Seçki niyə maraqsızdır?

24-09-2015, 16:08
0
Seçki niyə maraqsızdır?
Parlament seçkiləri yaxınlaşır. İctimai rəy isə seçki əhvalında deyil. Sanki seçkinin heç bir önəmmi yoxdur. Belə fikirləri anlayışla qəbul etmək də mümkündür.
Bu ölkədə seçkinin önəmi nədən ibarətdir? Demokratik dünyada belə suallar ironiya ilə qarşılanardı. Azərbaycanda isə respondentlərin önəmli hissəsi seçkinin əhəmiyyətsiz olduğunu söyləyə bilər.  Doğrudan da, seçkinin nə əhəmiyyəti var ki?
Seçkinin önəmi yeni hökumətin formalaşması ilə bağlıdır. Hər seçki yeni məmur, nazir dəyişikliyi və fərqli idarəçilik anlamına gəlir. Avropa ölkələrində hakim partiya təkrar iqtidar olursa, yenə də hökumətdə yeni komanda ilə təmsil olunur. Azərbaycanda isə Nazirlər Kabinetinin tərkibi demək olar ki dəyişmir. Kiçik və kosmetik dəyişikliklər isə insanlara pozitiv impulslar verməyə qadir deyil. Bu ölkədə nə baş nazir dəyişir, nə də ki, Rəssamlar İttifaqının sədri. Belə ölkədə yaşamaq maraqsızdır. Siyasətlə məşğul olmaq isə ikiqat maraqsızdır. Söhbət yalnız seçkilərin nəticələrinin şübhə doğurmasından da getmir. Konfiqurasiyaların da dəyişməz qalması ciddi böhran yaradır. Ən azından toplananların yerini dəyişmək mümkün idi.
Normal ölkələrdə hakimiyyətin başında dayanan şəxs kimi, müxalifət liderləri də dəyişir. Azərbaycanda isə bunu müşahidə etmək mümkün deyil. Bir sıra hallarda partiya sədrləri geri çəkilir, lakin yenə də partiyanı əvvəlki kimi idarə edir. Sanki partiyaları da inhisara alıblar. İndiki müxalifət liderlərinin böyük əksəriyyəti 80-ci illərin xalq hərəkatının önündə gedənlərdir. O illərdə bir çağırışla meydanlara yüz minləri toplaya bilirdilər. Hərəkatın o zamankı və indiki liderləri elə o dövrdə anlamalıydılar ki, bu, hər zaman belə olmayacaq. İnsanların mübarizliyinin, dözümünün və inamının limiti var. Dəstəkdən sui-istifadə etmək olmazdı. Özünə vurğunluq sonda bu dərəcədə  anormal vəziyyətə səbəb oldu. Meydanlara yüz minləri toplayan liderlər bu gün birlikdə kiçik bir stadiona 2-3 min insan toplamaqda çətinlik çəkirlər.
Bu gün bir-birilərinə qənim kəsilən, düşmən olan müxalifət ayrı-ayrılıqda iqtidar olmağı ağlından belə keçirə bilmir, birlik nümayiş etdirib qalib gəlsə belə, səlahiyyətlər uğrunda hansı qanlı savaşın olacağını çoxları düşünür. Bütün bunların təsadüfü olduğuna inanmaq artıq mümkün deyil. Əslində baş verənlər təkəbbür göstəricisi hesab edilə bilər. İqtidar və müxalifəti hakimiyyət hərisliyi birləşdirir. Hakimiyyət hərisliyi isə sağalmaz xəstəlikdir. Öncədən profilaktik tədbirlər həyata keçirilməlidir.
Elə bu səbəbdən də demokratik ölkələrdə eyni şəxsin on illər boyunca partiya sədri olması mümkün deyil. Demokratik düşüncə elə müxalifət partiyasından başlayır. Partiya sədri postunu ölümünə qədər idarə etmək arzusunda olanlar iqtidara gəldikdən sonra daha tezliklə diktatora çevrilə bilirlər.
Maraqlı olan başqa sualdır. Bu gün iqtidar mənsublarının bölə bilmədiyi nəsnələr az deyil. Bəzi hallarda söhbət dəyəri milyonlarla ölçülən vəsaitdən gedir. Müxalifət nəyi bölə bilmir? Azərbaycanda müxalifət təşkilatının rəhbərliyində təmsil olunmaq xüsusi imtiyazlara malik olmaq demək deyil.
Türkiyədə, Rusiyada, Avropa ölkələrində siyasətçinin müxalifət partiyalarının rəhbərliyində təmsil olunması bilinən və bilinməyən imtiyazlara sahib çıxmaq anlamına gəlir. Azərbaycanda isə tam əksinədir. Müxalifətçi olmaq həbslər, təqiblər və işsizlik deməkdir. Şübhəsiz ki, mövcud status kvonu qoruyub saxlamaq istəyən hakimiyyət kimlərisə qeyri-rəsmi himayəsi altına ala bilər. Lakin ümumilikdə götürdükdə müxalifətçilik heç bir müsbət perspektiv vəd etmir. Belə bir şəraitdə münasibətləri düşmənçilik səviyyəsinə qaldırmaq, hakimiyyətdən daha çox öz əqidədaşına nifrət püskürmək nəyə xidmət edir?
Son 20 ilin məğlubiyyəti son dərəcə əsəbi mühit yaradıb. Yüzlərlə insan onları bu acınacaqlı hala salan təbəqəyə qarşı mübarizədə öz acizliklərini ört-basdır etmək üçün elə müxalifətçi yoldaşlarına hücum təşkil edir.
Baş verənlər olduqca acınacaqlıdır. Bir tərəfdən də “Rusiya təhlükəsi” reallaşmaqdadır. Bu amil insanları birləşdirməli idi. Azərbaycanda isə qlobal düşünənlərin sayı azdır. İnsanlar üçün  kiçik intriqalar daha cəlbedicidir. Bu isə artıq politologiyanın predmeti deyil...
скачать dle 12.1