“Lütfən, imkan verin bir az da məhv edək”

28-01-2015, 11:51
0
“Lütfən, imkan verin bir az da məhv edək”

Azərbaycan lobbisi indi Qərbə bu tezislərlə yollanır

Yeni dünyada administrativ terrorçuluq deyilən bir siyasi anlayış tətbiq edilir. İlk dəfə bu barədə ABŞ prezidenti Barak Obama danışıb, səhv etmirəmsə. O, ikinci dəfə prezident seçiləndən sonra öz çıxışında ABŞ demokratiyasının administrativ terrorizmə qarşı sərt münasibət göstərəcyini bəyan edib. Sonra bu termin dünya siyasilərinin dilində daha tez-tez səslənməyə başladı. Məsələn, ötən ilin sentyabrında Hindistanın siyasi liderlərindən olan Anand Şarma bu ifadəni öz ölkəsində yürüdülən siyasətə münasibətdə işlətdi: “Bu hökumət ölkədə administrativ terrorizmi tətbiq edir”.

Söhbət inzibati repressiyalardan gedir. Daha doğrusu, inzibati-siyasi repressiyalardan. Bir ölkədə hakimiyyəti ələ keçirən rejimin öz opponentlərinə qarşı yürütdüyü repressiya siyasəti inzibati terror adlanır.

Nə ilə xarakterizə olunur bu?

Ətrafınıza baxın. Azərbaycan həbsxanaları siyasi məhbuslarla doldurulub. Minlərlə insan ölkədən qovulub. On minlərlə insan həbs və ya sürgün təhdidi altında siyasi fəaliyyətdən uzaqlaşdırılıb. Bu insanların hamısı alternativ siyasi idarəçiliyin tərəfdarları və ya mövcud hökumətin alternativləridirlər. Müasir dünyada istənilən hakimiyyətin öz alternativlərinə qarşı tətbiq etdiyi bu münasibət inzibati terror adlanır. Bu mənada Azərbaycan inzibati terrorun tətbiq edildiyi ölkədir.

Barak Obama bildirmişdi ki, ABŞ inzibati terrorun tətbiq edildiyi ölkələrin siyasi rejimləri ilə müttəfiq ola bilməyəcək. Başqa demokratik ölkələr də müasir diktaturalarla münasibətlərində sabit siyasi xətt götürmürlər və hər zaman dəyişə biləcək münasibət qəlibləri seçirlər.

Məsələn, Rusiyanı təsəvvür edin. İki il əvvəl belə görünürdü ki, bütün Qərb dünyanın neft nəhəngi olan bu ölkənin enerji resurslarından asılıdır və buna görə Rusiyanın şıltaq davranışlarına qarşı heç vaxt hansısa blok yarana bilməz. Ukrayna hadisələri çıxdı və Rusiya boykot edildi. Amma əgər Ukrayna hadisələri olmasaydı da, Rusiya boykot ediləcəkdi və məhz, inzibati terrorizmə görə boykot ediləcəkdi. Ukrayna hadisələri Rusiyaya qarşı indi tətbiq olunan təcridetmə siyasətini sadəcə olaraq, sürətləndirdi.

Bundan əlavə, Rusiya bufer ölkələrdə də inzibati terroru təhrik edən, stimullaşdıran bir ölkədir. Təəssüf ki, belə ölkələrdən biri də Azərbaycandır.

Təkrar edirəm, insanların siyasi mülahizələrlə həbsxanalara atıldığı, söz azadlığının boğulmasının hakim siyasətin instrumentinə çevrildiyi, iqtisadi azadlıqların olmadığı, insanların kütləvi şəkildə ölkəni tərk etməyə məcbur olduğu bütün ölkələrin inzibati terror məkanı sayılması sadəcə, bir dəyərləndirmədir.

İnzibati terrorun tüğyan etdiyi ölkələrlə necə rəftar etməli mövzusu da politoloji mübahisələrin mövzusudur.

Bəziləri belə hesab edirlər ki, bu ölkələrlə münasibətdə ehtiyatlı mövqe tutmaq, onları təcrid etməmək və daha yaxın buraxıb demokratiyaya alışdırmaq lazımdır. Azərbaycan hakimiyyətinin lobbiçiləri indi bu şüardan beşəlli yapışıblar və dünyanın demokratiya mərkəzlərinə bu arqumentlə gedirlər. Onlar öz mülahizələrini belə əsaslandırılar: “Biz gənc dövlətik. Hələ daxili idarəetmə institutları möhkəmlənməyib. Üstəlik, xarici faktorlar bizi möhkəmcə əzir. Çünki Rusiya və İran amilləri var və bu dövlətlər Azərbaycanın güclənməsini istəmirlər. Buna görə də hələlik bizdən Qərb demokratiyasının standartlarını tələb etmək aşırı gözləntidir”.

