Azərbaycanda gəncliyi niyə sevmirlər?

11-06-2014, 02:11
0
Azərbaycanda gəncliyi niyə sevmirlər?

Dünən “mediaforum”da anti-ədəbiyyat qurumu - Yazıçılar Birliyinin qurultayı haqqında onun üzvlərindən soruşublar, nəğməkar şair Baba Vəziroğlu deyib: “El fəlsəfəsi var, təzə gəlin heç vaxt gedəni əvəz eləmir. Təzə gəlin gedənin atasına rəhmət oxutdurur. Ona görə Anar müəllim öz namizədliyini versə, təbii ki, dəstəkləyəcəyəm”.
Mən Anarı dəstəkləmək məsələsinə bir söz demirəm, heç AYB ilə bağlı nə baş verdiyi maraqlı da deyil. Ədəbi proseslərə təsirini itirmiş, bir növ “Ədəbiyyat Nazirliyi” funksiyasını yerinə yetirən, bütün qaranlıq, çirkli işləri ilə digər nazirliklərdən fərqlənməyən qurumdur, qoy cəhənnəm olsun.
Üzərində dayanmaq istədiyim Vəziroğlunun o qurumun indiki rəhbərliyini dəstəkləyəcəyini söyləyərkən gətirdiyi “əsas”dır, “təzə gələn gedənin atasına rəhmət oxutdurur” məntiqindən çıxış etməsi, bunu hətta “fəlsəfə” kimi qələmə verməsidir. Eyni düşüncə indi Azərbaycanda böyük çoxluğa hakimdir, elə bəndəniz də fərqli düşünmür, hansısa nazir-mazir işdən çıxarılanda bunu sevinclə, toy-bayramla qarşılayanlara, o nazirin dəyişdirilməsi ilə guya müsbətə doğru nəyinsə dəyişəcəyini düşünənlərə kinayə ilə yanaşır. Azərbaycanın başının bəlası hansısa məmur deyil, bütövlükdə sistemdir. Sistem qaldıqca, onun vintciklərinin əvəzlənməsi yaxşı heç nə vəd etmir, hətta bir qayda olaraq gələn doğrudan da gedənə rəhmət oxutdurur. 
Şəxsən mən təhsil naziri Mikayıl Cabbarovun hər gün yenə əcaib-qəraib icadları haqqında oxuyanda, eşidəndə Misir Mərdanovu dərin ehtiramla anır, onun həsədini çəkirəm. Digərləri ilə bağlı da həmişə eyni hissləri yaşayırıq. Hətta vəziyyət elə yerə çatıb ki, çoxları Heydər Əliyevin hakimiyyət illərini nostalji ilə xatırlamata başlayıblar, onda heç olmasa əldə “Motodrom”-zad, üç-beş qəzet, parlamentdə bir-iki müxalif deputat var idi. Indi demokratiyanın imitasiyasından belə imtina olunub. 
Bəli, problem sistemdədir. Bu sistem qalırsa, onun hansısa vintlərini dəyişməklə Azərbaycanda müsbət nəyinsə dəyişəcəyini təxmin etmək belə mümkünsüzdür.
Bütün bunlar öz yerində. Amma dərd orasındadır ki, bizdə “gələn gedənə rəhmət oxutdurur” qənaətində olanların çoxu heç də ona görə belə düşünmür ki, Azərbaycanda çağdışı, gücünü yalan və talandan alan bir sistem var, ona görə də bizdə gələnin gedəndən yaxşı olması mümkün deyil. Çoxluq ona görə belə düşünür ki, dəyişimə səmimi-qəlbdən nifrət edir. Dəyişimdən qorxur. Yeniliyə qapalıdır. 
Dəyişiklik, yenilik barədə Azərbaycan insanının beynində cin-şeytan obrazı yaradılıb. “Bu günə də şükür!” - bizim insana az qala beşikdən öyrədilən budur. 
Nəticə göz önündədir. Bütöv bir toplum amansız bir sistemin əsirinə çevrilib. Onu heç vaxt bundan yaxşısının mümkün olmayacağına inandırıblar. 
Bu gün Azərbaycanda gəncliyə münasibətə baxın. Əksəriyyət onlardan şikayətçidir. Çoxluq onları qınamağı, söyməyi sevir. Geyimindən tutun düşüncəsinə, hətta dinlədiyi musiqilərədək gənclik çoxluqda nifrət və qıcıq yaradır. Bu, dəyişikliyə olan nifrət və qıcıqdır. Bu, eyni zamanda hər şeyin indi mövcud olduğu kimi qalması istəyi, arzusudur.
Gənclik (əlbəttə, yalnız yaşca yox, həm də ruhca, başca gənclik!) topluma dinamizm gətirir, rəngarənglik gətirir, qaynarlıq, hərəkətlilik gətirir. Bu isə dəyişimin, yeniliyin önünü aça, onu sürətləndirə bilər. Odur ki, hər addımda azad gəncliyə qarşı kin və nifrətlə silahlananları görürük. Bu silahlanma isə sistemin işinə yarayır, onu çöküş, süqut təhlükəsindən qoruyur. Çünki dəyişimi ləngidir. Ən azı bir müddət. 
Gəncliyə nifrət edən bir xalqın gələcəyi ola bilməz.
Onun nəsibi qaranlıqlar və bataqlıqlardır.

 

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1