Ədalət missiyasına qarşı cərimə batalyonları göndərilir

20-10-2014, 14:56
0
Ədalət missiyasına qarşı cərimə batalyonları göndərilir

Milli Şuranın sadəcə mitinqi deyil, mövcudluğu diktatura üçün təhlükə mənbəyi sayılır

Əlbəttə, özlüyündə bir mitinq inqilabi bir dəyişiklik- filan yaratmır. 12 oktyabr mitinqi də bu baxımdan istisna deyil. Amma Azərbaycanı o günə salıblar ki, indi bir neçə min adamın iştirak etdiyi etiraz mitinqi bütün cəmiyyət üçün, bütün müxalifət düşərgəsi və özünü hələ də müxalifət kimi təqdim etməklə görəvləndirmiş sektor üçün həftənin deyil, bəlkə də ayın tək hadisəsi olaraq qalır. Cəmiyyət bunu fövqəladə xəbər kimi qəbul edir (əlbəttə, ən məhdud xəbər kanalları vasitəsilə), müxalifətin fəaliyyət əzminin qorunduğunun əlaməti kimi təqdim edir, saxta müxalifət isə ilişməyə mövzu tapdığına görə məmnun görünür.

(əvvəli ötən sayda)

“Mitinq baş tutmayacaq” ovqatlı antitəbliğat kampaniyası aparmaqla, mitinqin gedişindən isə ən seyrək ucqarların fotogörüntülərini fakt kimi təqdim etməklə cəmiyyəti öz azadlığı uğrunda mübarizədən iyrəndirmək istəyirlər. Bəlli bir kateqoriyadan olan insanlar belə hesab edirlər ki, Azərbaycanın Belarusdan daha pis günə qalması hələ azdır və bu ölkə Şimali Koreyanı da geridə qoymalıdır.

Belarusdan Şimali Koreyaya qədər

Mitinq, avtoritarizmin tüğyan etdiyi indiki dönəmdə həbsxana qapılarını açmır. Amma bu qapıların cəftəsini vuranlara xatırladır ki, cəmiyyəti boğmaq və onun üzərində istibdadın təntənəsini qurmaq heç kimə rahatlıqla nəsib olacaq iş deyil.

Bəzi skeptiklər (mən bunu ən yumşaq halda belə adlandırardım) “indi deyəcəklər ki, biz mitinq etdik, əfv fərmanı çıxdı” kimi avara sosial mesajlarla, guya ironiya nümayiş etdirirlər. Amma əslində, durum ironiya ilə izah edilməz, faciə ilə anlaşılacaq səviyyədə qəlizdir. Cəmiyyət kütləvi etiraz etmək gücündə olsa, axı, heç siyasi dustaqlar olmaz və onları azad etmək üçün də mitinq keçirməyə ehtiyac olmaz. Anlayırsınızmı? Günahsız insanların həbsdən azadlığa buraxılması üçün mitinq etmək Azərbaycan reallığının nə qədər şərəfsiz duruma düşdüyünü göstərir. Sosial etirazlar daha yaxşı yaşamaq və daha yaxşı ifadə olunmaq məqsədilə təşkil edilməlidir, mövcud olmaq, azadlıqların ölməkdən xilas edilməsi naminə yox. Amma ölkə bu duruma salınıb.

Azərbaycan bu gün Belarusdan pis gündədir, amma sabah Şimali Koreyadan pis günə düşəndə, bu cür sosial əbləhlik ifadələrini qeyd etməyə divar da tapılmayacaq.

Milli Şura ölkəni bu sarsaq perspektivdən qorumaq naminə birləşmiş insanların təşkilatıdır. Bu insanlar diktaturanı istəmirlər və azadlıqların tanındığı, haqqların qanunla qorunduğu bir ölkə qurmaq istəyirlər. Bunun üçün bu insanlar diktaturanı hər gün daha artıq bərkitmək istəyənlərə qarşı çıxırlar, təşkilatlanırlar, etiraz edirlər, öz etirazlarını təşkilatlanmış formada ifadə edirlər, inanırlar ki, bu proses get-gedə daha artıq insanı təşkilatlandıracaq və insanların, daha siyasi motivlərlə, şərlənərək həbs edilmədiyi bir ölkə gerçəkliyini yaradacaq.

Azadlıqları zorlayanlar və azadlığı qoruyanların məntiqi

Bu, çətin yoldur. Məşəqqətli, iztirablı yoldur. Başqalarını azad etməyi tələb edənlər, çox halda, öz azadlıqlarını da itirirlər. Sonra onların da azadlıqlarını tələb edən yeniləri meydana atılır. Cəmiyyət göstərir ki, azadlıqları zorlayanların arsenalı azadlıqları qoruyanların potensialından daha böyük deyil. Bu cür toplum hər cür təqdirə layiqdir, alqışlanası cəmiyyətdir.

Amma bir də fərqli gerçəklik var. Konstitusiya ilə, qanunlarla təsbit olunan Vətəndaş haqlarını və imtiyazlarını diktatorun iradəsinə fəda etməklə diktatorun iradəsinin müəyyən etdiyi imtiyazları qəbul edənlər var. Bu da həyatdır. Bu həyatı seçənlərin savaşı diktatura ilə olmur. Onlar diktatura ilə savaşanlarla savaşırlar. Çünki diktator onlara bəxş etdiyi imtiyazları bu savaşa görə müəyyən edir. Azadlıq uğrunda savaşanlara qarşı nə qədər qərəzli, nə qədər hikkəli olsan, bu imtiyazlar da bir o qədər geniş olur. Bu yolu seçənlərin isə get-gedə hikkəsi artır. Prosesin məntiqi budur. Onlar başqalarının dəyərlər uğrunda savaşının fonunda özlərinin dəyərsizliklərini anladıqca daha aqressiv olurlar və daha tünd rənglərdən istifadə etməyə başlayırlar.

