On dördüncü cəsur qadın

14-10-2015, 12:10
0
On dördüncü cəsur qadın

 

Hər il “Nobel” mükafatları veriləndə gözüm siyahıda qadın adı axtarır. Feministliklə, filanla heç bir əlaqəsi yox. Zaman-zaman qadınların haqqının yeyildiyini düşünürəm, sadəcə. Bu mükafatın təqdimat kriteriyalarını bilirik. Tarixinə baxsaq, məlum siyahıda ümumilikdə bütün nominasiyalar üzrə çox az sayda qadın adı var, 826-dan 43-ü. Amma insafən son onillikdə bu münasibət xeyli dəyişib. Təkcə son 5 ildə “Nobel” alan qadınların sayı 5-i ötüb. Ümumi olaraq 112 ədəbiyyat nobelçisi sırasında 14 nəfər qadın adı var. Belə maraqlı şəxslərdən biri iki il öncə mükafatı qazanan kanadalı yazıçı Alise Munro olub. O, bu haqqı düz 82 yaşında qazanıb.  Builki 14-cü qalibin adını isə artıq bilirsiniz- belarus yazıçısı Svetlana Alekseyeviç.

Azərbaycan oxucusu Svetlana xanımın yaradıcılığı haqqında geniş məlumatlı deyil. Ancaq o, dünyanın bir çox ölkələrində ədəbi uğurlarını təsdiq etmiş biridir. Yazarlığa jurnalistlikdən başlayıb, ədəbi yaradıcılığa şeir və hekayə yazarlığından başlayıb. Əsas uğuru Çernobıl haqqında yazdığı “Çernobl duası: gələcək salnamələri”  əsəri ilə bağlı olub. Bununla bir çox dünya dillərinə tərcümə edilib. Faktlar, sənədlər, canlı şahidlər əsasında yazdığı bu əsər onun dünya ədəbi mühitinə çıxış kartı sayıla bilər. Şübhəsiz ki, onun bu yerə gəlib çıxması uzun illərin istedad, cəsarət və prinsipiallığı ilə yığdığı “baqaj”a əsaslanmışdı. Sovet mühitində yaşamış biri olaraq o, dövrünün yasaqları ilə üzləşmiş, təqiblərə məruz qalmış, lakin bütün bunlara qarşı dayanıb, qələmini o basqıların arasından sağlam çıxarmağı bacarmışdı. Həmin bacarığını 67 yaşında  “Nobel” yarışına təqdim edilmiş 259 yazıçı arasından son beşliyə qalmaqla bir daha təsdiqlədi. Sonda isə bir qadın, 3 kişi rəqibinə üstün gəlib zəfər bayrağını Belarusa gətirdi…

Belarus deyincə… Hamımız bir imperiyanın qanlı köynəyindən çıxmış insanlarıq. On illərdir həmin imperiyanın yırtıcı caynağından xilas olub bir yana çıxa bilmirik. Belarus da təxminən bizim kimi köhnə qaydaları və mürtəce yasaqları qoruyub saxlayan ölkədir. O üzdən Svetlana xanımın dünyanın ən yüksək ədəbiyyat mükafatını alması ikiqat uğur sayılmalıdır, əslində. Yaxın günlərdə onun həyat və yaradıcılığı haqqında bəzi mənbələrə baxarkən 9 il öncə Moskvada qətlə yetirilən jurnalist-yazar Anna Politovskayanı xatırladım. Ölkəsinin acı gerçəklərini eynilə Svetlana xanım kimi faktlarla  qələmə alıb dünyaya çatdıran Anna. Onun Amerikada çap olunan məşhur kitabında da Rusiyada yaşanan insan faciələri, Çeçenistandakı qanlı hadisələr, ölkəni totalitarizmə soxan Putinin qəddar əməlləri əksini tapmışdı. Politovskaya öz ölkəsindəki haqsızlığa, tirançılığa, putinizmə uca səslə üsyan edən bir qələm sahibi idi. Putinə nifrət etdiyini də açıq şəkildə ifadə edirdi. Onun səsi keçmiş sovet məkanındakı bütün yazarlardan daha ötkəm, daha iti, daha cəsarətli eşidilirdi. Sağ qalsaydı, bu məkanın “Nobel” mükafatçılarından biri olacağına da heç şübhəm yox.

Xülasə…Dediyim odur ki, “Nobel” akademiyası bu mükafatı təkcə istedada görə deyil, həm də cəsurluğa, ləyaqət və vicdana görə verir. O əsərlərə verir ki, onlar insanlıq üşün bəşəri ideyaların daşıyıcısı sayılır. İşin içində bir az siyasi çalar olsa belə, həqiqət dəyişmir. Bu meydanda qadınların heç də az olmadığı düşüncəsindəyəm. Növbəti ildəki ədəbiyyat “Nobel”inin on beşinci qadına nəsib olması arzusuyla…

Səadət Cahangir

скачать dle 12.1