Cənablar, faciələrinizi önləyin!

23-09-2015, 18:27
0
Cənablar, faciələrinizi önləyin!

 

Azərbaycanda parlament seçkilərinə qırx günə yaxın vaxt qalıb. Artıq imzatoplama kampaniyasına start verilsə də, insanlarda nəinki seçki əhval-ruhiyyəsi var, heç çoxlarının bu seçkilərdən xəbəri belə yoxdur. Çünki çoxillik seçkilərdə baş-alıb gedən kütləvi saxtakarlıq insanların səsverməyə marağını tam öldürüb. Soruşanda ki, “səsvermədə iştirak edəcəksiniz?”, bəziləri “seçki nə vaxt olacaq?” kimi suala sualla cavab verirlər. Bəziləri isə “seçki indiyə qədər bizsiz keçib, bundan sonrada bizsiz keçər” - cavab verirlər. Elələri də var ki,“bizim kimə səs verəcəyimiz deyil, Məzahir Pənahova kimi desələr onu qutudan çıxaracaq” kimi ritorik fikirlərdən istifadə edirlər.
Biz deyəndə ki, həmin saxtakarlıqda iştirak edənlər təkcə “yuxarı”lar deyil. Məktəb müəllimləri, onların dərs dediyi şagirdlərin valideyinləri və bəzi tibb müəssəsində işləyən həkimlər də bu saxtakarlıqda iştirak edirlər. Bu zaman isə həmin adamların bir sözü olur: “Saxtakarlıq edənlərə Allah lənət eləsin. Onlar ki, xalqın haqqın yeyirlər, inşallah cəhənnəmlik olarlar. Günahları böyük, cəzaları da böyük olar”.
Bir sözlə, insanlar seçkiyə biganə deyillər, sadəcə nəticənin saxtalaşdırılmasından beziblər.
Bəli, bu gün seçkilərə start verilsə də, ölkədə seçki əhval-ruhiyyəsi yoxdur. Əslində, demokratik ölkələrdə seçkiyə bir il qalmış ciddi əhval-ruhiyyə formalaşır. Namizəd olacaq siyasi partiyalar fəallaşır, xalqla ünsiyyətdə olmalarına baxmayaraq daha da aktiv fəaliyyətə keçirlər. Müstəqil namizədlər də özünün tutduğu mövqeyə və çəkisinə görə heç də siyasi partiyalardan geri qalmayaraq, seçkiyə qatılmaq istədikləri dairələrdə təbliğatlarını qururlar.
Bizdə necədir? Tam fərqli! Yuxarıda qeyd etdiyimiz insanlarla söhbət zamanı bu seçkilərdə şəxsən özümün də iştirak etmək istədiyimi bildirdikdə, mənə “sən birinci icazə al, sonra iştirak et! Yoxsa boşuna vaxtını və pulunu xərcləmə” – dedilər.
Bu fikirlər əksər insanların dedikləri və geniş insan kütləsinin qəbul etdiyi həqiqətdir.
Bəli, bu il seçki dönəmidir! “Dönəmi” sözünü boşuna işlətmədim. Bu il seçki dönəm ola bilər! Bu dönəm pis, orta pis və nisbətən yaxşı ola bilər. Baxır kimlərə...!
Azərbaycanda indiyə qədər olan seçkilər (1992-ci il prezident seçkilərindən başqa) Rusiyanın diqtəsi ilə keçrilirdi. Hakimiyyət də seçkilərdə Rusiyanın apardığı siyasətin müəyyən korrektələrlə Azərbaycanda“kopirovka”sını ediblər.  Əslində, Rusiyanın idarəetmə sisteminin özü də indiyə qədər mövcud olan avtoritar sistemlər və totalitar cəmiyyətlər haqqında nəzəriyyələr əsasında formalaşıb. Həmin sistemə uyğun olaraq indiki Putin hakimiyyətinin parlamentə buraxdığı partiya və deputatlara baxaq: Vladimir Jirinovskinin başçılıq etdiyi Rusiya Liberal Demokrat Partiyası və Gennadi Züqanovun rəhbəri olduğu Kommunist Partiyası. Yəni “demokrat” adı altında radikal millətçilik ideologiyasını aparan Jirinovski, eyni zamanda kommunist ideologiyası altında SSRİ-nin bərpası haqqında xülyalarla yaşayan Züqanov. Hansı ki, Putin hər zaman demokratları kənarda saxlamaqla, özünün şəxsi ambisiyalarını həyata keçirmək üçün belə partiyalardan istifadə etmişdir...
Qayıdaq Azərbaycanda olan seçkilərə. Bir qrup müxalifətin müraciətindən sonra hakimiyyət ilin əvvəlində müəyyən gedişlərlə bir masa arxasında hakimiyyət-müxalifət problemlərini çözmək və seçkilər öncəsi barış mühiti formalaşdırmaq kimi jestlər etdi. Bu da cəmiyyətdə nəhayət ki, ciddi barışın olacağına vətəndaş qarşıdurmasından uzaqlaşaraq, yeni bir auranın yaracağına inam yaratmışdı. Sonrakı proseslər bu ab-havanı heçə endirdi.
Qərbin də seçkilərlə bağlı ümidləri 2008-ci ildə sındığı üçün, artıq 2010-cu il seçkilərində demokratiya istiqamətində bir addım atıldığını deyil, seçkilərin çox hissəsinin saxtalaşdırıldığını elan etdi. 2013-cü il seçkilərini isə Qərbin demək olar ki, boykot etdiyini yaddan çıxarmaq olmaz.
Bu seçkilərdə hakimiyyəti təmsil edən YAP siyahısının hələ də oliqarxlar arasında bölüşdürülə bilməməsi situsiyanın heç də yaxşı olmayacağını göstərir. Təbii, indi hakim partiyaya da bəllidir ki, bu seçkilər dönəmi və mövcud beynəlxalq vəziyyət tamamilə fərqlidir. Həm də artıq İlham Əliyevin 2018-ci ildəki seçkilərdə iştirakının da mümkün olmayacağı bəllidir. Çünki, yuxarıda qeyd etdiyim kimi, 2013-cü il seçkilərinə Qərbin təpkisi açıq və net şəkildə idi. Ona görə də, 2018-ci il prezident seçkilərində hakimiyyət mütləq yeni namizədlə çıxış etməlidir.
Yeri gəlmişkən, hakimiyyət üçün yeni namizədin birinci ledi Mehriban Əliyevanın olacağı söylənilir. Təbi ki, bu günki seçkilərin də demokratik aparılması bu şansı bir az da yüksəkliyə qaldırardı. Əslində, 20-30 illik deputatlarla dolu olan YAP bu dönəmdə təmizlənməli, yeni demokratik təfəkürlərin parlamentdə olmasına imkan yaradılmalıdır. Əks təqdirdə köhnə qaydalarla, yəni Rusiyayanlıların apardığı seçkilərlə qabağa getmək mümkün olmayacaq.
Əlbəttə, indidən 2018-ci il seçkilərindən danışmaq və hansı hadisələrin olacağını proqnozlaşdırmaq qeyri-mümkündür. Lakin xalqın “ölüm süstlüyü” bu hakimiyyəti aldatmasın. Odur ki, cənablar, gəlin seçkiləri demokratik keçirək! Bununla gələcək faciələrimizi və faciələrinizi önləmiş olarsınız!

 

Daşqın Nuriyev

скачать dle 12.1