İlham Əliyevi neçəyə devirmək olar?

5-09-2014, 11:58
0
İlham Əliyevi neçəyə devirmək olar?

Yemək masasında burun qurdalayanlar və ya Azərbaycanda məvalilərlə bavablar necə yetişir

İndi mətbuatın qarşısına bir neçə mühüm vəzifə qoyulub. Bunların hamısı eyni məqsəd üçündür: 
Azərbaycanda sosial-siyasi dəyişikliklər lazım deyil, çünki bu təcrübədən keçmiş ölkələr qan içində boğulur. Məsələn, ərəb inqilabları, eləcə də, indi, gözlərimizin qarşısında olan Ukrayna müharibəsi... Azərbaycanda isə sabitlikdir və buna görə şükür etmək lazımdır. Ölkədə siyasi dəyişikliklərə ehtiyac yoxdur və Amerikanın bu dəyişikliklər üçün ayırdığı 14 milyon dollar da Azərbaycanın mənafelərinə xəyanət edənlərin cibinə getməməlidir.

14 milyon haradan çıxdı

Sonuncu fikrin üzərində bir-iki cümlə ilə dayanmaq istərdim. 14 milyon məsələsinin.
Bu 14 milyon dolların haradan, kimin beynindən ixrac edildiyini deyə bilmərəm. Bunu araşdırmaq lazımdır ki, ilk dəfə bu rəqəm harada peyda olub. Axı, cəmi 5-6 ay bundan əvvəl cəmi 2 milyon dollardan söhbət gedirdi. Sonra, elə həmin 2 milyon dollar söhbətinin müzakirə edildiyi günlərdə kimsə bir az korrektləşdirib 2.4 milyon dollar yazmışdı. İndi də 14 milyon dollar. 15 yox, 20 yox, məhz, 14 milyon dollar. İnandırıcı olmalıdır axı.

14 milyon dollar nə qədər pul deməkdir?

Əgər bir ölkədə hakimiyyəti 5-6 ay əvvəl 2 milyon dollara, bizim günlərdə isə bir az bədxərclik edib 14 milyon dollara devirmək mümkündürsə, o zaman o hakimiyyətin hökumətlik etmək üçün bütün mənəvi hüquqları itib demək. İndi hakimiyyət mətbəxinin informasiya qırıntılarından bu təbliğatı aparanların özləri də həmin hakimiyyətin davam etməsi üçün siyasi və mənəvi haqqının qalmaması barədə yazmalı idilər. Deməli, Azərbaycan hakimiyyətinin 14 milyon dollara dəyişildirilməsi mümkündür. Baxmayaraq ki, bu hakimiyyətin elitasının il ərzində oğurladığı pulların həcmi 14 milyon deyil, 14 milyarddan da artıqdır.

Azərbaycanın təhsilsiz və təsəvvürsüz qalmış cəmiyyətini 14 milyon dollara heyrətlənəcək hala gətirmiş bir hökumətin bu 14 milyon olmadan da cəhənnəm olub getməsi lazımdır. Axı ölkədə milyonlar deyil, milyardlar, on milyardlar dolaşır. Məsələn, bir müddət əvvəl bəlli olmuşdu ki, kənd təsərrüfatı nazirinin Londonda sahib olduğu 2-3 evin qiyməti bundan artıqdır.

İkinci saxta tezis bundan ibarətdir ki, Azərbaycanda inqilab etmək üçün dəridən-qabıqdan çıxanlar varmış. Maraqlıdır, Amerika Fondlarının ayırdığı qrantların 90 faizi bu hakimiyyətin mətbəxindən təlimatlanan Qeyri Hökumət Təşkilatlarına və hökumət orqanlarının özlərinə çatırsa, o zaman kimdir bu inqilabı planlaşdıran?

Və nəhayət, Azərbaycanda siyasi dəyişiklilklər mümkündürmü, lazımdırmı, qorxuludurmu?

