatlıq” adamları ilə doldurulur. Sonra da zalın dolu olduğunu bəhanə edib içəri ictimai-siyasi fəalları, jurnalistləri, xarici diplomatları buraxmırlar. Düzü, mənə maraqlı görünmüşdü ki, bu təzə icad yaptokratların ağlına hardan gəlib, öz beyinlərinin məhsuludur, yoxsa özləri ağılda olan başqalarından “şparkalqa”dır.

Dəyərli yazarımız Zamin Hacının dünənki köşəsində rast gəldim, sən demə, həmin icadın da kökü Rusiyaya gedib çıxırmış. Sitat: “…bu saat Rusiyada Savçenko soyadlı ukraynalı təyyarəçi qadının məhkəməsi gedir. Bu, çoxdankı işdir, beynəlxalq səviyyədə diqqət mərkəzində olan prosesdir. Dünya ictimaiyyəti Putin rejiminin Savçenkonu qanunsuz tutduğu, ədalətsiz mühakimə elədiyi qənaətindədir. Ən maraqlısı isə odur ki, Rusiya rejimi Savçenkonun məhkəmə prosesinə jurnalistləri buraxmır. Bunun üçün komik bir bəhanə də tapıblar: ”Məhkəmə salonunda yer yoxdur…”

Buyurun, hər şey aydındır, daha əlavə sözə nə hacət!

Düzdür, Zamin bəy qəti yazmır ki, kim kimdən öyrənib. Yəni bəlkə elə Rusiyadakılar bizdən çırpışdırıblar.

Amma açığı mən hörmətli bəy qədər optimist ola bilmirəm. Bir halda ki, bunlar hətta dərsliyə qaqulik dialoqunu daxil etməyi də ruslardan öyrənirlər, çətin kiminsə bizdən öyrəniləcək nəyisə olsun.

Bunları özbaşına qoyanda Bakı-Sumqayıt qatarını Siyəzənə sürən adamlardır, nə öyrənmək olar axı bunlardan?!

Elnur Astanbəyli

скачать dle 12.1