Vətənpərvərlik donu diktatorların parad paltarıdır

Bu ümumi mənzərədir. Kontekst isə daha aydın təəssürat yaradır.
Indi Ilham Əliyev- Azərbaycan diktaturasının icraçı direktoru qarşısında yalnız azadlıq uğrunda mübarizə aparan ölkə vətəndaşlarını görmür. Indi onun qarşısına bütün mütərəqqi dünya çıxıb. Onu Azərbaycan vətəndaşlarının haqlarını pozmaqda, qanunsuz idarəetmədə, korrupsiya və oğurluqda ittiham edən mütərəqqi dünyanın də mövqeləri sərtləşir. Avropa Birliyi sanksiyalarla hədələyir, Amerika prezidenti açıq tekstlə bu qanunsuzluqlara son qoymağa çağırır. Ilham Əliyevin yeganə himayədarı kimi tanınan Rusiya isə çökmək üzrədir. Buna görə də, diktaturanı Azərbaycan vətəndaşlarından qorumaq görəvi olanlar Ilham Əliyevin vətənpərvər obrazı üzərində işləyirlər. Belə çıxır ki, hakimiyyəti ələ keçirməsinə və onu əldə saxlamasına görə başqa dövlətlərə borclu olan Ilham Əliyev müstəqilliyin qarantıdır. Belə təqdim etmək istəyirlər ki, guya, o, müstəqilliyin mücahidi olduğuna görə onu devirmək istəyirlər. Belə təqdim edirlər ki, Milli Şuranın insan azadlıqları naminə təşkil etdiyi aksiyalar hansısa güclərin Azərbaycanda qarışıqlıq yaratmaq və onu devirmək planlarının tərkib hissəsidir.

Dünyanın bütün diktatorları vətənpərvərlik obrazında təcəlla edir. Ilham Əliyevin isə buna hər kəsdən daha artıq ehtiyacı var. Çünki, o, hakimiyyətə siyasətdən gəlməyib. Çünki onun hakimiyyətini heç zaman siyasi mahiyyəti olmayıb. Çünki onun bütün komandası üçün başlıca dəyər ölkənin talan edilməsi yolu ilə şəxsi sərvətlərini artırmaq qayğısıdır. Onu vətənpərvər cildində vəsf etmək lazımdır ki, bu sərvətlərin qırıntıları təbliğat və təşviqat dəstəsinin süfrəsinə də sel kimi axsın.

Səddam Hüseyn Iraq vətənpərvəri idi. Müəmmər Qəddafi bir nömrəli ərəb patriotu idi. Stalin millət atası idi. Pol Pot kxmerlərin baş idolu idi. Adolf Hirler fürer idi.
Ilahi, onların çevrəsində nə qədər beləsi vardı! Hamısı da, bir-birinin təkrarı olan bir sürü proyektlərdən qidalanırdılar.

Boz ideoloqun cərimə batalyonları

Əlbəttə, indi Milli Şura hədəfdədir. Hər şeyə görə hədəfdə olmalıdır. Diktaturaya satılmadığına görə. Vətəndaşları azadlıqlar uğrunda mübarizəyə səfərbər etmək əzminə görə. Ilham Əliyevin müxalifət proyektlərində yer tutmadığına görə. Diktaturanın çirkabına örtük salmaq istəmədiyinə görə. Saxta alternativlər sırasına keçməkdən imtina etdiyinə görə.

Baxın, Milli Şuraya qarşı avtoritarizmin cəbbəxanasında olan köhnə silahlarla atəş açılmır. Bu silahların kəsəri olmayıb və indi də yoxdur. Elə buna görə də cənab Mehdiyev, “boz ideoloq” bu cəbbəxananı bütün mümkün vasitələrlə yeni silahlarla doldurmağa çalışır. Muzdlu politoloqların, ideoloqların, jurnalistlərin, siyasətçilərin,.. olduqca böyük bir ordusu formalaşdırılıb. Onlar hücuma göndərilirlər. Bunlar “cərimə batalyonları”dır və ölümünə döyüşürlər. Vaxtı ilə Heydərizmə qarşı çıxdıqlarına görə indi onlara ən çətin və ən çirkli vəzifələrin icrası tapşırılır.
Nəyin bahasına olursa- olsun, Azərbaycanda demokratiya təsəvvürlərinin cücərməsinin, böyüməsinin qarşısı alınmalıdır!
Milli Şuraya qarşı hücumların avanqardında bunlar çıxış edir.

Onlar indiki imtiyazlarını haqq etmək və Heydərizm qarşısında günahlarını yumaq üçün ölüm-dirim savaşına göndərilir.
Milli Şuranın mövcudluğuna və fəaliyyətinə qarşı ən amansız və ən məkrli əməliyyatlar bu cinahdan təşkil edilir.
Sanki bir mitinq inqilab doğuracaqmış. Bir mitinq inqilab eyforiyası yarada biləcək fenomen qədər təhlükəli gəlir Heydərçi avtokratiyaya. Çünki ayaqlarının altındakı Vətən torpaqları deyil, insan taleləridir. Onlar milyonlarla insanın fəlakəti ilə tikilən cinayətkarlıq piramidasının təntənəsini yaşayırlar.

Azərbaycanda yalnız insan azadlıqları təhqir və təhdid edilmir. Azərbaycanda tarixin ədaləti təhrif edilir. Hər gün, daha qaba şəkildə!
Milli Şura bu ədaləti bərpa etməlidir. Missiya budur!

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1