Onlar öz qatillərini silahlandırdılar

18-08-2015, 19:01
0
Onlar öz qatillərini silahlandırdılar

Əlbəttə, söhbət jurnalist Rasim Əliyevin öldürülməsi faktına açılmış cinayət işi üzrə həbs edilənlərdən biri, futbolçu Cavid Hüseynovun zaminə buraxılması üçün prezidentə müraciəti imzalayan jurnalistlərdən gedir. Bu mətnin harada, kimlər tərəfindən hazırlandığını deyə bilmərəm, bunu dəqiqləşdirmək olar. Belə görünür ki, təşəbbüsün sahibi də siyahıda birinci şəxs də ola bilər, axırıncı şəxs də. Bu da heç nəyi dəyişmir. Çünki onlar hamısı Azərbaycan mətbuatını təmsil edirlər və siyahnı da imzalanmaq üçün açıq elan ediblər.

Məsələnin mahiyyəti isə gözlə görünən siyahı qədər bəsit deyil.

Rasim Əliyevin öldürülməsi faktını “siyasiləşdirməmək” bizim günlərin idbar çağırışlarından biridir və bu cür çağırışlar siyasi mahiyyətli bütün qalmaqallar zamanı səsləndirilir. Ölkə siyasət deyilən bir şeyi tanımır və buna görə də, kriminal dövlət idarəçiliyinə o qədər rahat dürtülüb ki, nəyin siyasi, nəyin qeyri-siyasi olduğundan kimsə baş açmaz. Rasim Əliyevin qətlinin, sadəcə olaraq, futbolçu Cavid Hüseynovla deyil, həm də onu döyənlərlə bağlı olmadığını əsaslandırmaq üçün kompleks iş aparılır. Plan bundan ibarətdir ki, bu, adi bir anlaşılmazlıqdır, Rasimin jurnalist fəaliyyəti ilə bağlı deyil, məqsəd onu döyməklə cəzalandırmaq olub, öldürmək yox. Planın ikinci hissəsi isə diqqəti Rasimi döyənlərin əməlindən yayındırmaq üçün həkimlərin önə çıxarılmasını təklif edir. “Qoy, mətbuat bu təsadüfi küçə insidentini buraxıb həkimlərlə maraqlansın, çünki ölüm faktı xəstəxanada baş verib”. Hətta bəzi jurnalistlərə həkimlərlə, ümumiən isə səhiyyə ilə bağlı araşdırma üçün yaxşı temalar da təklif edilir. Əla qonorar müqabilində.

Bəri başdan qeyd edirəm ki, Rasimin öldürülməsi iki mərhələli olub. Birinci mərhələdə onu yaxşıca əzişdiriblər, ölümünə döyüblər, amma ölmədiyinə görə qətl prosesini xəstəxanada başa çatdırıblar.

Mən hadisənin təfərrüatını görürəm (Orada, yaxında bunu görmək istəməyənlərdən fərqli olaraq).

Eyni zamanda, iddia etmirəm ki, Cavid Hüseynov Rasimin öldürülməsinə və ya ən azı, döyülməsinə göstəriş verib. Amma bu anlaşılmazlığın gedişində Rasim Əliyevin öldürülməsi üçün göstəriş verilib!

İstintaq bunu araşdırmayacaq. Jurnalistlər də araşdırmayacaqlar, belə görünür ki, onlar bu qətli unudub hadisədə əli olanların ən qısa zamanda azadlıqlarına qovuşması üçün Allaha olmasa da, prezidentə dua etməyə başlayıblar. Allahın müəyyən etdiyi qaydaların heç birinin işləmədiyi Azərbaycanda prezidentə duaların daha müstəcəb olduğuna kor bir inam var və bu inam da hələ ki, işini ustalıqla görür.

Rasim Əliyevi aradan götürmək qərarı onun ölümündən bir müddət, ən azı, bir ay əvvəl verilib. RATİ-nin təmsilçiliyini qəbul etdiyinə görə. Kimsənin münasibətindən asılı olmayaraq, RATİ Azərbaycanda işləyən ən operativ, obyektiv və hakimiyyətin diqtəsindən asılı olmayan tək jurnalist təşkilatı idi.Başqaları… daha yoxdur.

Cavid Hüseynovla bağlı yaranan insident bu qətli planlaşdıranların əlinə göydən düşüb. Ortalıq qarışıb və plan icra edilib.
Mən kimsənin “əlini- üzünü yumuram”. Rasim Əliyevin qətli ilə bağlı fraqmentlərdə əməyi keçən hər kəs cəzasını almalıdır. Futbolçular da, həkimlər də və bu qətli planlaşdıranlar da. Amma belə görünür ki, qətli planlaşdıran müqtədir dairələr hələlik planın icra edilməsi prosesində əməyi keçənləri təmizləməklə məşğuldur. Jurnalistlərin öz həmkarlarının ölümünə səbəb olan birisini zaminə buraxmaq üçün yazdıqları dua da bu qətlsonrası prosesin davamıdır.