Ərəb inqilabları «xoxan» obrazında göstərildiyi üçün Azərbaycana heç bir siyasi dəyişiklik lazım deyil arqumentlərini səsləndirmək olar. Sadəcə olaraq, bir həqiqəti unutmamaq lazımdır. İnqilablar sifariş edilmir. Bu, toy havası deyil, sosial kataklizmdir və zamanı çatanda bütün proqnozları və optimist havaları ayaqları altında xıncım-xıncım edir. Tunis inqilabından bircə ay əvvəl orada heç kim inqilab proqnozlaşdırmırdı. Misir inqilabından 4-5 ay əvvəl Hüsni Mübarək hakim partiyanın ehtişamlı bir qurultayını keçirib, analoqsuz inkişafın nəticələri haqqında danışırdı. Ukrayna inqilabından əvvəl isə mən düz 3 ay orada yaşamışdım, siyasi çevrələrlə də, mətbuatla da, ictimai fəallarla da intensiv ünsiyyətim vardı. Heç nə və heç kim inqilab barədə düşündürmür və düşünmürdü.

Ərəb ölkələrində kütləvi səfalət və cəhalət vardı. O qədər dibsizliyə yuvarlandırılmış bir toplumun inqilabdan sonra özünü bu şəkildə göstərməsi təbiidir. 30-40 il ərzində ölkəni idarə edən yönətimlər cəmiyyəti təhvil götürdükləri sosial-psixoloji və mədəni dəyərləri ilə birlikdə konserv qutusuna qoyublar, günün birində o qutunun qapağı açılıb. Özünü idarə etmək vərdişlərini tamamilə itirən, bəlkə də heç vaxt mənimsəməyən bir millət çağdaş dünya ilə təmasda bu qədər şıltaqlıq etməlidir, əlbəttə.

Ukraynada isə müharibə inqilabın təbii nəticələri deyil, xarici faktordan doğur.

Amma ərəb ölkələrini savadsızlığın ağuşuna atan, çağdaş bəşəri dəyərlərdən mümkün qədər uzaqlarda saxlayan ərəb diktatorlarıdır orada tökülən qanların və kəsilən başların baiskarı! Azərbaycanı da oraya qədər konservləşdirmək istəyirlər və diktaturaların hamısının bir qayəsi olur: cəmiyyəti öz taleyindən və ona aid olan dövlətin, hakimiyyətin taleyindən mümkün qədər uzaqlara tullamaq. Ölkədə qanlı inqilabların qorxusunu proqnozlaşdıranlar bu həqiqətlərin üzə çıxarılmasını əngəlləyə bilərlər, amma sabah onların övladları daha qanlı inqilabların yemi olacaqsa, o zaman ərəb inqilablarına şükür edəcəklər, İlham Əliyevin yaratdığı oliqarx sabitliyinə yox.

Amerika İlham Əliyevi niyə devirmək istəyir?

İlham Əliyev niyə bütün seçkiləri saxtalaşdırır? (Allah xatirinə, kimsə yapaloidlik edib, mənə Azərbaycanda seçkilərin şəffaf, ədalətli, hiyləsiz keçirildiyi barədə avara arqumentlər səsləndirməsin). Ona görə ki, uduzacağını bilir! Hətta müxalifətin kampaniya aparmasına imkan vermədən, müxalif namizədlər üçün bütün inzibati əngəlləri quraraq qatıldığı seçkilərdə uduzacağını bilir. Bu, ilk arqumentdir.

Amerika İlham Əliyevi niyə devirsin ki? Neft siyasəti amerikanların mənafeyinə uyğunlaşdırılıb, NATO ilə məsafəli əməkdaşlıq edilir, Dağlıq Darabağ məsələsinə görə Rusiya ilə bundan artıq yaxınlaşmaz, Qərbin Qafqazlarda strateji maraqlarına qarşı əngəl çıxara bilməz və sairə. Amerikanlar aradabir ondan azərbaycanlıların haqlarına sayğı duymağı istərlər, o da bundan imtina edər. Ameriakanlar da ürəklərində «itin dişidir, donuzun dərisi» (lətifəsi kimsəyə dəyməsin) deyib əllərini yelləyərlər. Vəssəlam. Əksinə, Amerikanın Azərbaycanda ən iri həcmli qrant layihələrini Azərbaycan hökumətinin adamlarına bağlı təşkilatlar icra edərlər.

