Diktatorlar nə ilə yemlənirlər?

6-06-2014, 02:12
0
Diktatorlar nə ilə yemlənirlər?

«Qorxu duası»nı necə əldə etmək olar

Sosial qorxu fenomeni

Totatilatirzm istənilən cəmiyyət üçün fəlakətdir. Tarix boyu bəşəriyyətə və ya ayrı-ayrı insanlara qarşı ən dəhşətli cinayətlər, məhz, totalitar cəmiyyətlərdə baş verib və bu, davam etməkdədir. Amma totalitarizm sosial qorxunun üzərində bərqərar edilir. Sosial qorxunun əsas aspekti isə əlində konkret hakimiyyət, inzibati təsir imkanları olan tərəfdən olan qorxudur. Sosial qorxu bir çox məqamlarda bioloji qorxunu da üstələyir. Məsələn, Azərbaycanda geniş yayılmış intiharların motivi budur. Hakimiyyətin inzibati dibsizliyindən qorxan insan özünü yandırır, öldürür və s. Hərçənd, insanın yanğından və ya ölümdən qorxusu bioloji qorxudur, heyvani instinktdir. Belə çıxır ki, sosial qorxu mahiyyəti və miqyası etibarı ilə heyvani qorxudan daha dəhşətlidir.  Sosial qorxu belə bir təəssüratın üzərində bərqərardır ki, rəis (müdir, prezident və s) vətəndaşa qarşı bütün proqnozlaşdırıla bilən və bilinməyən cinayətləri törədə bilər, çünki o, bütün qaydalardan və qanunlardan güclüdür.

Qorxu duası varmı?

Totalitar rejimlər, məhz, bu qorxunun üzərində yaradılır və totalitar qorxunun bərqərar edilməsi üçün hökmən bir diktatorun mövcudluğu gərəkdir. Buna görə də sosial qorxuya qarşı peyvənd axtarışı diktatorların psixologiyasının öyrənilməsindən başlayır. Axı, diktatorun psixoloji ölçülərini araşdıran və onu dərk edən cəmiyyət diktatorun adi, sıradan biri olduğunu, hətta bir çox keyfiyyət göstəricilərinə görə orta statistik səviyyədən yuxarıda dayanmayan birisi olduğunu kəşf edir. Bu zaman diktatorun sosial qorxu maşını olan totalitarizm çökür.  

Meşə təəssüratı

Sosial qorxu heyvani qorxudan daha böyükdür və daha dəhşətlidir. Amma müqayisə bütün hallarda onu da dərk etməmə imkan verir. Məsələn, toyuq üçün tülkü yırtıcıdır. Amma pələngin qarşısında tülkü toyuqdan da acizdir. Totalitar cəmiyyətlər bu müqayisəni aparmaq imkanından məhrumdurlar. Deyək ki, Türkmənbaşı türkmənlərin hamısının qorxduğu dəhşətli bir qüdrət sahibi idi. Eyni zamanda,  bir türkmən müqayisəolunmaz dərəcədə böyük güc üzərində sərəncam verən Barak Obamanı Türkmənbaşı ilə müqayisə edə bilməz. Bu misalı Azərbaycan üzərində də uğurla tətbiq edə bilərsiniz. İlham Əliyev v Barak Obama inzibati statuslarına görə eyni ranqda dayanırlar. Amma bir ABŞ vətəndaşının Obamaya münasibəti ilə bir Azərbaycan vətəndaşının İlham Əliyevə münasibətini  müqayisə edin. Azərbaycanlının təhtəlşüurunda belə bir təsəvvür var ki, Obama da İlham Əliyevdən qorxmalıdır, çünki o, qorxuludur və nə istəsə eləyə bilər. 

Tələbə yoldaşın prezident olsa...

Bu, orta statistik sosial indvidiumun kompleksidir. Amma diktatorun özünün də psixoloji kompleksləri var və bu komplekslər dərk edilməlidir. 