Bu, geniş yayılmış lobbi arqumentidir. Bir az da daha iç söhbətinə çəksək, başqa “arqumentlərdən” istifadə edirlər. Hakimiyyətimizin daxili və xarici lobbi təşəbbüsləri belə təlqin etməyə çalışırlar ki, Azərbaycan hökuməti yekcins deyil. Bu hakimiyyətin daxilində ruspərəstlər və Qərbpərəstlər var. Ramiz Mehdiyevin simasında ruspərəstlər hələ xeyli güclüdürlər. İlham Əliyevin simasında qərbpərəstlər isə onları işlərdən kənarlaşdıracaq qədər güclü deyillər. Bu tezisi arqumentə çevirmək üçün onlar arabir rəsmi qəzetlərdə Ramiz Mehdiyevin imzası ilə Qərbi darmadağın edən, Rusiyanın tərifini isə ala buluda qaldıran məqalələr yerləşdirirlər. Və dairə qapanır.

Sadəlövh qərblilər də belə hesab edirlər ki, həqiqətən orada demokratiya üçün şərait olduqca kövrəkdir və bir az ehtiyatlı olmaq lazımdır ki, sabitlik pozulmasın. Azərbaycan lobbisinin və kürü diplomatiyasının dadlı təsiri altına düşən qərblilər isə buna sadəlövhlükdən deyil, hiyləgərlikdən inanırlar...

Amma başqa bir yanaşma da var. Bu yanaşma da ondan ibarətdir ki, diktaturalarla sövdələşmə demokratik rejimləri simasızlaşdırır və dünyanın mənzərəsini korlayır. Bu mövqedə olanlar belə hesab edirlər ki, hər növ diktatura inzibati terror demək olduğu üçün bu, perspektivdə regional və beynəlxalq terror üçün münbit zəmin yaradır. Çünki ən azından müasir diktaturalar klassik diktaturalardan fərqli olaraq korrupsiya və qeyri şəffaf iqtisadi mühitdə daha tez cücərə bilir.

Ramiz Mehdiyevin yazılarını bir kənara qoymaq da olar, qoymamaq da. Bu yazılar, bir daha təkrar edirəm ki, hakimiyyət daxilində qurulan oyunun kombinasiyasından başqa bir şey deyil və yalnız xarici effektə hesablanır. Amma hərdən, hətta ideyalı demokratlar da buan inana bilirlər. Məsələn, İngiltərədə yaşayan gənc və perspektivli Murad Həsənli də hörmətli akademikin imzası ilə yazılan yazıların təsiri altına düşə bilib. O, Britaniya qəzetlərindən birində dərc etdirdiyi yazıda diktaturaya münasibətdə praqmatik yanaşmanın zəruriliyini sübut etməyə çalşıb.

Mən onun yazısını şərh etmək niyyətində deyiləm. Amma ümumi olaraq söyləmək istəyirəm ki, bu tipdən olan yanaşma müəlliflərinin (əgər onlar azərbaycanlıdırlarsa) bir başqa “dəmir arqumentləri” də var. Azərbaycan, Vətən, müqəddəsat, millətin mənafeyi və s....

Mübahisə etmək niyyətində deyiləm. Sadəcə xatırlatmaq istəyirəm ki, Vətən mənafeyi naminə müqəddəs dəyərləri inzibati terrordan asılı duruma salanlara qarşı ikiqat barışmaz olmaq lazım gəlir. Niyə bizim Vətənimizin taleyi siyasi dustaqların, siyasi qətllərin, siyasi mühacirətin nisgilləri üzərində alver predmetinə çevrilməlidir ki? Bu siyasi girovlar inzibati terrorun arqumentlərinə çevrilənə qədər Vətənin müqəddəsliyi haqqında düşünmək lazımdır.

İndi Azərbaycan hakimiyyətinin daxilində heç bir ikitirəlik yoxdur. Uyğun olaraq, siyasi strategiyanın müəyyənləşdirilməsində də heç bir “Ramiz Mehdiyev xətti” və ya “İlham Əliyev xətti” yoxdur və ola bilməz - bu, diktaturaların məntiqindən də, reallıqdan da kənardır.

Azərbaycanın Rusiyanın və ya Qərbin təsir dairəsində olması inzibati terror şkalasına bəraət qazandırmır.

Ən yaxın həftələrdə Azərbaycandan bir qrup deputat və lobbi işinə vəkil edilmiş sayılan məmurlardan ibarət dəstə Amerika Birləşmiş Ştatlarına yola düşəcək. Onlar orada pisləşmiş ABŞ-Azərbaycan münasibətlərinin qaydaya salmaq üçün cəhdlər göstərəcəklər. Və bu səfərdə olan heyət hörmətli Murad Həsənlinin də İngiltərə mediasında bəhs etdiyi “arqumentlər”dən çıxış edəcəklər.

Bu arqumentin əlifbası da, əzbəri də budur: “Bizə imkan verin hələ bir müddət siyasi opponentlərimizə divan tutaq, onları öldürək, həbs edək və ölkədən qovaq. Çünki bizdə kövrək demokratiya var və İranla Rusiya da bizi “sendviç kimi əzir”.

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1