Avropada deputatlar kürü yeməkdən Azərbaycanın xəritəsini də balıq şəklində təsəvvür edirlər. Bəs, İlham Əliyevi devirmək üçün Azərbaycan müxalifətinə və ictimai təşkilatlara niyə pul verməlidirlər ki? YAP hökuməti və şəxsən İlham Əliyev Qərbin hansı strateji maraqlarına zidd addımlar ata bilər ki, onu devirmək istəsinlər? Bəlkə, Yaxın Şərqin xəritəsinin dəyişməsi üçün strateji proqramların qarşısını alıb? Bəlkə, Qərbin və Amerikanın Qafqazdan keçən enerji dəhlizlərini Qarabağ müharibəsi planı ilə təhlükəyə atıb? Bütün dünyanın gözü qarşısında hamı görmədimi ki, İlham Əliyev də, Serj Sarkisyan da Putinlə görüşmək üçün toyda dava salırlar, vəssəlam.

Yemək masasında burun qurdalamaq yaxşı adət deyil

Deməli, ildə bir dəfə, «Qərb İlham Əliyevi devirmək istəyir, bunun üçün hansısa ictimai sektorun adamlarına pul ayrılıb» bəyanatı verən hakimiyyət bülbülləri ölkənin daxilindən qaynaqlanan və günün birində partlayacaq o vulkanın iyini hiss edirlər və öz aləmlərində, profilaktik tədbirlər görürlər.

Bu həbslər və ictimai sektorun pullarını saymaq sadəcə, inqilab təhlküəsi ilə bağlı deyil. İnqilaba aparan yolun təhlükəsi ilə bağlıdır. Diktatura, həta SSRİ boyda bir ölkədə insanların ciblərini sayacaq qədər mükəmməl şəbəkəyə malik olmalıdır. Azərbaycan isə balaca ölkədir. Burada 4-5 milyon adamın cibinə nəzarət etmək o qədər də çətin deyil. Ölkədə bütün vətəndaşların fəaliyyəti onların yalnız acından ölməmək şərti ilə yaşamasına kifayət edə biləcək qədər vəsait yaratmalıdır. Bundan artığı olmamalıdır, ya da «dövlətə lazımdır» adı ilə əlindən alınmalıdır. Vətəndaş cəmiyyəti fəallarının əlindən alınası şey isə yalnız onların azadlığıdır.

Avropa da, Amerika da İlham Əliyevi və buna bənzər rejimləri devirmək istəyər. Amma bunun ən ciddi səbəbi geosiyasi oyunlar-filan deyil. Belə bir situasiyanı təsəvvürünüzə gətirin. Birisi ilə eyni masada yemək yeyirsiniz və sizinlə üzbəüz oturan həmin adam aramsız olaraq, həm də burnunu qurdalayır...

Məvalilər və bavablar

Hər dəfə bizim hakimiyyətyönlü medyada inqilab təhlükəsi ilə bağlı qeydlər oxuyanda xəyalımda bir neçə tarixi örnək canlanır. İslam xilafətinin Əməvilər dövründə ərəb olmayan müsəlmanlara “məvali” deyilirdi. Onlar elm, bilik sahibi ola bilərdilər, pul-para qazana bilərdilər, amma onların mənsəb sahibi olmasına çox qısqanclıqla yanaşardılar. Onların hətta camelərdə imam olmasına da neqativ baxardılar. Məvali yalnız hakim millət olan ərəblərin qulluğunda dayana bilərdi. Ağası ona hansı imtiyaz və azadlıqları tanısa, ondan da bəhrələnməli idi və bundan artığına ümid etməməli idi. Məvalilər o qədər də parlaq mədəniyyət sahibi olmayan ərəblərin yaratdıqları dövlətin mədəniyyətinin, elminin və siyasi arqumentasiyasının əsaslarını yaradırdılar, amma onlar məvali idilər, vəssəlam. Onlara ikinci dərəcəli sosial qrup kimi baxardılar. Hətta xristian ərəblər belə, onlardan daha isti qəbul edilərdi.