Bir anlıq belə adamı təsəvürünüzdə canlandırın. Sizin tanıdığınız adam tənqidi sevməz, başqalarının rəyini nəzərə almaz, eqoistdir; qapalıdır, qeyri-səmimidir, həmişə özündən razıdır, tamahkardır; özünün təxəyyülündə canlandırdığı təsəvvürlərlə yaşayar, gerçəkliklə ilgilənməz və onun rəyi ilə hesablaşmayanların hamısına düşmən gözü ilə baxar...

Belə bir adam sizin tələbə yoldaşınız olsa, onunla bir çevrədə olmamağa çalışarsınız, belə bir müdiriniz olsa, onun yanında işləməməyə çalışarsınız. Bəs, belə bir adam yaşadığınız ölkənin prezidenti olsa, o zaman neyləyərsiniz? Təsəvvür etmək dəhşətlidirmi, elə deyilmi? Çünki siz bunu etiraf etməyə qorxursunuz. Amma bütün totalitar ölkələrin başında dayanan avtoritar liderlərin psixoloji tipi budur. 

Cəzadan ləzzət almağın sirri

Avtoritar liderlər ələ keçirdikləri ölkələri özlərinin bir neçə başqa göstəricilərinin girovuna da çevirirlər. Hakimiyyət, byuxarıda sadalanan keyfiyətləri daha da mürəkkəbləşdirir və... onlar iki daha ciddi problemin əsiri olurlar: böyüklük və izlənmə maniyaları. 

Böyüklük maniyası diktatorda hakimiyyət sadizmi yaradır. O, cəzaları yalnız özünü qorumaq üçün vasitə kimi tətbiq etmir, həm də cəzalandırmaqdan ləzzət alır. Diktator hakimiyyətin ona verdiyi imkanlardan ləzzət almaq üçün yuxarıda sadalanan bütün psixoloji qüsurları işə salır. Cəza mexanizmi ona həm də böyüklük maniyasını yaşatmaq, qidalandırmaq üçündür. Böyüklük maniyasının ən populyar görsənişlərindən biri müasir diktatorların seçki nəticəlırində ifadə olunur. 70 faizdən yuxarı səs yığdığını iddia edən bütün diktatorlar bu maniyadan əziyyət çəkirlər! İstisnasız olaraq! 

İzlənmə maniyası isə təbiət etibarı ilə xudpəsənd olan diktatorun hamını düşmən kimi qəbul etməsi ilə bağlıdır. Prinsipcə, avtoritar rejimlərdə xarici düşmən axtarışının mühüm bir səbəbi də bununla bağlıdır. Bu düşmənlər olmasa belə, diktator onu uydurmalı və özü də bu duyğunun əsirinə çevrilməkdən ləzzət almalıdır. Axı, o, böyükdür,əzəmətlidir və dünyadakı bütün güclər onun paxıllığını çəkir, onu yox etmək istəyirlər. 

Psixologiyanın uğurları

Bu, əlbəttə, paranoidal psixoz vəziyyətidir və mərhələlər üzrə təsnifləşdirmək mümkün idi. Məsələn, ekspertlər belə hesab edirlər ki, Stalin, Hitler, Müəmmər Qəddafi kimi avtoritar liderlərdə paranoidal psixozun əlamətləri daha güclü müşahidə edilib. 

Paranoidal psixoz labüd olara natamamlıq kompleksinin hiperkompensasiyasını doğurur. İstənilən psixoloqla məsləhətləşib bu defektin nəticələri barədə öyrənə bilərsiz. Əlində hakimiyyət olan insanların bu natamamlıqdan əziyyət çəkməsimi, yoxsa, belə birisinin hakimiyyətdə olmasımı daha dəhşətlidir? Bu, ritorik sualdır və cavab hər iki halda fərqli deyil...

 

QƏNIMƏT ZAHID

скачать dle 12.1