Evimizi qoruyanların evsizlik dərdi

23-09-2015, 18:21
0
Evimizi qoruyanların evsizlik dərdi

Yaxud, erməniyə açılan qucaqlar zabitlərimizə niyə açılmır?
 
Bugünlərdə ehtiyatda olan zabit, mayor Rasim İmanov ölkə başçısına müraciət edərək 34 il Dövlət Sərhəd Xidmətində qüsursuz şəkildə xidmət etdiyini, bu müddət ərzində nümunəvi xidmətə görə komandanlıq tərəfindən dəfələrlə təltif edildiyini, lakin ehtiyata buraxılandan sonra evsiz-eşiksiz qaldığını bildirib. R.İmanovun sözlərinə görə, mənzil problemini həll etmək üçün 2011-ci ildən etibarən döymədiyi qapı, müraciət etmədiyi ünvan qalmasa da, əlaqədar dövlət orqanlarının heç biri qanunvericiliyin tələbinə zidd olaraq onun mənzil probleminin həllinə yardım göstərməyib.
Azərbaycan sərhədlərinin qorunmasında 34 il əmək sərf edən, ömrünün 34 ilini əldə silah, gecə-gündüz bilmədən vətənin keşiyində duran, Azərbaycan adlı evimizin hüzur və təhlükəsizliyi üçün çalışan R.İmanovun bu müraciəti nədənsə mənə rəsmi Bakının ölkəmizə sığınan ermənilərə göstərdiyi münasibəti xatırlatdı. Hansı ki, Azərbaycana sığınan ermənilərin nəinki mənzil və sığınacaq problemi anındaca həll edilir, onların lüks yaşamı, təhlükəsizliyü, üçüncü ölkəyə göndərilmələri ən yüksək səviyyədə təmin edilir. Onların bəzisi ailəlikcə ölkəmizə sığınaraq paytaxt Bakıda heç yerdə yaşaya bilməyəcəkləri qədər ideal bir həyata sahiblənir və torpaqlarını işğal etdiklərini, övladlarını qanına qəltan etdikləri xalqın boğazında kəsilən pullar hesabına  təmtəraqlı həyat sürür. Nə qədər qəribə və təəssüfedici də olsa deməliyik ki, bu günə qədər Azərbaycana sığınan heç bir erməninin hər hansı arzusu ürəyində qalmayıb.
Maraqlıdır, siyasi-sosial amillər səbəbi ilə Azərbaycana sığınan və bizdən  Qərbdə sığınacaq almaq üçün tranpilin kimi istifadə edən ermənilərin mənzil, dolanışıq, təhlükəsizlik probleminin bir gün, bir saat ərzində həll edildiyi təqdirdə niyə ölkəmizin təhlükəsizliyi uğrunda on illiklərlə zəhmət çəkən R.İmanov və onun kimi zabitlərin mənzil problemini həll edilmir? Niyə canımızı, namusumuzu, bayrağımızı etibar etdiyimiz hərbçilərimiz bunca fədakarlıq qarşılığında sonda küçə və kirayələrdə sürünməli olur? Doğrudanmı onların bu dövlət üçün bir erməni dığası qədər dəyəri yoxdur? Həqiqətənmi əsrlər uzunu qanımızı içən və bundan doymayan bir xalqın nümayəndələri bizim üçün bir Azərbacan zabitinin həyatından, onun ailəsindən, mənzil və dolanışıq problemindən daha üstündür?
Bəli, təəssüflər olsun ki, bu gün Azərbaycana üz tutan ermənilərlə müqayisədə mənzil problemi ilə üzləşən zabitlərimizin vəziyyəti daha ümidsiz görünür. Hər halda zabit R.İmanovun 4-5 ildir ki, haqqı olan mənzillə təmin edilməməsi, aldığı pensiyanı poçt və məhkəmə zallarında xərcləməsi bu cür düşünməyə əsas verir. Və ən pisi budur ki, hələ də bir çox insan bu qəbildən olan olaylara sadəcə həmin zabitlərin problemi kimi yanaşır. Halbuki, evimizi qoruyanların evsizliyi yalnız həmin hərbçilərin deyil, bütün Azərbaycanın faciəsi və rüsvayçılığıdır. Öz zabitinə düşmən təmsilçisi qədər dəyər verməyən, onu küçələrdə qoyan, taleyin ümidinə buraxan bir dövlətin öz torpaqlarını işğaldan azad etməsi absurd və mümkünsüzdür. Belə bir xalqın hər zaman işğal və əsarət altında yaşamasından, daim təzyiq və təqiblərə məruz qalmasından daha təbii, daha normal, daha ədalətli bir şey ola bilməz.
Zabitlərimiz, əsgərlərimiz azadlığımızı, müstəqilliyimizi, şərəfimizi, yaşamımızı canları hesabına, heç bir təmənna güdmədən qoruyan və sevə-sevə fəda edən insanlardır. Bu insanların ən xırda probleminə belə böyük həssaslıq göstərmək bizim bocumuzdur. Biz bu borca verdiyimiz önəmi öz əməllərimizlə göstərməliyik. Və nə qədər ki, bu yoxdur, biz nəinki itirdiyimiz torpaqları azad edə, ərazi bütövlüyümüzü təmin edə bilməyəcəyik, hətta olan-qalan azadlıq və müstəqilliyimizdən də məhrum olacayıq. Çünki R.İmanov kimi evimizi qoruyan o qədər zabitimizi evsiz qoyduq ki, sabah evimizlə bağlı təhlükə yarananda evimizi qoruyan bir kimsə tapılmayacaq.

 

Seymur Əliyev

скачать dle 12.1