“A çocuq, get sənə haqq yar olsun!”

24-09-2015, 14:00
0
“A çocuq, get sənə haqq yar olsun!”

 

Yeni dərs mövsümünün necə ağır qayğılar gətirdiyi hər kəsə məlumdur. Amma küçədə, həyətdə gözəl geyimli məktəb uşaqlarını görəndə istər-istəməz insanın içindən gözəl bir hiss keçir. Həm illər əvvəl yaşanmış işıqlı xatirələr, həm də oxumağın gerçəkdən aydınlıq bir şey olduğu düşüncəsi ixtiyarsız gülümsədir insanı. Hələ bir də o illərdən yaddaşında qalmış Abbas Səhhətin bu şeir parçasını xatırlayırsansa:

A çocuq, get sənə haqq yar olsun,

Cümlə halında mədədkar olsun.

Elm təhsili əziyyətli isə,

Qışda yol getməyi zəhmətli isə,

Qorxma qeyrətlə çalış, əlbəttə,

Biləcəksən, oxusan tez vəqtə –

Ki, cahan içrə böyük insanlar,

Nə qədər zəhmətə düşmüş onlar…

Şairin dediyi “elm təhsilinin əziyyətini” uzun kənd yollarında yaşamış biri olaraq, bu zəhmətin, şübhəsiz, sonda bir meyvə yetişdirdiyini gözəl bilirəm. Nə deyim, o illərdə sanki hər şey daha fərqli idi. Hava da, su da çox təmiz idi, meyvələr də təbii şəkildə yetişirdi, əlavə minerala və ya gübrələməyə ehtiyac olmadan. Şagirdlər də ucqar kənd məktəblərində əməlli-başlı təhsil alıb, paytaxt universitetlərində oxumaq hüququ qazanırdılar. Artıq xərcə, kurslara, repetitorlara da gərək qalmırdı. Xülasə, zaman da, bəhs etdiyim ekoloji amillər də, təhsil şərtləri də yerdən göyə qədər dəyişib. Bunu hamınız yaxşı bilirsiniz. Bir az da statistik rəqəmlərə baxıb, haradan-haraya gəldiyimizi anlatmaq istədim…

Mətbuatda iqtisadçı ekspert Rövşən Ağayevin açıqladığı maraqlı faktlara rast gəldim. Həmin faktlar deyir ki, 1990-cı illə müqayisədə indi kənd və şəhər əhalisinin sayı eyni səviyyədə artıb. Ayrı-ayrılıqda həm kənddə, həm şəhərdə yaşayan əhalinin sayında təxminən 1,2 milyon nəfərlik artım var. Amma bu 25 il müddətində şəhər yerlərində təhsil alan orta məktəb şagirdlərinin sayı 15% və ya 103 min nəfər artıb, kənd yerlərində isə 19% və ya 130 min nəfər azalıb.ÿMaraqlı, həm də narahatlıq doğuran məsələdir, deyilmi? Səbəbini yüz yerdə axtarmaq olar, təbii. Ancaq ekspertin özü şəhər və kənd yerlərində məktəbyaşlı uşaqların sayının eyni olması faktından çıxış edərək, fikrini belə ifadə edib ki, ya kənddə məktəbdən yayınma səviyyəsi daha yüksəkdir, ya da açıqlanan rəsmi məlumatlar gerçəkliyi əks etdirmir. Nisbətin pozulması ilə bağlı bir ehtimal da son illərdə əyalət insanının şəhərə axın etməsidir ki, bu daha ağlabatan fikirdir. Indi eləcə “təki oxumaq olsun, şəhər-kənd fərq etməz” deyib keçə bilərik. Lakin dərd bununla bitirmi ki?.. Bəs boşalan kəndlərin, orda pərişan olan müəllimlərin, şəhərlə kənd arasında arasındakı mühit fərqinə öyrəşincə, oxumaq fürsəti də əldən çıxan uşaqların taleyi necə olsun? Hər il orta məktəblərdə attestat problemi yaşayan, qəbul imtahanlarında sıfır nəticələr göstərən gənclərin sayının artması təsadüfdür elə bilirsiniz?

Hökumət üzvləri də, ölkə başçısı da fəxrlə ölkədə “sıfır savadsızlıq” səviyyəsindən danışır. Sıfır nəticələrdən, bu ürküdücü faktlardan, sıfır nəticələrdən danışan yoxdur. Aydınlıq, işıq və ziya qapısı açan gözəlim məktəbin nə dərdlər içində olduğunu kimsə dilə gətirmir. Bərbad dərsliklər, saxtalaşdırılan kitablar, bahalı dərs vəsaitləri, rüşvət faktları məktəb amilini kiminsə biznes vasitəsinə çevirməklə təhsili çökürdür. Indi maraq üçün küçəyə çıxıb, “ölkənin ən ağrılı problemi hansıdır” sualı ilə insanlarımıza müraciət etsəniz, böyük çoxluq təhsilin adını çəkəcək, inanın ki. Doğrudur, heç qeyri sahələrimiz də bir abırlı-başlı gündə deyil. Lakin təhsil hər bir ölkənin bel sütunudur, bizi bel sütunumuzdan yıxırlar…

Səadət Cahangir

скачать dle 12.1