“Yaquar” daşlayan çəlimsiz qızlar

25-09-2015, 17:21
0
“Yaquar” daşlayan çəlimsiz qızlar

 

Ölkədə bu saat ən çox müzakirə edilən məsələlərdən biri dərsliklərdir. Bilən, bilməyən hər kəs atını-itini nallayıb düşüb dərsliklərin üstünə. Məqsəd də birdi: təhsilimizdəki uğurlu inkişafa kölgə salmaq, şou düzəltmək, düşmən dəyirmanına su tökmək (neçə ildi, mənfur ölkənin mətbuatını izləyirəm – bir dəfə də dəyirmanlarında su qıtlığından şikayətləri olmayıb).

Gələk mətləb üstünə. Orta məktəb dərsliklərində irad tutulan mətnlərin birində iki növcavanın söhbəti verilib: “Alə, axşam gedey gezməyə?” “Hara, brat?” “Nə bilim, çıxaruğ şəhərə, mırt vurarığ”. “Ala, dibilsən?”. Etirazçılar deyir ki, bu sözlər dərsliyə niyə düşür?

“Kreativ molla” metodu

Düzdü, burdakı sözlər pisdi, amma bu cür metodika bizim ənənəmizdə var.
Deyir, molla bir qızla evlənmək istəyirmiş. Qız ona şərt qoyur ki, minbərdə “Yanıq Kərəmi” çalsın. Mollanın qafası işləyirmiş. Sazı götürüb gəlir məscidə moizəyə:

-Camaat, musiqi ifa etmək, musiqiyə qulaq asmaq haramdı. Bizdə ən çox yayılan və haram olan musiqi aləti sazdır. Sazda çalınan ən haram hava isə “Yanıq Kərəmi”dir. İndi onu çalacam ki, tanıyasınız və heç vaxt qulaq asmayasınız. Bunu deyib sazı kökləyir və minbərdə “Yanıq Kərəmi” çalır. Buna dünya pedaqogikasında “kreativ molla” metodu deyilir və inkişaf etmiş ölkələrdə geniş tətbiq edilir.
Bu metoddan Mirzə Cəlil də istifadə edib. “Molla Nəsrəddin” jurnalında “Nəsihəti-hükəma” adlı rubrika vardı. Mirzə Cəlil yazırdı: “Filan, filan (ədəbsiz sözlərdir, özüm yazmıram – O`K) sözləri heç vaxt işlətmək olmaz. Çünki bunlar pis sözlərdir”. Dildə vulqar sözlərin və varvarizmlərin sayı qeyri-vulqarlar və əsl Azərbaycan sözlərindən dəfələrlə çoxdur. Ona görə uşaqların dili açılan kimi bunları öyrətmək lazımdır ki, işlətməsin. Məncə, dərsliklərdəki sözlərin sayını artırmaq lazımdır. Tutalım, adamların əli “Qazel”in qapısı arasında qalanda söydüyü söyüş, ötüşən avtobus sürücülərinin işlətdiyi sözlər və s. Dərsliklərə nəzarət edən vücud özü deyir ki, “bu sözlər bizim şüurumuzda, təfəkkürümüzdə var və yazmaq ayıb deyil”. Bir də ki, “brat” sözü TV-də çox işlənir. Gürcüstanda seçkilər olanda bir şərhçi deyirdi: “Əəə, brat, Zurab kişi üçün nə fərqi var, Saakaşvili oldu, ya bir başqası?” (amma, deyəsən, fərqi oldu axı).

“Yaquar”ı necə saxlamalı 

İkinci, daha çox irada tuş gələn mətn 5-ci sinfin dərsliyindəki “Həyat dərsi”dir. Gənc iş adamı yeni “Yaquar”ı ilə gedirmiş. Birdən hiss edir ki, maşının qabağına nəsə dəydi. Maşını saxlayır. “Qarşısında 12-13 yaşlarında çəlimsiz bir qız” dayanıbmış. “Bu zəhrimar daşı niyə atdın?”, – deyə oğlan qışqırır. Qızın “gözlərindən sel kimi yaş axır”. Məlum olur ki, qardaşı əlil arabasından yıxılıb. Onu arabaya qoymaq lazımdır. Qız bilib ki, başqa yolla “Yaquar”ı saxlamaq olmaz.  Aktualdımı? Aktualdı. Bu saat ölkədə ən ciddi problemlərin biri çəlimsiz qızların “Yaquar” saxlaya bilməməsi ilə bağlıdır. Çəlim və qəmzə olanda “Yaquar” özü dayanır. Çəlimsiz qızların işi çətin olur. Dərslik müəlifləri çıxış yolunu göstərir – ön pəncərəyi daşlamaq. Nominal ideya əlilə kömək, arxa plandakı əsas ideya gənc biznesmenlə tanışlıqdı. Həmçinin uşaqlar anlayır ki, əlillərə sol gözlə baxmaq yaxşı deyil. Onları arabadan yıxıb “Yaquar”lı biznesmenlə tanış olmaq olar. Mətnin adını da mənalıdı: “Həyat dərsi”. 5-ci sinifdən başlayıblar. Tezdimi?  

Sən elə demə, sən “kələm” de

Etiraf edək ki, iradların biri qismən haqlıdır. “Kərəmin anası ilə dialoqunu oxu” adlı çalışma bu qəbildəndir:
-Ana, mənə nal al.
-Atını nallayacaqsan?
-Yox, yeyəcəm.
Ananın öz övladının pəltək olduğunu bilməməsi inandırıcı deyil. Bunu belə dəyişmək olar. Anlaşılmazlıq Kərəmlə anası yox, yeni işə başlamış mürəbbiyə arasında olur. Nəhayət, mürəbbiyə uşaqdan adını soruşur. Kərəm deyir:
-Kələm.
-Necə yəni “kələm”? Belə ad olar?
-Sən elə demə, sən “kələm” de.
Mürəbbiyə handan-hana anlayır ki, oğlanın dili şirindir. Beləcə, vaqeə happy end-lə başa çatır. Xeyir işlərdə görüşək…

P.S. AMEA əməkdaşı olan bir arkadaş yazır: “İnternetdə yerləşdirilən ali məktəb dərsliklərindən birində yazılıb ki, “XIII-XIV əsrlərdə mədrəsələrdə Füzulinin “Leyli və Məcnun”u oxunurdu”.  Yaxşı, mədrəsənin “zavuç”u kəmhövsələ olub, Füzuli anadan olmamış bu əsəri proqrama salıbsa, dərslik yazan neyləsin? Tarixi təhrif etsin?

O`Kamil

скачать dle 12.1