Xədicə İsmayıl qatildir və buna görə həbs edilməli idi

7-12-2014, 01:54
0
Xədicə İsmayıl qatildir və buna görə həbs edilməli idi

Onun ortalığa çıxardığı hər yeni fakt hakimiyyət üçün intihara sövq etmə qədər amansızdır

Onu intihara çatdırma maddəsi liə həbs etdilər. Bir başqa maddə olsaydı təəccüblənməyə dəyərdi. Təəccüblü olmayacaq sadəcə, bir maddə ola bilərdi. Bu da qəsdən öldürmə olmalı idi. Çünki Xədicə İsmayıl o mifi tamam- kamal öldürmüşdü.

Yəqin hələ indi də olduqca seyrək sayda adamlar İlham Əliyevin "müdrik siyasətin layiqli davamçısı" epitetini daşıdığına inanır. Amma çox seyrək sayda ve sanbalda adamlar inanır indi. Ucqarlarda, dünyanın gərdişi ilə maraqlanmağa heyi qalmayan adamlar, inamdan deyil də, sadəcə olaraq, bilgisizlik ucbatından İlham Əliyevin hansısa bəşəri (Bəşər Əsədi nəzərdə tutmuram) siyasət peşində oldugunu güman edir. Hərçənd, ölkənin və dünyanın müstəqil söz sahibləri çoxdam sübut etməkdəydilər ki, əslində dövlət və xalq adına heç bir siyasət yoxdur. Siyasət adına yürüdülən isə sadəcə olaraq, korrupsiya tədbirləridir. Amma hələ də çoxları güman edirdilər ki, Azərbaycanda bir məmur özbaşınalığı var və bəlaların mənbəyi də budur.

Heydərizmin milli siyasət olmadığı barədə nəzəri diskussiyalarda həmişə daha güclü arqument alternativ fikir və söz sahiblərinə məxsus olub. Parktikada isə "yaxşı padşah və onun pis ətrafı” barədə əsassız mülahizələr baş alıb gedirdi.

Məncə, bu tezisi darmadağın edən ilk hökm Amerika mətbuatında verilən siqnal oldu. Məlum oldu ki, “yaxşı padşah” yoxdur və onun ətrafının pisliyini “padşahın” pisliyinin üstünü ört-basdır etmək üçün uydurublar. Amerika qəzetləri İlham Əliyevin Dubay villalarından yazdı. 74, ya da 75 milyon dollar dəyərində bu villalar prezidentin övladları üçün alınmışdı. Dünya heyrətlənmirdi, çünki bu sayaq diktatorlar yeni dünya üçün yenilik deyildi. Yeni diktatorlar öz klassik sələflərindən fəqli olaraq var-dövlət hərisi olurlar. Onlar topladıqları sərvətə qanunsuz olaraq ələ keçirdikləri hakimiyyəti qoruyub saxlamaq vəsitəsi kimi baxırlar. Hakimiyyəti başqa cür zəbt etmək və saxlamaq vasitələri olmadığına görə.

Amma hətta miasir diktatorların özləri də ictimai rəydə sərvət düşkünü kimi yox, ideoloji yükü olan hökmdar kimi qalmaq istəyirlər. Axı, hakimiyyəti qutsallaşdıran bir şeylər olmalıdır. Yalnız "onun pulu çoxdur və buna görə də prezident olmalıdır" arqumenti ilə hökmdarlıq etmək yavan padşahlıqdır və təsadüflərdən asılı hökmdarlıqdır.

İlham Əliyev də beləcə, siyasi və ideoloji yükü daha ağır olan bir prezidentlik hayında idi. Necə olursa-olsun, bizim Qarabağ boyda dərdimiz, 1 milyon qaçqınımız var, torpaqlarımız işğal altındadır, filan, peşməkan...

Xədicə İsmayıl ona bu saxta eyforiyanı yaşamağa imkan verməyən jurnalistlər sırasında ilk yerdə dayana bildi. Son bir neçə ildə o, ciddi və təkzibolunmaz arqumentlərlə, sənədlərlə zühur etdi.

Xatırlayırsınız. Bəlli oldu ki, ölkədə gəlirli saylan bütün sahələr müdrik siyasətin parlaq davamçısının mülkiyyətinə daxil edilib. Banklar, mobil telefon şirkətləri, kimya və neft sənayesi, qızıl istehsalı, hava nəqliyyatı, idxal və ixrac əməliyyatları,.. bütün iri gəlir sahələri! Həm də, hansı yollarla?! Hətta hakimi- mütləq diktator üçün də şərəfli sayılamayacaq yolla: oğurluq və xəlvəti biznes fırıldaqları yolu ilə!

Oratlığa çıxarılan hər bir yeni fakt hakimiyyət ideologiyasızlığının yükünün altına girən "ideoloqları" bəraət axtarışına düşməyə məcbur edir. Amma bəraət yoxdur axı! Milyardlarla vəsait oğurlanır, millətin gözündən uzaq yollarla könlündən iraq ölkələrdə yerləşdirilir. Sən demə, "siyasi düha"nın layiqli davamçısı sadəcə olaraq, əla korrupsiya təşkilatçısı imiş, vəssəlam!

Xədicənin hər bir araşdırması intihara sövq etmə qədər amansızdır. Bir-birinin dalınca bütlər parça-parça olub ovulur. "Dahi siyasi xadim" öldü, "analıqsuz siyasət" puç oldu, "müdriklik” xəbislik və tamahkarlıqdan başqa heç nəyə bənzəmədi və bütün bunlar siyasi opponentlərin, "qərəzli müxalifətin" iradları- filan deyildi. Bunlar heç bir siyasi mənsubiyyəti olmayan, yeri gələndə, müxalifət liderləini və düşərgəsini də ittihamlara məruz qoyan bir jurnalistin araşdırmaları, tapıntıları idi və ortaya çıxarılmış bu faktlar intihar səbəbi olmasa da, ən azı, siyası mədəniyyət gərəyincə istefa səbəbləri idi. Amma bunların heç biri olmadı. İstefa mədəniyyəti gözləməyə dəyməzdi, çünki bu qədər oğurluq və talançılıqdan sonra mədəniyyət qalıqları axtarmaq yersizdir. İntihar da baş vermədi. Amma qətl hadisələri baş verdi. Xədicə saxta ideologiya ilə qürrələnərək, ortalıqda cövlan edən padşah obrazını öldürdü və onu olduğu kimi görünməyə məhkum etdi.

Onu bu qətl hadisəsinə görə həbs etdilər.

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1