90-cı İLLƏR QAYIDA BİLƏRMİ...-təhlil

26-09-2015, 11:33
0
90-cı İLLƏR QAYIDA BİLƏRMİ...-təhlil
Bayramların bir cəhəti yaxşıdır ki, bizi şəhərin hay-küyündən qoparıb əyalətlərin sakit və təmkinli mühitinə atır. Amma əyalətlər qədər də ölkədə həssas ikinci siyasi məkan tapmaq çətindir – dövlət siyasətindəki, ələlxüsus da iqtisadi həyatdakı azacıq çətinliklər burada dərhal özünü biruzə verir...
Təsadüfi deyil ki, neft gəlirlərinin azalmasını hər yerdən əvvəl əyalət hiss etdi – paytaxt özünün çeşidli iqtisadi həyatı ilə bu dəyişiklikləri hələki yalnız qiymətlərin artımında duyur...
Əyalətdə isə infrastruktur layihələri dayanırsa, böyük layihələr dondurulursa dərhal insanların sosial durumunda dəyişiklik yaranır, işsizlik artır, insanların mağazalardakı “borc dəftərləri” şişməyə başlayır...
İndi əyalət gözləmə mövqeyindədir. Bəlkə də ilk baxışda qeyri-adi, bir az da şişirtmə kimi görünəcək, amma burada böyük siyasətin təbəddülatlarına maraq daha böyükdür, nəinki paytaxtda. Bir az əvvəldə qeyd etdiyim kimi, bu paytaxt deyilən məkanın bir az da lovğalığı var, paytaxt sosial-iqtisadi mənada özünə daha inamlıdır, nəinki əyalət...
İnsanlar çox şey soruşurlar. Ən çox soruşduqları da növbəti keçid dövrü, neftin qiyməti və mümkün bahalaşma perspektivləri haqqındadır. Onları başa düşmək çətin deyil. Bir neçə il idi ki, insanların həyatına müəyyənlik qayıtmışdı, iş yerləri artmışdı, insanlar özlərinə daha inamlı olmağa başlaqmışdılar...
İndi isə hamının gözündə bir sual oxumaq olur: doğrudanmı 90-cı illərin əvvəlindəki çətinliklər qayıdacaq? Təbii ki, o illəri hamımız xatırlayırıq və bu bir neçə ildə həmin illərin acısı-ağrısı hələ tamam çəkilməyib...
Çox çətin vaxtlar idi. Nə ilə məşğul olmaq lazım gəldiyini, lap açığı sosial problemləri necə həll etməyi, necə pul qazanmağı çoxu bilmirdi. Qarışıq və ağır illər idi – alimin yük daşıması, yük daşıyanın isə birdən – birə “iş adamı”na çevrilməsi adi hal idi. Həm də o dövr ilkin kapital yığımı illəri idi, demək olar ki, yaşamaq üçün bütün vasitələr məqbul olmuşdu... Elə bu səbəbdən bir az əvvəldə dedik ki, çox qarışıq dövr idi...
Amma güman edirik ki, o dövr tamamilə təkrarlana bilməz. Ən azı bununla bizim narahat insanları sakitləşdirmək istərdik. O dövrdə hələ iqtisadiyyat özü də formalaşmamışdı, təzə iqtisadi münasibətlər yenicə qurulurdu, özəlləşdirmə hələ təzəcə başlayırdı, bazar iqtisadiyyatı yenicə oturuşmağa cəhd edirdi...
İndi isə ölkənin qarşısnda duran əsas məsələ qeyri-neft sektoruna keçid məsələsidir. Bu elə məsələdir ki, əslində mövcud sosial – iqtisadi konyukturdan da asılı deyil, hətta birdən neftin qiyməti artaraq normal bir həddə çatsa belə, bu keçid bütün hallarda zəruridir...
Bəli, qeyri – neft sektorunun iqtisadiyyatdakı çəkisi bir neçə dəfə artmalı, qeyri-neft dövrünün özünün büdcəsi formalaşmalı, büdcənin neft gəlirlərindən asılılığına son qoyulmalıdır...
Bu, bütün hallarda strateji iqtisadi hədəfdir. Yaxın vaxtlarda o hansı aktuallıqla qarşımızda dayanacaq, bunu yaxın gələcək göstərəcək. Amma indi insanları daha yaxın dövrlərin gözləntiləri maraqlandırır...
Bir kimsə üçün sirr deyil ki, neftin qiymətilə bağlı problemlər müəyyən mənada süni məsələdir. Əgər böyük siyasətin zəhlə tökən böyük problemləri olmasaydı neftlə bağlı indi yaşanan çətinliklər də olmayacaqdı...
Faktiki olaraq neft ölkələri Rusiya ilə ABŞ arasında mövcud olan münasibətlərin ağırlığını yaşayırlar. Ona görə də problemin həllini də elə bu müstəvidə axtarmaq güman ki, ən düzgün yoldur...
İndi Suriyada yaşanan problem nə qədər qəribə olsa da, bu münasibətlərin açarı hesab oluna bilər. Necə deyərlər, xoşbəxtlik olmazdı, amma bədbəxtlik bu dəfə də kömək etdi...
Əgər heç olmasa, Suriya məsələsi ABŞ-la Rusiya arasında yeni anlşama yaratsa onda yaxın gələcəyə daha ümidlə baxmaq olar. Prinsipcə, Rusiyanın zəifləməsi bizim milli strateji hədəflərimizlə səsləşir. Amma Rusiya zəifləyənə və gücdən düşənə qədər dünyada bir çox proseslər baş verə bilər və müəyyən mənada onlar qaçılmazdır...
Ona görə də ən azı adi insanların problemləri prizmasından baxanda Rusiya ilə ABŞ arasında anlaşma yaranması daha yaxşı olardı. Hər halda, bizim indi bunu arzulamaqdan savayı başqa çarəmiz yoxdur, çünki belə bir hal elə bizim ölkənin həyatına da müəyyənlik qaytara bilər...
Bizim üçün əsas nədir? Odur ki, insanlar rahat yaşasın. Rahatlıq isə yalnız geosiyasi münasibətlərin rahat dövründə mümkündü. Təəssüf ki, başqa bir yol görünmür...
скачать dle 12.1