Doğrudanmı hər şey keçmişdə qalıb?

24-09-2015, 13:10
0
Doğrudanmı hər şey keçmişdə qalıb?
Nə deyim? Bəlkə də çox yaxşı haldır ki, müqayisə üçün uzaqlara getməyə ehtiyac yoxdur, hər şey az qala bir addımlıqdadır... 
Bəli, yaxın vaxtlarda Azərbaycanda da seçki olacaq, Türkiyədə də... Hər iksində də parlament seçkisi... Ona görə də elə hey bir fikir beynimzi tərk eləmir: avropalı ola bilmədik, bəlkə türk olmağı sınaqdan keçirək?..
Tamamilə səmimi deyirəm ki, “bir millət, iki dövlət” sözləri mənim çox xoşuma gəlir, bundan hətta qürur da duyuram. Amma yenə də suallar mənə bir rahatlıq vermir ki, vermir. Elə istəyirəm soruşum ki, bir millətiksə onda bəs niyə onlar kimi ola bilmirik?...
Amma tələsməyək. Əvvəlcə ərz edim ki, “Onlar kimi olmaq” deyəndə mən nələri başa düşürəm? 
Əvvəla, Türkiyədə bu qədər həngamənin içində təkrar seçkiyə getməyə qərar verdilər, dedilər ki, qoy, millət bir daha öz qərarını versin... Deməli, nə ölkədəki ağır hərbi-siyasi durum, nə də başqa bir məsələ siyasi spekulyasiyaya əsas olmadı, hər şey doğru-dürüst millətin öhdəsinə buraxıldı...
Çətin vaxtda koalisyon hökumət qurmaq mümkün olmadı. Amma nə “beşinci kolon” söhbəti oldu, nə də “milli xainlər” məsələsi... Sadəcə, deyildi ki, partiyalar razılığa gələ bilmədilər. Yox, mən demirəm ki, Türkiyədə partiyaların biri-birinə münasibəti leksik mənada qüsursuzdur, amma bunlar ən uzağı ritorik məna kəsb edə bilər. Heç kim durub Dəniz Baykalı və yaxud da Dövlət Bağçalını ciddi şəkildə “beşinci kolon” adlandıra bilməz...
Bu məsələnin bir tərəfi. Digər aspektlərə gəldikdə isə, orada seçkinin ən maraqlı anı onun bitdiyi gün olar. Bütün telekanallar seçkinin ilkin nəticələrini şərh etməklə məşğul olurlar. Burada siyasətçilərin də deməyə sözü olur, politoloqların da, sosioloqların da... Amma bizdə... 
Bir dəfə mənə demişdilər ki, seçkiləri təhlil et... Mən qayıtdım ki, bizdə təhlillik bir şey yoxdur, adətən hamı ya bir adama, ya da bir partiyaya səs verir... Siz görməzsiniz ki, tutaq ki, Bakıda bir şey olsun, Şamaxıda başqa - hər yerdə hər şey eynidir, insanlar yekdilliklə bir partiyanı və yaxud da onun namizədini dəstəkləyirlər. Həmin o bir partiya da bizim hakim partiya olur...
Qərəz, bu da məsələnin digər tərəfi. Yox, mən irəli qaçmıram. Amma “İlan vuran qara çatıdan qorxar!” deyiblər. Mən də bu ölkədə çox seçki görmüşəm və elə bu səbəbdən də bir az mühafizəkarlaşmışam – dəyişiklik ola bilcəyinə inanmıram...
Bəlkə də siz də inanmazsızınız, amma bu yaxınlarda bilirsiniz nə yazmışdım? 
Yazmışdım ki, ən böyük arzum düzgün və demokratik seçkidə hakim partiyanın namizədinə uduzmaqdır! İnanın ki, həqiqətən də bunu arzulayıram! 
Düşünürəm ki, elə digərləri də belə fikirləşir... Hətta bir ara fikirləşdim ki, güman Avropa oyunlarından sonra hakim partiyanın reytinqi kəllə-çarxa vurar və o, ürəklənərək hətta demokratik seçki də keçirər!..
Amma sonra bilirsiniz nə oldu? Telekanalların birində tamaşaçı “İlk Avropa idman oyunları harada keçirilib?” sualına cavab verə bilmədi... Onda mən bir az duruxdum. Gördüm ki, yox, bizim orta statistik seçici dünyadakı orta ststistik seçicilərdən bir o qədər də fərqlənmir... 
Dünyada orta statistik seçici necə düşünür? Əgər iş varsa, dolanışıq varsa, ailə büdcəsində kəsir yaranmırsa, deməli hökumət yaxşı işləyir!.. Dünyanın bütün adi seçiciləri belə düşünür – onları parıltı ilə, bər-bəzəklə karıxdırmaq elə də asan deyil. Hətta sizə deyim ki, xaricdə idman bizdəki qədər patriotizm göstərici də hesab olunmur - orada insanlar ölkələrininin keçmişilə deyil bugünü ilə, ölkələrinin zahiri görüntüsü ilə deyil, onun bugünkü vəziyyətilə və yaşamaq üçün nə qədər yararlı olması ilə öyünürlər...
Bircə anlığa bizim Türkiyəni qoyaq bir tərəfə. Bir dəfə əlimə Baltik ölkələrinin tarixilə bağlı bir kitab düşmüşdü. Sizə deyim ki, qeyri-adi bir şey yox idi. Hətta bizdə bir vaxt xanlıqlar (sevmədiyimiz dövrlər...) olduğu kimi onlarda da həmişə knyazlıqlar olmuşdu... 
Amma bu gün nə var? Yenə də nə “alov qüllələri” var, nə də buna oxşar bir şey... Amma insana sayğı var... İnsana hörmət var və bu, onların əsas qürur mənbəyidir...
Amma gəl, “Estoniya necə ölkədir?” soruşanda ilk olaraq önə keçən insanların rifahı, hüquq və azadlıqları və buna bənzər başqa şeylərdir...
скачать dle 12.1