Yadıma düşən ikinci örnək isə Azərbaycan jurnalistika tarixinin ünlü isimlərindən olan Surxay Hüseynlinin təqdimatından canlanır:
"...Ərəb ölkələrində baş verən inqilablar, son 30-40 illik tarixlərində heç nə ilə fərəhlənməyən, fəxr edə bilməyən, sevinməyən insanların inqilabıdır. Insanlar bu psixoloji vəziyyətdə çox qorxuludurlar.
Bu adamlar bütün fəaliyyətləri ilə hakimiyyətə baş əyirlər, bir növ taleləri ilə barışırlar.
Məsələn, Misirdə belə adamlara “bavab”lar deyirlər. “Bavab” ərəb dilində “milli peşə” deməkdir. Mənası “gözətçi”, “günü sayan” kimi tərcümə olunur. Yəni, bu adamın vəzifəsi səhərdən axşama kimi bir qapı önündə oturub, kimin bu qapıdan girdiyinə, kimin çıxdığına baxmaqdır. Misirdə olanlar yaxşı bilirlər, bu ölkədə hər qapı önündə beş-on gözətçi otururdu. Bu, işsizliklə mübarizənin bir forması idi, heç kimə lazım olmayan adamları işə götürürdülər və iş verənlərə heç bir gəlir gətirmirdi. Bu gözətçiliyin heç bir mənası da yox idi. Misirin 80 milyon əhalisinin neçə faizinin “bavab” işlədiyini yəqin ki, bir Allah bilirdi. Bəlkə də bu həyat tərzinə öyrənmiş “bavab”lar heç vaxt üsyan etməzdilər. Bəlkə də diktatorlar üçün bədbəxtlik bu oldu: “bavab”ların övladları dünyaya gəldi. Onlar artıq “bavab” da ola bilməyəcəklərini yəqin etdilər, çünki atalarını kiminsə darvazası önündən qovmayacaqdılar ki...
Ümidləri yalnız onunla ölmürdü ki, iş yerlərində öz ataları oturublar. Hakimiyyətin aşağıdan yuxarıya qədər öz “bavab”ları vardı.
Hüsnü Mübarək 30 il Misirin prezidenti olmuşdu. Müəmmər Qəzzafi öz dili ilə desək, 42 il idi Liviyada “ümummilli lider” işləyirdi. 40 yaşlı liviyalı ölkəsinin son 40 illik tarixində Qəzzafidən başqa heç kimi tanımır. O, başa düşür ki, nə onun, nə övladlarının, nə də nəvələrinin bu ölkədə heç bir perspektivi yoxdur. Çünki Qəzzafinin övladları belə nə qədər ki, kürsüdə ağlını itirməyib, çürüməyib, hakimiyyətə göz dikə bilməzlər...” (“Azadlıq” qəzeti, 12 mart 2011-ci il).

***

İndi Azərbaycanda “məvalilər” hakimiyyətin avtoritar mövcudluğunun arqumentləşdirilməsi ilə məşğuldurlar. Onlar milyonlarla insanın hüquqsuzluğu üzərində bir ovuc müftəxorun etdiklərini “siyasi hakimiyyətin ağıllı kombinasiyaları” kimi arqumentləşdirir və insanların bu müstəbidliyə qarşı etirazlarını nifrinlə qarşılayan ictimai rəy yetişdirmək istəyirlər. Həm də bir az əmindirlər ki, onların ictimai təqdimatı, sosial simaları bu hakimiyyətin sayəsində müəyyənləşməyib, bu gün nifrətlə yanaşdıqları sosial düşərgənin hesabına müəyyənləşib.
İkinci tərəfdən isə onlar Azərbaycanda yetişməkdə olan nəslin və nəsillərin “bavab” taleyi ilə razılaşması üçün əllərindən gələni edirlər. Çünki onların özləri, heç bir milli və ictimai faydası olamayan işlərlə görəvləndiriliblər. Eynən, “bavab”lar kimi...

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1