Ramiz Mehdiyevin kitabını oxuyan varmı?

29-08-2014, 12:03
0
Ramiz Mehdiyevin kitabını oxuyan varmı?

PA rəhbərinin anlaşılmaz mənbəşünaslığı fəlsəfəni də çıxılmaz vəziyyətdə qoyur (Seymur Həzi bunu belə yazardı)

Ramiz Mehdiyev Moskvada Qarabağ haqqında kitab dərc etdirib. Kitabın adı da maraqldır. “Dağlıq Qarabağ: mənbələr əsasında oxunmuş tarix”.

Təbii ki, Ramiz Mehdiyevin kitap yazmaq, həm də rus dilində yazıb Rusiyada çap etdirmək imkanları genişdir. Filosof və akademik Mehdiyev Prezident Administrasiyasının rəhbəri kimi də olduqca məşğul adamdır. Amma buna baxmayaraq, cənab Mehdiyevin ruslar üçün Qarabağ həqiqətləri haqqında kitab yazmağının bir siyasi əhəmiyyəti ola bilər. Axı, Ramiz Mehdiyevi Azərbaycan hakimiyyətinin daxilində Rusiya oriyenrtsiyasının da rəhbəri kimi qələmə verirlər.
Bir filosof üçün tarix ilk sırada dayanan elmlərdən biridir. Amma Mehdiyevin bir filosof olaraq mənbəşünaslığa qədər dərin qatlara enməsi ruslar üçün anlaşılmaz ola bilər. Nəzərə almaq lazımdır ki, dünyada Şərq-müsəlman tarixi üzrə iki avanqard məktəbin biri anglosaks, o biri isə panslavyan məktəbidir. Yəni, ruslara Qarabağ, onun Aran və ya Dağlıq hissəsi barədə həqiqətləri Mehdiyev kimi administratorun yox, Rusiya tarixçiliyində də tanınan, qəbul edilən başqa Azərbaycan tarixçilərinin əsərləri ilə təqdim etmək daha keçərli olardı. Axı, Rusiyada qafqazşünaslıq bir elm sahəsi olaraq həm rəsmi, həm də qadağan edilən bütün faktları ilə birlikdə həm tarixçilərə, həm də siyasətçilərə yaxşı bəllidir. Bu kitab 200-300 min tirajla dərc olunmadığından (yəqin ki, 5-6 min tirajı var) geniş oxucu üçün də nəzərdə tutulmayıb. Buna görə də akademik Ramiz Mehdiyev belə bir kitaba sadəcə olaraq, ön söz yazmaqla kifayətlənə bilərdi.
Azərbaycan praktikasında isə Mehdiyevin Qarabağ tarixi yazmasının düşər-düşməzi də ola bilər. Yəni, tarixçilər bu sahənin monopoliyaya alındığını güman edib yuxarıdan əmr gözləyə bilərlər.
Mehdiyev rus siyasətinin elitasını tanıyan adamdır, oralarda yaxşı münasibətləri var, hətta bir qayda olaraq, istirahət zamanlarını da Moskva ətrafında keçirir. Yəni, özünü Rusiyada daha rahat hiss edir. Buna görə də onun rus siyasətçilərinə Qarabağı anlatmaq üçün kitab yazmaqdan daha təsirli vasitələri mövcud olmalıdır. Əgər yeganə əlacı kitab yazmağa qalıbsa, deməli, Rusiyada bütün başqa variantlar tükənib.
Rus siyasətini və siyasətçilərini yaxşı tanıyan akademik Ramiz Mehdiyev yaxşı bilməlidir ki, rus siyasətçiləri yaşanmış tarixlə deyil, nəzərdə tutulan tarixlə ilgilənməyi sevirlər. Tarixçilər yaşanmış tarixlə bağlı kitabları publika üçün yazsalar da, siyasətçilər üçün nəzərdə tutulan tarix haqqında kitab yazılmalı idi. Mənbəşünaslığın isə heç yeri deyil.
Mənbəşünaslığın qara işləri ilə rus siyasətinə təsir göstərmək mümkün deyil.
İndi o boyda Ukrayna öz tarixini ruslara sübut edə bilmir. Rusiya siyasətçiləri iddia edirlər ki, Ukrayna, əslində, yoxdur. Mehdiyev Rusiyanın hökumət sarayında oturan həmin adamlara Dağlıq Qarabağın varlığını, üsətlik Azərbaycana məxsus olduğunu tarix haqqında kitab yazmaqla sübut etmək istəyirsə, o zaman akademikin dərin pessimizm içində olduğunu güman etmək olar.
Bəs, akademik niyə bu qədər pessimistdir?
Əslində, Azərbaycan hökuməti rusların xoşuna gəlmək üçün bütün mümkün və mümkün olmayan addımları atır. Bəziləri iddia edə bilərlər ki, Azərbaycan neftini Qərbə Rusiyanın iradəsinin əleyhinə satır, NATO ilə hansısa məktəb proqramları səviyyəsində əməkdaşlıq edir və bütün bunlar ruslardan asılı olmayan müstəqil siyasətin elementləridir.
Neft, zatən satılmalıdır. Rusiya da, Azərbaycan da nefti eyni bazarda satır. Burada ruslarla polemika yoxdur.
Rusiya ilə Azərbaycanın strateji maraqları avtoritarizmin dərinləşdirilməsi sahəsindədir və Azərbaycan hökuməti də buna uyğun olaraq bütün addımları atır. Rusiya Qərbin demokratiya blokuna qarşı avtoritar rejimlərin blokunu yaradır və bu, Rusiyanın nəzərdə tutulan tarix üçün işlədiyi konsepsiyadır. Azərbaycan da vətəndaş cəmiyyətini israrla məhv etməklə Putinə dünyanın siyasi mənzərəsinin rus dilində ifadəsi üçün bu dəstəyi verir.
Cənab Mehdiyevin rus dilində tarixdən və ya həndəsədən kitab nəşr etdirməsinin də heç bir fərqi yoxdur. Bu kitab, Rusiya düşərgəsində olmaq anlamı verən siqnallardan biridir. Ruslar ermənilərə hərbi-iqtisadi-siyasi dəstək, Azərbaycana isə mənəvi-siyasi dəstək verməklə uzaqda-yax;nda olan daha çox ölkədə avtoritar rejimin gücləndirilməsində maraqlıdırlar ki, Azərbaycan da bu standartlara tam uyğun olan siyasət aparır.
Buna görə də, cənab Mehdiyevin Moskvada çap etdirdiyi kitabın elmi əhəmiyyəti yoxdur, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik siyasi dəyəri sıfra bərabərdir, 150 milyonluq Rusiyanın ictimai rəyinə təsir etmək gücü isə heç, nəzərdə tutulmur.
Bu kitab sadəcə olaraq, Mehdiyevin «mən burdayam» replikasıdır və bundan başqa bir şey deyil.
Akademiki bu kitab münasibəti ilə təbrik edə bilərikmi?

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1