Rasim Əliyevi küçənin ortasında döyüblər. Ən işlək dükanlardan birinin qabağında. Belə yerlərdə adətən post-patrul əlindən tərpənmək olmur. Həm də, Bayılda… Oralar polis növbətçiləri ilə doludur. Bütün dükan bazarlara dolub- boşalır, kafe və çayxanaları ələk- vələk edirlər. Gündəlik həyat qaynağı yığımının ən şıdırğı zamanıdır. Zatən bu yığımın şıdırğı olmadığı zaman olmur. “Küçə davası” kimi qalmaqal isə post-patrul əməkdaşları üçün üfüqün o başından da obyektivə düşən yağlı bir ləkədir… Bu halda isə 6-7 nəfər idmançı cüssəli adam bir nəfəri təpiyin altına salıb döyür, amam post-patrul gözə dəymir. Sonra Rasim Əliyev ərazidəki təcili tibbi yardım məntəqəsinə gedir və onu orada qəbul etmirlər. Daha sonra Rasim Əliyev Mirqasımov adına təcili tibbi yardım klinikasına gəlir və uzun çək-çevirdən sonra onu qəbul edirlər. Heç bir müayinə- baxış keçirmədən adi palataya qəbul edirlər…

Hadisə yerində və onun ətrafında cərəyan edən bütün hadisələrin axını təsdiq edir ki, bu bir əməliyyata bənzəyir. Ərazi, indiki halda “döyülmə”, nəzərdə tutulduğu halda isə “qətl” hadisəsi üçün yaxşıca hazırlanmış kimi görünür… Sizə elə gəlmirsə, istədiyiniz gün və istədiyiniz vaxt Bayıl Marketin həndəvərində hərlənin və orada qaynaşan polis mundirlərini qeydə alın.
Mənimlə naməlum saxlamaq istəyəcəyim bir nəfər əlaqə saxlayıb. Azərbaycanda yaşayır və işləyir. Həm də bu və buna bənzər olayların araşdırılması ilə məşğul olan dövlət idarələrinin birində. Adam təsdiq edir ki, Rasim Əliyevi peşəkarlar döyüb, ya da onu döyən qrupa peşəkar daxil edilib. “Başqa cür mümkün deyil. Rasimə vurulan zərbələr dəqiq olaraq hesablanıb və daxili orqanların ölümünə sıradan çıxarılmasına hesablanıb! Həm də, bütün daxili orqanların: ciyərin, dalağın, mədəaltı vəzin... Sıradan küçə davalarında belə şeylər olmur”!

Əslində, bu döyülmədən sonra Rasimin ölməsi zaman məsələsi idi. Bir neçə saat. Ola bilsin, hətta 1 saat. Amma planı tərtib edənlərin və icra edənlərin istəyinin əleyhinə olaraq Rasim bir qədər tez ayılıb, daha tədbirli olub və dərhal evə, yaxud polisə deyil, həkimə müraciət etməyə qərar verib! Ərazidəki təcili yardım məntəqəsində onu qəbl etməyiblər. Mərkəzi klinikada isə bütün mümkün səhlənkarlıq normalarına (və ya əməliyyat planına, mən bilmirəm) əməl edərək məşum sonluğu sürətləndiriblər.
Bu qətlin arxasında çox böyük məkrli niyyət dayanıb və dayanır. Bu məkrli niyyət bir müddət sonra Cavid Hüseynovun zaminə buraxılması üçün dua yazanların daha birini hədəfə alacaq. O zaman kimisə zaminə götürmək üçün daha bir dua yazmağa ehtiyac olmayacaq. Çünki, Azərbaycanda jurnalist camiəsi daha olmayacaq, jurnalistlər olacaq. Dissident jurnalistlər… Onları hoydu-hoyduya götürəcəklər. Lağ edəcəklər. Dua yazanlar edəcəklər bunu və dua yazanların sırası o qədər genişlənəcək ki, onlar ölkə mətbuatının birqütblü ictimai simasına çevriləcəklər.

Ola bilsin ki, çox bədbin proqnozdur. Amma bu, proqnoz deyil, bəlkə, daha çox testdir. Baxaq, bu dua müəlliflərini qınayanların səsi necə çıxacaq?!

Bu mərhələdən sonra əks-axın başlamalıdır. Ən azı, buna cəhd edəcəklər. Rasim Əliyevi lənətləyənlərin səsi çıxmağa başlayacaq. İndi hələ istidir və kimlərsə onu peşəkar jurnalist saymadığını bildirir, bir başqası, bunu “məişət münaqişəsi” kimi izah edir, bir tanınmış vəkil Torborn Yaqlandı məhkəməyə verəcəyini iddia edir, bir qeyrisi bilmirəm daha nə hoqqalardan çıxacaq….

Amma rəsmi göstəriş verilib: birinci mərhələdə Rasimi döyənləri unutmaq, ikinci mərhələdə (həm də paralel) həkimlər qabağa vermək, daha sonra isə həkimlərin də məsuliyyətinin olmadığını əsaslandırmaq. Dairəni belə qapatmaq istəyirlər…

QƏNIMƏT ZAHID

скачать dle 12.1