Rusiya Bəşər Əsədi hərraca çıxarıb - TƏHLİL

25-09-2015, 17:31
0
Rusiya Bəşər Əsədi hərraca çıxarıb - TƏHLİL
Bilmirəm, kimə daha çox sərf edir və ya kimin üçün daha çox maraqlıdır, amma bildiyim odur ki, indi Yaxın Şərqdə bütün maraqlı dövlətlərin iştirakı üçün əsas və ən başlıcası isə, bəhanə var – indi bütün böyük dövlətlər bütün səmavi dinlərin ünvanı olan bu məkana can atır...
Ötən dəfə Suriya problemi müstəvisində Rusiya ilə ABŞ arasında olan kontaktlardan bəhs etmişdik. O vaxt da demişdik ki, böyük siyasətə heç nə və heç bir üsul yabançı deyil, bu ölkələr “Məqsəd vasitəyə bəraət qazandırır!” prinsipilə hərəkət edirlər...
Amma məsələnin qəlizliyi də ondadır ki, bu gün Yaxıın Şərqdə, xüsusən də Suriyada məqsədlər də müxtəlifdir. Hər dövlətin öz məramı və məqsədi var və bu məram, məqsəd və maraqlar cəngəlliyində baş açmaq elə də asan deyil...
ABŞ-ın məqsədi B.Əsədi və İŞİD-i yox etməkdir. Türkiyə isə bu bölgədə əsasən İŞİD-ə və PKK-ya qarşı vuruşur. Elə buradaca qeyd edək ki, ABŞ-ın kürdlərə dəstək verməsi iki müttəfiq – Türkiyə ilə ABŞ arasında ciddi narazılığa gətirib çıxarıb...
Amma bu, hələ tam siyahı deyil. Başqa “oyunçu”lar da var. Son günlər Rusiyanın bölgəyə ciddi müdaxiləsi sezilir. Hələki Rusiya B.Əsədi yalqız qoymaq istəmir. Fəqət, güman edirik ki, bu, da müvəqqəti haldır. Elə bir gün gələcək ki, bir vaxt Səddam Hüseynin dövründə olduğu ki, Rusiya B.Əsədin də arxasından qaçacaq... 
Hələlik isə o, B.Əsədə siyasi hərracda daha yaxşı qiymət qoyulmasına çalışır. Rusiya diqqətin Suriyaya yönəlməsində, özünün də bu prosesə cəlb edilməsində maraqlıdır, çünki bu, böyük dövlətləri Ukrayna böhranından və ikinci soyuq savaş haqqındakı planlardan uzaqlaşdırır...
İran da dinc dayanmır. B.Əsədə dəstək qazanmaq üçün tez-tez rusiyalı diplomatlarla məsləhətləşmələr aparır. İran diplomatlarının Moskva səfərləri o qədər intensivləşib ki, adam bir səfər haqqında oxuyub qurtarmamış o biri səfər başlayır... İran bəlkə də bu sxemin içində yeganə vektordur ki, onu həqiqətən də B.Əsəd rejiminin taleyi narahat edir. Ona görə ki, Əsəd onlar üçün “Hizbullah” və bir də şiə həmrəyliyi deməkdir. Amma o, da Rusiya kimi hələ də qüvvəsini tamamilə nümayiş etdirməyə tələsmir, necə deyərlər, hamı ilanı Seyid Əhməd əlilə tutmaq istəyir, amma bu rola iddialı ölkə tapmaq elə də asan deyil...
Yaxın Şərq məsələlərində İsrail də heç vaxt kənarda qalmayıb. Bu günlərdə İsrailin də baş naziri Moskvaya səfər etmişdi. Deyəsən, V.Putin öz planlarının İsrail üçün təhlükəsiz olduğuna onu inandıra bildi...
Beləcə, çalışdıq ki, Suriya məsələsində əsas geosiyasi vektorları cızaq. Amma nə qədər çalışsan da, mənzərini bütün tamlığı ilə çatdırmaq olmur...
Bəlkə də burada ABŞ-ın rolunu müəyyən etmək daha düzgün olardı, ona görə ki, nə etsə, sonda yenə də ABŞ edəcək. 
İndi ABŞ siyasəti elə bil ki, arakəsmələr arasındadır. Bir tərəfdən onu Avropanın maraqları sıxır, çünki bu qitəni başına almış miqrant məsələsi elə də adi məsələ deyil. Hətta buna bir bumeranq kimi baxsaq da, bu, məsələnin məğzini dəyişmir, o səbəbdən ki, indi Avropa həqiqətən də təlaş içindədir... Hətta keçmiş koloniyalar çökərkən metropoliyalara belə miqrant axını olmamışdı. Avropanın özünün ABŞ - sız bu problemi çözmək imkanı yoxdu...
ABŞ-ı isə digər tərəfdən yerli vergiödəyiciləri sıxır. Düzdür, elə bu yaxınlarda bu ölkə Suriya qüvvələrinə 500 milyon dollarlıq yardım etdi. Amma bu yetərli deyil. Birləşmiş Ştatlar əvvəlcə Suriyaya minlərlə hərbçi göndərmək niyyətində idi, amma indi bir neçə yüz zabitlə kifayətlənir. Hiss olnur ki, hələ ABŞ Suriyada döyüşməyə tam hazır deyil...
Adam doğrudan da inanmaq istəyir ki, Suriya böyük dövlətlər üçün həqiqətən bir sürpriz oldu. Amma nə qədər çalışsan da, bunu edə bilmirsən. Bir neçə ay bundan əvvəl “idarə olunan xaos”lar haqqında yazmışdıq. Suriya indi belə bir hala gəlib – daxili vektorların heç biri hərbi dominantlıq edə bilmir, sanki bir növ cəhənnəm yaranıb, indi isə onu idarə etmək lazımdır...
Olsa-olsa, məsələ Avropa üçün sürpriz oldu. Ona görə ki, Avropa bu qədər miqrant gözləmirdi. Bu, doğrudan da bumeranq effektinə bənzəyir. Ona görə də ABŞ bu vaxta qədərki roluna yenidən baxmalıdır...
Amma o, da əl-qolunu açıb problemə girişmək istəmir, hətta İraqdan da nəsə umur. Amma ummaqla məsələ həll olunmur. Bu dünyanın bir “qızıl qaydası” var – eşidilmək istəyirsənsə, problem ol...
Suriya özü problem ola bilmədi. Amma suriyalılar problem oldular. Görək, bu situasiyadan Qoca və Yeni Dünya necə çıxacaq?..
скачать dle 12.1